Günəş, yağış, Amon və İsiada

 

Səhər hava günəşliydi, günorta qəfil yağış başladı, axşamüstü işdən çıxanda yağışın izi-tozu da qalmamışdı. Mən hər mərhələni şəhərin ayrı-ayrı yerlərində seyr elədiyimdən gecə elə bilirdim dünəndən üç gün keçib. Gülməyin, depressiyadan hələ təmiz çıxmamışam, beynim hələ dumanlıdı, hadisələri qavramaqda çətinlik çəkirəm və sair.

 

Axşam özümü toplayıb bir az keyləşmiş, bir az gicəllənən başımı qatmaq üçün haçandı uzaq düşdüyüm "feyzbukxana”ya daxil oldum. Ana səhifədə hamı hansısa itdən yazırdı. Axır ki, xəbərin əslini tapıb oxudum, bir iş adamı itinə toy eləyib. Hə, nə olsun? Hələ on doqquzuncu əsrdə Seyyid Əzim bu mövzunun fatihəsini oxumayıbmı, "İt demə, o dəxi bizim birimiz”- deyə?
"Mənə təzə söz deyin, təzə!” inadıyla bir az da qurdalandım, bilə-bilə ki, bu adamların mənə heç bir təzə sözü yoxdu. Qarşıma başqa məlumat çıxdı. Şair Niyaz Əskərov intihar edib.

Maddi cəhətdən imkanlı, xaraktercə sakit insan olan şair qəfildən ata evinə gələrək yarımçıq tikilidə özünü asıb. Adamlar bu müəmmaya Amon ilə İsidanın toyundan qat-qat az maraq göstərirdilər. Çünki bu da təzə xəbər deyil, şair intiharının fatihəsi də çoxdan oxunub. Axırıncısına da Mövlud insafsızcasına möhürünü vurdu. Hamının acığına zəkanı da, istedadı da, yumor hissini də götürüb on yeddinci mərtəbədən tulladı. Müstəqil Azərbaycan ədəbiyyatının intihar mərhələsi. Müstəmləkə Azərbaycan ədəbiyyatının intibah mərhələsi kimi ironik səslənir.

Bundan da qurtulub inboxa nəzər yetirdim. Kimsə yazı istəyir, "Azərbaycan müəllimi” qəzeti yazar müəllim axtarırdı. Yarısı keyləşmiş, yarısı gicəllənən başımı əllərim arasına alıb "Azərbaycan”, "müəllim”, "yazar” sözlərini xeyli çək-çevir elədim. Beynim error verdi. Qınamayın, bir günü üç gün hesab edən birindən nə gözləyirsiz. Ümumən, yazı yazmaq anlayışı isə mənə nalbəndin dəvəyə bağışladığı təsiri bağışladı. Gör haçandı bir cümlə də yazmıram. Əgər qanınızda bir az qırmızı yer qalıbsa, onu qaraltmaq bahasına da olsa deyəcəm: mənasızlığı bir az da mənasızlaşdırmağın nə mənası var.

Bayaq yazmağı unutdum, müstəqillik dövrünün yazarlarını aparıb Nargində güllələmirlər. Bizim müstəqil olaraq intihar forması seşmək hüququmuz var. Əslində, bu yazını da mən yazmıram. Ruhum intihar edib. Yazan cismimdi.

Səhər Əhməd



Oxşar Xəbərlər

Xəbər lenti