8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunmaqla yanaşı, mərhum şair Söhrab Tahir anıldı.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində "Borcalı” İctimai Birliyinin sədri Kərəm Məmmdli və birliyin nümayəndələrinin iştirakı ilə Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində görüş keçirilmişdir. Görüşdə Kaxeti qubernatorunun müavini Avtandil Qoqoladze, rayon deputatının köməkçisi Aleksi Canqotadze, Laqodexi Rayon İcra Hakimiyyətinin Qabal kəndi üzrə nümayəndəsi Namaz Allahverdiyev, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvü Mehman Rəsulov, eləcə də müxtəlif təşkilatların rəhbərləri, məktəb direktorları, tanınmış ziyalılar və bir neçə orta məktəbdən tədbirə qatılan şagirdlər çıxış etmişdir.
Görüş zamanı Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunmaqla yanaşı, mərhum şair Söhrab Tahirin xatirəsi də anılıb və onun yaradıcılığı ilə bağlı toplantı iştirakçılarına ətraflı məlumat verilib.
Söhrab Tahirin həyat və yaradıcılığı
Xatırladaq ki, Söhrab Tahir 1926-ci il mayın 27-də İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959-1961–ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991–ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilmişdir.
Xalq şairi uzun illər şəkər xəstəliyindən əziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənmişdir. Bunun nəticəsində şairin ayaqlarında qanqrena getmişdir. Sənətkarın 30 mart 2016-cı ildə sağ ayağı, 4 aprel 2016-cı ildə isə sol ayağı amputasiya edilmişdir. Amma buna baxmayaraq görkəmli şair 4 may 2016-cı ildə dünyasını dəyişmişdir. Xalq şairi II Fəxri xiyabanda dəfn olunmuşdur.
Soydaşlarımız üçün müqəddəs gün...
Tədbirin aparıcısı tanınmış şair, "Qabal - bura vətəndir!” kitabının müəllifi Fərman Qulamoğlu iştirakçıları salamlayaraq Həmrəylik Günü və Yeni il münasibəti ilə onları təbrik etmişdir. O qeyd etmişdir ki, toplantının məqsədi "Borçalı” İctimai Birliyi ilə birgə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etmək və mərhum şairimiz Söhrab Tahiri anmaqdır. F.Qulamoğlu bildirib ki, 31 dekabr dünya azərbaycanlıları və Gürcüstanda yaşayan soydaşlarımız üçün müqəddəs bir gündür.
"Azərbaycançılıq, Azərbaycan türkçülüyünün böyüklüyü ətrafında bütün dünya azərbaycanlılarının birləşməsində mərhum ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var. Biz şadıq ki, Gürcüstan azərbaycanlıları Vahid Azərbaycan ailəsinin üzvüdür. Və biz Gürcüstan azərbaycanlıları olmaqla fəxr edirik” – deyən aparıcı vurğulamışdır ki, son 4-5 ildə Gürcüstanda milli münasibətlərdə doğrudan da şəffaflıq, gürcü və azərbaycanlılar arasında qarşılıqlı hörmət mövcuddur.
"Biz burda din içində din, dil içində dil bəsləyirik”
Tədbirdə çıxış edən Qabal kənd ziyalısı Hüseyn Məmmədov toplantı iştirakçılarını Həmrəylik günü və Yeni il münasibətilə təbrik etdikdən sonra "Borçalı” İcitmai Birliyinin sədri Kərəm Məmmdovun elmi-ictimai fəaliyyətindən bəhs etmişdir: "Mən Kərəm müəllimi qiyabi olaraq tanıyıram. Azərbaycan televiziyasında yayımlanan bir neçə verilişdə Azərbaycanın milli dəyərləri, folkloru, keçmişi, gələcəyi ilə bağlı çıxışlarını dinləmişik və hər zaman da yüksək dəyərləndirmişik”.
Daha sonra Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışan kənd ziyalısı soydaşlarımızın birliyinin vacib olduğunu qeyd etmişdir: "Mən belə hesab edirəm ki, azərbaycanlılar bir olmalıdır, harada yaşamasından asılı olmayaraq, azərbaycanlı adını həmişə uca tutmalıdır”. Hazırda Laqodexi rayonunda 5 Azərbaycan məktəbi olduğunu deyən H.Məmmədov, bu təhsil ocaqlarının fəaliyyət göstərməsində zəhmətkeş və vətənpərvər müəllimlərin əvəzsiz xidməti olduğunu vurğulamışdır. "Biz burda din içində din, dil içində dil bəsləyirik. Dinimizi, dilimizi qoruyub saxlayırıq. Biz Gürcüstan ictimaiyyətinə inteqrasiya etməsək, onlarla heç bir münasibət qura bilmərik” – deyə çıxışını yekunlaşdırmışdır.
"Bizim millətlər, dövlətlər arasında həmişə münasibtələr şəffaf olub”
Bundan sonra çıxış üçün söz Laqodexi rayon deputatının köməkçisi Aleksi Canqotadzeyə verilmişdir. İlk olaraq tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edən Aleksi Canqotadze, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əlamətdar bir tarix olduğunu demişdir.
Gürcüstan-Azərbaycan dostluğundan danışan deputat köməkçisi bildirmişdir ki, ölkələrimiz arasında həmişə sıx münasibətlər olub: "Bizim aramızda heç vaxt düşmənçilik olmayıb, münasibətlər həmişə şəffaf olub. İnanıram ki, bundan sonra bu münaisbətlər daha da inkişaf edəcək”.
Gürcüstanda insan hüquqlarına böyük diqqət verildiyini deyən Aleksi Canqotadzenin sözlərinə görə, qeyri-gürcülərin, o cümlədən də azərbaycanlıların hüquqularına hər zaman dövlət səviyyəsində hörmətlə yanaşılıb. O, çıxışında həmçinin soydaşlarımızın seçki hüququndan danışmışdır: "Gürcüstanda seçkilər artıq daha demokratik keçir. Hər bir millətin nümayəndəsi kimi, azərbaycanlılar da seçib-seçilmək hüququna malikdir. Bundan başqa, Gürcüstanın Diaspor qurumu həmişə çalışır ki, müxtəlif millətlərin nümayəndələri arasında yaxın təmaslar qurulsun. O cümlədən, azərbaycanlılarla yaxın münasibətlərə də biz böyük önəm veririk. Çünki bizim millətlər, dövlətlər arasında qonşu, qardaş, dost kimi həmişə münasibtələr şəffaf olub”.
"Dövlətlərimiz arasındakı münasibətlər getdikcə inkişaf etməkdədir”
Daha sonra Laqodexi icra başçısının müavini Avtondil Qoqoladze çıxış edərək bildirmişdir ki, Azərbaycan və Gürcüstan dövlətləri arasında münasibətlər sarsılmazdır: "Mən əminəm ki, Gürcüstanda hakimiyyətə hansı qüvvələrin gəlməsindən asılı olmayaraq, ölkələrimiz arasında münasibətlər dəyişməz qalacaqdır. Çünki biz qonşu dövlətlər olmaqla yanaşı, millətlərimiz arasında yaxın dostluq əlaqələri var və bu münasibətlər getdikcə inkişaf etməkdədir”.
Azərbaycanda dostlarının olduğuna diqqət çəkən icra başçısının müavini dedi ki, o, hər zaman bu dostluqdan məmnun olub.
Çıxışının sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münaisbəti ilə qonaqları təbrik edən Avtondil Qoqoladze "Arzu edirəm ki, 2017-ci ildə hər şey istəyinizə uyğun olsun” - deyə vurğulamışdır.
"Qərara gəldik ki, birinci Kaxetiyadan Kartliyə gedək”
"Borçalı” İctimai Birliyinin sədri Kərəm Məmmədov çıxışına tədbir iştirakçılarını salamlamaqla başlayıb: "Xoş gördük, əziz soydaşlar, əziz dostlar. Mən şox şadam ki, belə təntənəli bir bayramı biz bir yerdə keçiririk. Açığı, bizim fikrimiz vardı ki, Qırmızı körpü vasitəsilə gələk. Son anda bu qərara gəldik ki, Kartlidən Kaxetiyaya gəlməkdənsə, birinci Kaxetiyadan Kartliyə gedək.
Məndən öncə çıxış edənlər dostluq, qardaşlıq haqqında danışdılar. Bu dostluq, qardaşlıq yeni deyil. "Kartlis Çxovreba”nın ("Kartlinin Həyatı” -red.) yazdığına görə, bu dostluq, qardaşlıq eradan əvvəl 6-cı yüzillikdən başlayır. Belə ki, bu torpaqlar uğrunda bizim əcdadlarımız olan buntürklər İberlərlə bir yerdə əvvəlcə Assur hökmdarı Tiqlatpalasara (?), ondan sonra Makedoniyalı İsgəndərə, Əhəmənilərə, Sasanilərə qarşı çiyin-çiyinə vuruşublar. Bu qardaşlıq Atrak xan və David Armaşanebelidən gələn qardaşlıqdır. Bu qardaşlıq Simon xan və İmamqulu xandan gələn qardaşlıqdır. Eyni zamanda bu qardaşlıq 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti ilə həmin dönəmin Gürcüstan hökuməti (?) arasındakı qardaşlıqdır. Azərbaycan və Gürcüstan yeganə dövlətlərdir ki, 1919-cu ilin avqust ayının 29-da dostluq, qardaşlıq və hərbi əməkdaşlıq haqqında müqavilə bağlayıblar. Belə ki, o vaxt Azərbaycan silah və zabit çatışmazlığı səbəbindən Gürcüstan hökumətinə müraciət etdi ki, hər iki məsələ ilə bağlı köməklik göstərsin. Eyni zamanda Azərbaycan xalqı, Azərbaycan dövləti də bu dostluğu, bu qardaşlığı nəzərə alaraq, imperialist güclər tərəfindən enerji krizisinə məruz qalmış Gürcüstana öz qardaşlıq köməyini göstərdi. Çünki biz özümüz istidə oturub,qardaşlarımızın soyuqda qalmasına göz yuma bilməzdik”.
"Biz iki qardaş xalq arasından dostluq körpüsüyük”
"Borçalı” İctimai Birliyinin sədri vurğuladı ki, bu gün Azərbaycanla Gürcüstanı təkcə dostluq əlaqələri deyil, eyni zamanda strateji maraqlar, tranzit yollar, neft kəməri və ümumi düşmənlərə qarşı mübarizə birləşdirir: "Bəs biz Gürcüstan azərbaycanlılarının çiyninə düşən yük nədir? Biz bu iki qardaş xalq arasından dostluq körpüsüyük. Və bu iki xalqın qardaşlaşması yolunda həmişə də bu körpü rolunu oynamağa hazırıq, qardaşla qardaşın arasında mütləq körpü olmalıdır”.
Kərəm Məmmədov çıxışının sonunda tədbirdə iştirak edən Gürcüstan dövlətinin rəsmilərinə öz dillərində - gürcüsə müraciət etdi: "Qaomarcos azerbaycaneli sakartvelo meqobrebis. Cma Cmitan Clieli”. Qoy bizim dostluğumuz əbədi və daimi olsun. Bu işdə bizim boynumuza nə cür xidmətlər düşürsə, biz buna hazırıq. Vaxtilə Promotey odu insanlara gətirdiyi kimi, bizim "Borçalı” İctimai Birliyi də bu dostluq yolunda bir Promotey kimi həmişə şölələnəcək, həmişə işıqlı yollar göstərəcək. Hər birinizə təşəkkür edirəm”.
"Gürcüstan Azərbaycanın strateji müttəfiqidir”
Tədbirdə qonaq qismində iştirak edən tanınmış politoloq Natiq Miri də çıxş etdi. İlk dəfə olaraq Gürcüstanda soydaşlarımızla və Gürcüstan rəsmiləri ilə görüşdə iştirak etdiyini deyən politoloq "biz Gürcüstana dost olaraq gəlmişik” – dedi: "Gürcüstan Azərbaycanın strateji müttəfiqlərindən biridir. Bu gün regionda Gürcüstan-Azərbaycan-Türkiyə üçlük formatı mövcuddur. Və bu formatda hərbi-siyasi-iqtisadi yöndə çox ciddi əməkdaşlıq var. Bu əməkdaşlıq təbii ki, həm Gürcüstanın, həm də Azərbaycanın dövlətçiliyinə xidmət edir.
Mənim istəyim budur ki, bizim soydaşlarımız, bu gənclər gələcəkdə Gürcüstan cəmiyyətinə daha yaxşı inteqrasiya edə bilsinlər. Bunun üçün mütləq mənada gürcü dilini öyrənmək lazımdır. Gürcüstanda yaşayan soydaşlarımız üçün BDU-nun Qazaxda filialı açılıb və hazırda bunun bazaları yaradılır. İnanıram ki, gələcəkdə övladlarınızın, bu tədbirdə iştirak edən balaların BDU-nun Qazax filialında təhsil alması üçün "Borçalı” İctimia Birliyi əlindən gələni əsirgəməyəcək. Ancaq bu yetərli deyil. Biz istərdik ki, sizin gənclər həm də Gürcüstanın öz universitetlərində gürcü dilində təhsil alsın. Mən istərdim ki, azərbaycanlılardan peşəkar hüquqşünaslar, iqtisadçılar, informasiya texnologiya mütəxəssisləri yaransın ki, Azərbaycanın Gürcüstanda güclü bir toplumu olsun. Ayrıca, bu da tarxidən bəllidir ki, Azərbaycan toplumu bütün illərdə, zamanlarda Gürcüstan dövlətinə xidmət edib. Yəni heç bir zaman azərbaycanlılar Gürcüstan dövlətinin əleyhinə çıxmayıb və çıxmayacaq. Ona görə də gələcəkdə Gürcüstan dövlətinin güclü olması üçün sizin də mütləq mənada bu dövlətin güclülüyünə öz ağırlığınızı qoymağınız lazımdır. Bu da yalnız təhsildən keçir. Siz nə qədər təhsilli olsanız, bu toplum daha çox inkişaf edəcək”.
"Azərbaycan toplumu olaraq bir olun, hürr olun”
N.Miri Gürcüstandakı azərbaycandilli məktəblərin təhsil problemlərindən də danışdı: "Bu gün birmənalı deyə bilərəm ki, Kərəm müəllimin təşəbbüsü ilə Azərbaycan Təhsil Nazirliyində çox ciddi bir görüş oldu və bu görüşün nəticəsi olaraq prezidentə müraciət olundu. 17 min Azərbaycan dili və Ədəbiyyat kitbaları Gürcüstan Elm və Təhsil Nazirliyinə göndərildi və tezliklə Gürcüstanda Azərbaycan məktəblərinə çatdırılacaq. Amma bu son deyil. Biz düşünürük ki, gələcəkda kordinasiyalı şəkildə Gürcüstan dövlət strukturları ilə birgə Azərbaycan məktəblərində olan problemləri tədricən həll etmək mümkün olacaq.
Biz bilirik ki, azərbaycanlıların təhsillə yanaşı, kənd təsərrüfatı sahəsində də müəyyən problemləri var. İnanıram ki, bu məsələrin hamısı kordinasiyalı şəkildə həm Azərbaycan, həm Gürcüstan dövləti, həm Azərbaycanın Gürcüstandakı səfirliyi və "Borçalı” cəmiyyətinin birgə fəaliyyəti iləa həll olunacaq. Sizdən xahişimiz odur ki, Azərbaycan toplumu olaraq bir olun, hürr olun”.
Politoloq bildirdi ki, hazırda regionda çox ciddi siyasi proseslər gedir: "Bilirsiniz ki, yeni kommunikasiya sistemləri çəkilir. Avropadan başlayan yeni kommunikasiya sistemi Hindistana, Çinə qədər uzanır. İkinci bir xətt Şimal-Cənub kommunikasiya xəttidir ki, bunların da bilavasitə Qərb ayağı yenə Gürcüstandan keçir. Yəni bu gün Gürcüstan çox əhəmiyyətli strateji-coğrafi məkanda yerləşən bir dövlətdir. O baxımdan Gürcüstanın əhəmiyyəti getdikcə regionda, bütövlükdə qlobal səviyyədə artır. Sizin də Gürcüstan dövlətinin daha da güclü olmasına qatqınız olmalıdır. Necə? Siz təhsillə gözəl mütəxəssis olmalısınız. Yəni artıq azərbaycanlılar bazarlarda deyil, bu gün institutlarda, dövlət strukturlarında təmsil olunmaqla, Gürcüstan dövlətinin inkişafına öz töhvələrini verməlidir. Yəni biz yeni bir Azərbaycan toplumu görmək istəyirik. Çünki Gürcüstan getdikcə inkişaf etməkdədir. Və Gürcüstan cəmiyyəti inkişaf etdikcə Azərbaycan toplumu da mütləq mənada bu cəmiyyətin içərisində inkişaf etməlidir”.
Tədbir iştirakçılarına hədiyyələr verildi
Görüş zamanı məktəb direktorları, tanınmış ziyalılar və təşkilat nümayəndələri də çıxış etdilər. Ən maraqlı anlardan biri isə şagirdlərin hazırladığı səhnəciklər, xor və fərdi qaydada mərhum şair Söhrab Tahirin şeirlərini səsləndirmələri oldu. Hansı ki, onların hər bir çıxışı uzun müddət alqışlandı və istər yerli nümayəndələr, istər də "Borçalı” İctimai Birliyinin rəhbərliyi tərəfindən yüksək qiymət verildi.
Sonda yenidən söz "Borçalı” İctimai Birliyinin sədri Kərəm Məmmədova verildi. Görüş iştirakçılarına və təşkilatçılara öz minnətdarlğını çatdıran K.Məmmodov yekunda tədbirə qatılan Gürcüstan dövlətinin rəsmi nümayəndələri də daxil olmaqla, əksər çıxışçılara "Borçalı” İctimai Birliyi adından kiçik hədiyyələr təqdim etdi. Sonda qonaqlarla birgə xatirə şəkili çəkildi.
"Borçalı” İctimai Birliyinin Mətbuat xidməti