"Vəsaiti icra başçılarının mənimsəməsinə yol vermək olmaz" - parlamentdə MÜZAKİRƏ


Bu ilin dövlət büdcəsinə dəyişiklik edilir. Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Əmək və sosial siyasət komitələrinin birgə iclasında büdcəyə dəyişiklik müzakirəyə çıxarılıb. Toplantıda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və digər rəsmilər də iştirak edirlər.

Dövlət büdcəsində neftin bir barelinin qiyməti 85 dollar müəyyən edilib

Layihəni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili layihəni təqdim edib. Layihəyə əsasən 2022-ci il dövlət büdcəsinin gəlir və xərcləri 8 faizdən çox artırılır. 2022-ci il üzrə yenidən baxılmış dövlət büdcəsinin gəlirləri 29197,8 milyon manat proqnozlaşdırılır ki, bu, təsdiq olunmuş göstəriciyə nisbətən 2381,8 milyon manat və ya 8,9 faiz çoxdur. Belə ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 233 684,0 min manat, yerli xərcləri 1 070 116,0 min manat) məbləğində təsdiq edilir.

T.Mirkişili qeyd edib ki, 2022-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 85 dollar müəyyən edilib.

Qeyd edək ki, bundan öncə büdcədə neftin bir barelinin qiyməti 50 dollar müəyyən edilmişdi.

Bu ilin dövlət büdcəsinin vəsaiti 2 milyard 425 milyon manat artırılır

“Yenidən baxılmaqla dövlət büdcəsinin gəlirlərinin 2 milyard 382 milyon manat və kəsirin 43 milyon manat artımı nəzərdə tutulur”. Bu sözləri müzakirə zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir deyib ki, təsdiq olunmuş xərclər arasında aparılacaq dəyişiklik (561 milyon manat) hesabına formalaşacaq 2 milyard 986 milyon manat vəsaitin əsasən aşağıdakı prioritet vəzifələrin maliyyə təminatına yönəldilməsi nəzərdə tutulur:

- İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı layihələrin, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi – 1 milyard 447 milyon manat;

- Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması və digər yaşayış məntəqələri üzrə tədbirlərin maliyyələşdirilməsi – 34 milyon manat;

- Müdafiə qabiliyyəti və hərbi qüdrətin daha da artırılması, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi üzrə – 588 milyon manat;

- Sosial müdafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardımların, əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üzrə – 519 milyon manat;

- Ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi üzrə – 193 milyon manat;

- Sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi – 163 milyon manat;

- Bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi üzrə 42 milyon manat.

Yenidən baxılma ilə 2022-ci ilin dövlət büdcəsinin xərcləri 32 milyard 304 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da təsdiq olunmuş büdcədən 2 milyard 425 milyon manat və yaxud 8,1 faiz çoxdur.

Nazir əlavə edib ki, son beş ayda icmal büdcənin gəlirləri 15 milyard 549,9 milyon manat olub: "İcmal büdcə xərcləri 11 milyard 650,1 milyon manat təşkil edib. Bu ilin ötən beş ayı ərzində dövlət büdcəsinin gəlirlərinin 6 milyard 353,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, yenidən baxılan dövlət büdcəsinin layihəsi büdcə qaydasına əməl edilməklə hazırlanıb. Palata sədrinin sözlərinə görə, dövlət büdcəsinin gəlirlərinin artmasının əsas mənbəyini hüquqi şəxslərin gəlir vergisi, əlavə dəyər vergisi, gömrük daxilolmaları təşkil edib: "Büdcə hesablamalarında neftin və qazın qiymətinin yüksək götürülməsi fonunda Dövlət Neft Fondu tərəfindən daxil edilən vəsaitdə neft gəlirlərinin artırılması qeydə alınıb".

Gülməmmədov əlavə edib ki, işğaldan azad olunmuş ərazilərə ayrılan vəsait hesabına 5 avtomobil yolunun tikintisinin başa çatdırılması nəzərdə tutulub.

Deputat sual verdi: "Neftin qiymətinin artımından Azərbaycan xalqının payına nə düşəcək?"

Müzakirə zamanı deputat Əli Məsimli deyib ki, Milli Məclisin növbədənkənar sessiyasında Rəqabət Məcəlləsinin müzakirəyə çıxarılmasına ehtiyac var. Deputat ölkədə məmur monopoliyasının olduğunu, bunun Azərbaycan xalqına ziyan vurduğunu söyləyib.

"Azərbaycanda monopoliyanın olması inflyasiya göstəricilərinə də təsir edir", - deyən Ə.Məsimli vurğulayıb ki, dövlət büdcəsi ilə bağlı proqnozlara aydınlıq gətirilməli məsələlər var: "Hansı əsasla ilin ilk 5 ayında ümumdaxili məhsulun həcmi 7 faizin üzərində olduğu bildirilir və ilin sonrakı dövründə 5 faiz ətrafında olacaq? Bundan əlavə, inflyasiya göstəricisi 12.5 faizdir. Hansı əsasla qeyd etmək olar ki, ilin sonrakı dövründə də bu rəqəmlər ətrafında olacaq? Mən buna inanmıram".

Deputat bildirib ki, neftin qiymətinin artımından Azərbaycan xalqının payına nə düşəcək, bunu qeyd etmək lazımdır.

Deputatın inflyasiya ilə bağlı iradlarına cavab verən komitə sədri Tahir Mirkişili deyib ki, inflyasiya yalnız yay aylarında 12 faiz ətrafında olacaq: "Büdcəyə dəyişiklik və onunla əlaqədar sənədlərdə ilin sonunda artacağı vurğulanıb. Digər məsələlərə gəlincə, neftin qiymətləri ilə proqnoz vermək qeyri-peşəkar olardı. Çünki qiymətlər mütəmadi dəyişir".

"Vəsaiti icra başçılarının mənimsəməsinə yol vermək olmaz"

Müzakirəyə qoşulan deputat Vahid Əhmədov deyib ki, Azərbaycandakı daxili vəziyyəti, inflyasiyanın artacağı bilinən haldır: "Hesab edirəm ki, inflyasiya ilə mübarizə tədbirləri hökumət tərəfindən ciddi işlənməlidir. Xüsusilə süni qiymət artımının qarşısı mütləq alınmalıdır. Eyni zamanda, sosial müdafiə ilə bağlı ciddi şikayətlər var. İndiyə qədər qazilərin məsələsini həll edə bilməmişik. 11-12 min qazi var, onların problemlərini həll etməkdə nə problem var ki? Maliyyə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin problemi yoxdur. Biri özünü yandırır, biri intihar edir, biri nazirliyə hücum edir, etirazlarını bildirirlər və s. Əmək və əhalinin sosial müdafiəsi naziri onlarla bir görüş keçirib, söhbət edə bilər".

"Layihədə göstərilib ki, bölgələrdə sahibkarlığın inkişafına 1 milyon manat əlavə vəsait ayrılır. Amma bunun əhaliyə çatmasında, xərclənməsində ciddi problemlər var. Vəsaiti icra başçılarının mənimsəməsinə yol vermək olmaz. Monitorinq keçirmək lazımdır ki, həmin vəsaitin insanlara çatması təmin edilsin", - V.Əhmədov söyləyib.

Deputat: “Uşaqpulu, pensiyalar, qazilərin problemləri və digər məsələləri qaldırırıq, nazirlik deyir, mümkün deyil"

"Biz Milli Məclisdə uşaqpulu, pensiyalar, qazilərin problemləri və digər məsələləri qaldırırıq, nazirlik deyir, mümkün deyil. Bu necə ola bilər?", - deputat əlavə edib.

Komitə sədri T.Mirkişili isə deputata cavabında deyib ki, qazilərlə iş əsas məsələdir: "Bunun tənzimlənməsi hər birimizin işidir. Mən ona görə deputatlarımızdan da xahiş edirəm, hər bir müraciətə baxılsın, məsələ qaldırılsın".

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qazilərin şəxsi kabineti, səhifəsi açılsın", - deyən deputat Jalə Əliyeva iclasda iştirak edən nazirliyin rəsmilərinə müraciət edib: "Vahid kabinet hesabına bir mərkəzdən onların problemləri həll edilə bilər. Əks halda qazilər xaotik şəkildə bütün qurumların qapısını döyürlər, problemlərinə həll axtarırlar. Nəticədə haqlı və ya haqsız etirazlar ortaya çıxır".

Deputat: "Mən burada bəy tərifi ilə məşğul olmaq istəmirəm, amma...

Deputat Rüfət Quliyev çıxışı zamanı deyib ki, Azərbaycanda ümumilikdə götürsək, monopoliya yoxdur: "Ölkədə 3-4 sahədə inhisarçılıq ola bilər. Əli Məsimli müəllim bildirdi ki, ölkədə monopoliya var. Konkret hansı sahələrdə inhisarçılıq var, onu demək lazımdır. Mən burada bəy tərifi ilə məşğul olmaq istəmirəm, amma ciddi dəyişikliklər var".

Ə.Məsimli isə həmkarına cavabında bunları deyib: "Rüfət müəllim, siz iqtisadiyyatın elə bir sahəsini deyin ki, orada monopoliya olmasın".

Nazir müavini qazilərin sosial vəziyyəti ilə bağlı hansı işlərin görüldüyünü açıqlayıb

İclasda iştirak edən əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Kərimov bildirib ki, pensiyaların ödənilməsi üçün ayrılan vəsait 306 milyon manat artırılır. Nazir müavini qeyd edib ki, cari ildə məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması prioritet məsələ sırasındadır. Məşğulluq sahəsində

yaradılacaq elektron sistem bu proseslərin tamamilə elektronlaşdırılmasına şərait yaradılacaq.

"2022-ci ilin dürüstləşdirilmiş büdcə layihəsində pensiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsaitin məbləği bu ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 306 milyon manat və ya 6 faiz artımla nəzərə alınıb", - A.Kərimov əlavə edib.

Nazir müavini bildirib ki, fərdi uçot və pensiya sistemində aparılan sağlamlaşırma tədbirləri, habelə məhkəmə çəkişmələrində nəzarətin gücləndirilməsi nəticəsində mənimsənilməsinin qarşısı alınmış vəsaitin həcmi indeksasiya əmsalları tətbiq edilmədən 711 milyon manat, indeksasiya tətbiq edilməklə 791 milyon manat təşkil edir.

Nazir müavini qazilərin sosial vəziyyəti ilə bağlı hansı işlərin görüldüyünü də açıqlayıb. A.Kərimov vurğulayıbh ki, 15 min qazi ilə paralel 86 min müharibə iştirakçısı ilə də iş aparılır: "Qazilərlə iş üçün nazirlik tərəfindən vahid əlaqələndirmə mərkəzləri yaradılıb. Şəhid ailələri, qazilər və veteranlar daxil olmaqla 41 min nəfər bundan istifadə edir. 93 min nəfər isə mərkəzlərə gəlmədən onlayn xidmət alır".

Müzakirələrdən sonra 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib. (ayna)



Oxşar Xəbərlər

Xəbər lenti