Xalidə Kəngərli və uşaqları evdən ayrılıbmış - Həkimin ölümünün ŞOK DETALLARI (YENİLƏNDİ)


Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur. 

Məşhur ginekoloqun özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atdığı deyilir. Hadisədən sonra yaxınları, dostları mediaya Xalidə Kəngərlinin özünü binadan atmasının ağlabatan olmadığını deyiblər.

Sozcu.info xəbər verir ki, bununla bağlı Cebhe.info-ya onun idmançı rəfiqələri danışıblar.

Azərbaycanın qadın paracüdoçusu, ötən il Tokio Paralimpiadasında ölkəmizə beşinci qızıl medalı qazandıran Xanım Hüseynova Xalidənin intihar etməsinin mümkün olmadığını bildirib:

"Mümkün deyil ki, Xalidə intihar etsin. Deyirlər ki, ərinin psixoloji problemləri olub. Xeyr, elə deyil. Xalidənin əri Dövlət Gömrük Komitəsində işləyir. Gömrükdə işləyənin psixoloji problemləri ola bilər? Düşünürəm ki, dövlət işində işləyənlərin belə bir problemi olmamalıdır. Xalidə elə yaxşı insan idi ki... Kimi dindirsən, onun gülərüz, mərhəmətli, dünyanı sevən insan olduğunu deyərdi. Həmin gün əməliyyata gedib, əhvalı yaxşı olub. Mən istəmirəm ki, bunun üstü intihar kimi bağlansın". 

Xanım Hüseynova bildirib ki, həyat yoldaşı onu özünü binadan atmağa məcbur edə bilərdi: "Mən özüm əvvələr onun bədənində göy qançırlar görmüşəm, amma üzünə vurmamışam. Xalidə Kəngərlinin illərlə əri tərəfindən qapalı şəraitdə saxlanılması barədə gəzən söz-söhbətlər də doğru deyil. Onun intihar etməsi yalnız 1 faiz ola bilər". 

Xalidə Kəngərlinin digər rəfiqəsi, çempion, cüdoçu Gülsədəf Kərimova da saytımıza açıqlama verib: "Xalidə çox həyatsevər qadın, pozitiv insan idi. Onun bütün dostları yaxşı bilirdi ki, heç vaxt intihar etməz. Bu mümkün deyil. İnsanların qucağına körpə verən insan idi, heç vaxt öz körpələrini qoyub çıxıb getməzdi". 

Gülsədəf Kərimova son zamanlar mərhum ginekoloqun əri tərəfindən fiziki şiddət gördüyünü və depressiyada olduğunu da bildirib:

"Axırıncı dəfə iki gün qabaq onunla danışmışdım. Gülüb-danışmışdıq. Bir müddət əvvəl də klinikaya getmişdim, gördüm ki, Xalidə çox arıqlayıb. Mənə dedi ki, depressiyadayam. Evdə problemlərim var.  Yoldaşı onu çox incidirdi, döyürdü, ona əl qadırırdı. Evdə hər şeyi Xalidə edirdi". 

xxx

Xəbər verdiyimiz kimi, tanınmış həkim Xalidə Kəngərlinin intiharı ilə bağlı bir sıra müəmmalı məqamlar var. Belə ki, bəzi media qurumlarında və sosial şəbəkələrdə həkimin həyat yoldaşı ilə problemləri olduğu, hətta ərinin psixoloji xəstə olduğu iddia edilir.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün mərhumun qardaşı ilə əlaqə saxlayıb. 

X.Kəngərlinin qardaşı Elçin Vəliyev açıqlamasında bildirib ki, bacısının ərinin psixoloji problemləri olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir: 

“Bu, tamamilə şayiədir. Psixoloji problemi olan biri necə Dövlət Gömrük Komitəsində vəzifə tuta bilər? Bu, ən pis halda intihar həddinə çatdırmadır. Ən yaxşı halda isə öldürülüb, sonradan atılmadır. Hər şey istintaqdan və ekspertizadan sonra üzə çıxacaq. Biz bilirik ki, Xalidənin üzərində xəsarətlər olub. Sadəcə rəsmi nəticəni gözləmək lazımdır”.

E.Vəliyevin sözlərinə görə, Xalidə Kəngərli boşanma ərəfəsində imiş: 

“Ailənin münaqişəsi var idi, boşanma ərəfəsində idilər. Xalidəyə qarşı şəxsi və ailəvi təzyiqlər olurdu. Ailədə münaqişənin və təzyiqlərin olduğunu təsdiq edən foto və videofaktlar istintaqa təqdim olunacaq. Həyat yoldaşı Xalidəyə qarşı fiziki zorakılıq tətbiq edib. Rəsmi ekspertizanın rəyi gələndən sonra ətraflı açıqlama verəcəyik”.

Qardaşı bildirir ki, bir ay əvvəl Xalidə Kəngərli və uşaqları evdən ayrılıbmış. Buna səbəb evdəki söz-söhbətlərin dözülməz həddə çatması olub. Lakin sonradan ər-arvad barışıb və Xalidə Kəngərli evə qayıdıb.

Qeyd edək ki, X.Kəngərlinin həyat yoldaşı Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. Onun adı Rüfət Kəngərlidir. 15 ilə yaxındır Bakı Baş Gömrük İdarəsində çalışan R.Kəngərlinin rütbəsi gömrük mayoru, vəzifəsinin isə gömrük inspektoru olduğu bildirilir.



Oxşar Xəbərlər

Xəbər lenti