Atasını qətlə yetirən Bakı sakini özünü asmaq istədi

 

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan 30 yaşlı Emil Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Samir Əliyev sədrlik edib.

İstintaqla müəyyən edilib ki, E.Sadıqov 12 mart 2016-cı ildə mübahisə zəminində atası, 55 yaşlı Sadiq Sadıqovu bıçaqlayaraq öldürüb. Hadisə zamanı ona mane olmaq istəyən anası, 50 yaşlı Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib.

Əvvəllər cinayət törətdiyinə görə həbs olunan E.Sadıqov hadisədən altı ay əvvəl azadlığa buraxılıb. O, banka olan borclarını ödəmək üçün atasının evini satmaq istəyib. Ailə başçısının etirazı oğul-ata arasında münaqişəyə səbəb olub. Emil atasına çoxsaylı bıçaq zərbələri endirib.

Törətdiyi cinayət əməlinə görə E.Sadıqova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

 

"Atam məndən üz döndərmişdi”

Təqsirləndirilən şəxs qismində dindirilən Emil Sadıqov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 1812 saylı ünvanda ailə üzvləri ilə birlikdə yaşadığını, atası, qardaşı və özü taksi fəaliyyəti ilə məşğul olduqlarını göstərib: "Maşın almaq üçün bankdan dollarla kredit götürmüşdüm. İşləyib həm çörək pulu qazanır, həm də bank ödənişlərini edirdim. Yaşadığımız küçədəki mənzillərdən birindən kreslo, radiator, xalça oğuurladığıma görə 3 il 6 ay azadlıqdan məhrum edildim. Altı ay cəza çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzanın qalan hissəsindən 1000 manat cərimə ödəməklə azad olundum. Bundan sonra atam, demək olar ki, məndən üz döndərdi”.

"Günahkaram, amma onun da günahı olub”

E.Sadıqov ifadəsində qətl hadisəsinin baş verməsində atasının da günahının az olmadığını deyib: "Atamı qətlə yetirmişəm, günahkaram. Amma atamın da günahı olub. Həmişə bizi incidib, evdə dava-dalaş salıb. Uşaqlıq, gənclik nə olduğunu bilməmişəm. Çox əziyyət çəkmişəm. 13 yaşımdan evə çörəkpulu gətirmişəm. Tay-tuşlarım məktəbə gedəndə mən fəhləlik etmişəm, anamı, qardaşımı, bacımı dolandırmışam”.

 

"Gecələr maşında yatırdım”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həbsxanadan çıxdıqdan sonra atası ilə münasibətləri daha da kəskinləşib. Atası ondan üz döndərib, tutduğu əmələ görə tənbeh edib, o adda oğlunun olmadığını deyib: "İşsiz idim. Dolların məzənnəsi qalxmışdı, ödəniş edə bilmirdim, çıxılmaz vəziyyətdə qalmışdım. Hər dəfə atamdan kömək istədikdə mənim kimi övladının olmadığını deyirdi. Tez-tez evdən qovurdu. Həmin ərəfədə taksi kimi istifadə etdiyim maşını məcbur qalıb satdım. Gecələr həmin maşında yatırdım. Küçələrdə qalmışdım. Bu yaşa qədər oğurluq etməmişdim. Məcbur qalaraq oğurluq etdim. Oğurluq edən gecəni səhərə kimi yatmadım. Səhər oyananda ev sahibinin yanına getdim. Pulu özünə qaytardım, dedim ki, səhv etmişəm, oğurluq etmişəm, məni polisə şikayət etmə. Amma ev sahibi məndən polisə şikayət etdi. Buna görə də, məni oğurluqda ittiham edərək həbs etdilər”.

 

"Atam mənə dedi ki, get, özünü as”

E.Sadıqov ifadəsində qeyd edib ki, maşınını satıb xırda borclarını ödəsə də, bankın borcu olduğu kimi qalıb, günü-gündən üstünə faiz gəlib. Atasının ondan üz döndərməsinə baxmayaraq, hər gün ondan evi satmağı və banka olan borcu bağlamağı xahiş edib. Əvəzində isə "öz günahın ucbatından bu günlərə qaldın, sənin kimi oğlum yoxdur, get özünü as” cavabı alıb.

Atasının bu cür davranışı Emili hər dəfə bir qədər də qıcıqlandırıb, özündən çıxarıb. Son üç gün ərzində isə ata-bala arasında mübahisə səngimək bilməyib. Əvvəlcə ailə başçısı evi satmağa razılaşıb. Evin pulunun 40 min manatını özünə götürüb rayona gedəcəyini, yerdə qalan 30 min manatı isə ailə üzvlərinə verəcəyini bildirib.

Emil isə atasına təkcə banka 20 min manat borcları olduğunu xatırladıb. S.Sadıqov isə bunların ona heç bir aidiyyatı olmadığını deyib:”30 yaşım var, mən də evlənmək istəyirdim. Hadisə baş verən gün yenə də atama dedim ki, evin pulunun 20 min manatını banka ödəsək, 50 min manata bir qədər kənarda iki dənə ev tikə bilərik. Məni söydü, masadakı külqabını götürüb üstümə atdı. Əsəbi halda həyətə çıxdım, çəkic götürüb geri qayıtdım. Çəkiclə atamın başına möhkəm zərbə endirdim. Hirsim soyumadı, sifət nahiyəsinə də zərbə endirdim. Gəlinimizlə anam qışqıraraq məni sakitləşdirmək istədilər. Atamın burunudan gələn qanı silirdilər. Qardaşım Sahil qolumdan tutub məni evdən çıxardı. Sahilin polisə zəng vurub məlumat verəcəyini gördükdə geri qayıdıb atamı birdəfəlik öldürməyi düşündüm. Geri qayıdıb bıçaqla atama zərbələr endirdim. Anam məni sakitləşdirməyə çalışanda bıçaq onun sol əlinə dəydi. Ona xəsarət yetirməmişəm, bıçaq təsadüfən dəyib”.

 

"İntihar etmək istədim, özümü iki dəfə asdım, amma…”

Atasının öldüyünə əmin olduqdan sonra yenidən həbs olunacağını, camaatın üzünə baxa bilməyəcəyini düşünən E.Sadıqov özü də intihar etmək istəyib. O, tikinti materialları mağazasına gələrək oradan kapron ip alıb və Xətai rayonundakı "SOS Uşaq Kəndi” deyilən yerin yaxınlığındakı parka gəlib. Parkdakı "besedka”dan özünü asmaq istəyib. Amm ip sürüşkən olduğundan intiharı başa çatdıra bilməyib. İp ilgək vurduğu dirəkdən sürüşərək açılıb. İkinci dəfə yenidən özünü asmağa cəhd edib. Bu dəfə də alınmayıb, yenə ip qırılıb, yerə yıxılıb: "İp boynumu kəsmişdi, yaranan ağrılara dözə bilmirdim. Ona görə də, özümü asmaq fikrindən yayındım. Parkda bir neçə siqaret çəkdim. Sonra polisə təslim olmağa getdim”.

Məhkəmə prosesi iyulun 26-da davam edəcək.

İnarə Rafiqqızı



Oxşar Xəbərlər

Xəbər lenti