IX siniflər üçün sınaq imtahanı keçiriləcək –Qeydiyyat başlanıb

IX siniflər üçün sınaq imtahanı keçiriləcək –Qeydiyyat başlanıb

 

2017-ci ildən Azərbaycanda ilk dəfə IX sinif şagirdləri üçün sınaq imtahanları keçiriləcək.
 

Sozcu.info Lent.az-a istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları” ilə bağlı keçirdiyi brifinqdə deyib.

M. Abbaszadə bildirib ki, şagirdlər imtahan.az saytında qeydiyyatdan keçərək sınaq imtahanlarında iştirak edə bilərlər: "IX sinif buraxılış imtahanlarının I mərhələsinə dair sınaq imtahanlarına artıq qeydiyyat başlanılıb".

DİM sədri qeyd edib ki, 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək.

IX sinif buraxılış imtahanlarının formatının dəyişməsinin iki zərurətdən irəli gəldiyini deyən M. Abbaszadə bildirib ki, DİM publik hüquqi şəxs olduğu üçün imtahanları uyǧunlaşdırmaq lazım idi: "Digər zərurət isə kurikulum proqramına keçidlə baǧlıdır".

IX sinif üzrə buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə təşkil olunacaq.

Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10-u açıq olmaqla 30 test tapşırığı təqdim ediləcək.

Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (essesin) qiyməti nəzərə alınacaq.

İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcək. Azərbaycan və rus dilləri istisna olmaqla, tədrisi digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək. Birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

Nəzərinizə çatdıraq ki, indiyə kimi ancaq XI sinif şagirdləri üçün TQDK tərəfindən sınaq imtahanları həyata keçirilirdi.



Oxşar Xəbərlər

Xəbər lenti