"AMEA-da RAMİZ MEHDİYEVİN ƏN UĞURSUZ KADRI..." - Professordan baş direktora ağır ittihamlar

Ramiz Mehdiyevin AMEA-nın idarəçiliyini saldığı ağır vəziyyətdən çıxarmaq üçün görünür hələ uzun müddət lazım gələcəkdir. Özü AMEA-nı tərk etsə də buradakı bəzi əməlləri hələ də davam etməkdədir. R.Mehdiyevin əməllərinin ən fəal daşıyıcısı onun Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna AMEA Nizamnaməsinə zidd olaraq qanunsuz təyin etdiyi baş direktor Abbas Seyidovdur. Onun təyinatından keçən 8 ay bu qurumun tarixində ən ağır dövrdür.

A.Seyidov bu müddət ərzində ilk növbədə İnstitutun fəaliyyətinin əsasını təşkil edən elmi istiqamətləri, mövzuları, bir sözlə elmi tədqiqat planını təkmilləşdirmək, yenidən işləyib hazırlamaq əvəzinə heç bir əsas olmadan özünə şəxsi düşmən elan etdiyi insanlara qarşı qərəzli addımlar atmaq, intriqalar aparmaqla məşğul olmuşdur. O, İnstitutda uzun illərdir ki, çalışan, elmdə layiqli yeri olan bir sıra alimlərin bəzilərini şəxsi-qərəzlik zəminində işdən çıxarmış və ya tutduğu vəzifəsini aşağı salmış, digərlərini Elmi Şura üzvlüyündən kənarlaşdırmış və s. ziyanlı işlərlə məşğul olmuşdur. Amma bu 8 ayda İnstitutun jurnalının nəşrinin bərpa edilməsi A.Seyidovun planında hələ də yoxdur.

A.Seyidov İnstitutda elə özbaşınalıqlar edir ki, sanki bu İnstitut ona ağsaqqalı R.Mehdiyev tərəfindən şəxsi mülk olaraq bağışlanmışdır. Onunla razılaşmayan əməkdaşları prokurorluq, məhkəmə ilə hədələməsi adi hal almışdır. A.Seyidovda mənəm-mənəmlik, əməkdaşlara qarşı qərəz, aqressivlik kollektivi daim təzyiq, qorxu altında saxlamağa hesablanmışdır.

Bu gün AMEA-da idarəçiliyi ən bərbad halda olan, intriqalarla çaxnaşan müəssisə məhz bizim institutumuzdur. A.Seyidovun əməllərinin nəticəsi olaraq bizim İnstitutumuz yeganə elmi müəssisədir ki, onlarla əməkdaşları indi prokurorluğa, məhkəmələrə çağırılırlar. Məlum deyil ki, elmi müəssisənin əməkdaşları elmlə məşğul olmalıdır, yoxsa müstəntiqlərə, hakimlərə cavab verməlidirlər. Görəsən A.Seyidov anlayırmı ki, əgər onun əlindən bezən əməkdaşlar şikayət edərlərsə, prokurorluq onun direktorluq fəaliyyətini yoxlayarsa nələr aşkar ediləcək? Yəqin anlamır.

Bu ilin yanvar, fevral aylarında R.Mehdiyevin AMEA-nın prezidenti vəzifəsindən istefasını tələb edən alimlərdən biri də mən idim. Mənim bu barədə mətbuatda dəfələrlə yazılarım çap olunmuşdur. A.Seyidovun mənə qarşı qərəzli, düşmən münasibətinin əsas səbəblərindən biri də budur. O, tutduğu vəzifədən sui-istifadə edərək mənə qarşı qərəzli kompaniya aparır. Elə bir şərait yaratmışdır ki, hətta kollektivin bir sıra üzvləri onun qorxusundan mənimlə salamlaşmaqdan, ünsiyyətdən çəkinirlər. Çəkinməyənləri isə müvafiq olaraq təzyiqlər və təqiblər gözləyir.Heç də təsadüfi deyil ki, həmin günlərdə R.Mehdiyevi mətbuat vasitəsi ilə müdafiə edən yeganə adam məhz A.Seyidov idi. R.Mehdiyevi istefaya səsləyən akademikləri, müxbir üzvlərini, professorları, millət vəkillərini təhqir edərək “qaragüruhçu” adlandıran A.Seiydov yazırdı: “Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildiyi gündən apardığı uğurlu islahatları nəticəsində elmi müəssisələrdə bir canlanma baş vermişdir. Bəzi insanlar ya bunu görmür, ya da ki, görmək istəmir.” (https://science.gov.az/az/news/open/19747).

Belə təfəkkürə malik bir insandan, fəaliyyəti milli ideologiya ilə birbaşa bağlı olan elmi tədqiqat institutunun direktoru kimi nə gözləmək olar? A.Seyidovun bu yazısında mənə qarşı böhtanları bir tərəfə, yazdıqları bu absurd sözlərə həm o zaman, həm də indi inanan tək bir adam var ki, bu da o özüdür. Onun son əməllərinə aid bəzi faktları qeyd etmək istəyirəm.

Mənim rəhbərlik etdiyim elmi ekspedisiya 2020-ci ildən başlayaraq Ağstafa rayonunda Neolit dövrünə - e.ə. VI minilliyin birinci yarısına aid Çağrıtəpə yaşayış yerində arxeoloji qazıntılar aparır. Bu il də may-iyun aylarında bu qazıntıların aparılması nəzərdə tutulmuşdur. Bu mövsümdə apardığımız qazıntılar zamanı da Neolit dövrünə aid olduqca maraqlı artefaktlar aşkara çıxarılmışdır.

18.06.2022 tarixində ekspedisiyanın bu il üçün nəzərdə tutulan arxeoloji qazıntı işlərinin bir aylıq birinci mərhələsi başa çatmışdır. Buna görə də ekspedisiyanın bir aylıq maliyyə hesabatını vermək və fəaliyyətini növbəti bir ayda davam etdirmək məqsədi ilə yeni sənədlərin (vəkalətnamə, ezamiyyə vərəqələri) alınması üçün Bakı şəhərinə qayıtdım. Belə ki, həmin sənədlərin vaxtı bitdiyindən işləri davam etdirməyə hüququmuz yox idi.

İyun ayının 20-də ekspedisiyanın işlərinin davam etdirilməsi üçün İnstitutun baş direktoru A.Seyidova ərizə ilə müraciət etdim. O, isə ərizəmə imtina dərkənarı yazaraq bunu vəsaitin olmaması ilə əsaslandırdı. Hələlik öz hesabımıza işləmək üçün ekspedisiyanın sənədlərinin təsdiq olunması barədə təklifimə də imtina cavabı verildi.

İyun ayının 21-də Elmi Şuranın iyunun 22-də keçiriləcək iclasında mənim rəhbərlik etdiyim ekspedisiyanın işləri barədə hesabat verməyim tələb edildi. Lakin, mən bildirdim ki, apardığımız arxeoloji qazıntı işləri yarıda dayandırılıb, qazıntı sahəsinin, aşkar edilmiş maddi mədəniyyət qalıqlarının üstü mühafizə üçün örtülməyib, işlər başa çatdıqdan sonra geniş, ətraflı məruzə ilə hesabat verə bilərəm. Buna görə də natamam işlər barədə hesabat verməyin qeyri-elmi olduğunu bildirdim.

Üstəlik, 1 gün ərzində hesabatı hazırlayıb məruzə etmək qeyri-mümkündür. Bundan sonra A.Seyidov mənə əsassız olaraq yazılı xəbərdarlıq elan edib onu elanlar lövhəsindən asdı. Amma ilin əvvəlindən bu vaxta qədər ekspedisiyalar üçün İnstituta ayrılan maliyyə vəsaitlərinin və onları alan ekspedisiyaların siyahısının elanlar lövhəsindən asılması barədə 20 iyun tarixli yazılı müraciətim bu günə qədər cavabsız qalıb. Halbuki bu informasiyanı almaq İnstitutun hər bir elmi işçisinin hüququdur.A.Seyidovun qərəzi səbəbindən yağış altında qalmış qazıntı sahəsi və Neolit dövrünə aid tikili qalıqları

Qeyd edim ki, AR Nazirlər Kabinetinin 22 may 2015-ci il tarixli 196 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın 3.1-ci bəndində göstərilmişdir ki, arxeoloji tədqiqatları aparan şəxs bu tədqiqatlar tamamlandıqdan sonra 30 (otuz) gün müddətində hesabat verməlidir. Görünür A.Seyidovun Nazirlər Kabinetinin arxeoloji tədqiqatlar barədə bu qərarından da xəbəri yoxdur.

Bunlardan əlavə, Elmi Şurada iştirak etmədiyin üçün A.Seyidov Elmi Şuranın iclasında iştirakım olmadan mənim bu Şuranın üzvlüyündən çıxarılmağım məsələsini müzakirə etmişdir. A.Seyidovun sədrliyi ilə Şura səsvermə ilə məni üzvlükdən azad edib. Üstəlik bu barədə məlumatı Respublikanın KİV-də dərc etdirmişdir. Halbuki, mən əvvəllər dəfələrlə bu Şurada iştirak etmək istəmədiyimi, könüllü surətdə Şura üzvlüyündən imtina etdiyimi elmi katibə bildirmişdim.

İnstitutun Nizamnaməsinin 6.10-cu bəndində yazılmışdır ki, “Elmi Şuranın tərkibi və onun dəyişdirilməsi İnstitutun direktoru tərəfindən müəyyən edilir, Humanitar və İctimai Elmlər Bölməsi ilə razılaşdırıldıqdan sonra onun təqdimatı əsasında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilir”.

Göründüyü kimi burada hər hansı bir müzakirədən, səsvermədən söhbət gedə bilməz. Bütün bunlar İnstitutun baş direktoru A.Seyidovun məni nüfuzdan salmaq üçün ağılsızcasına apardığı şəxsi-qərəzlik kompaniyasının tərkib hissəsidir. Eyni zamanda, bütün bunlar onu göstərir ki, İnstitutun 65 yaşlı “gənc direktoru” A.Seyidov nəinki arxeoloji tədqiqatlara aid Nazirlər Kabinetinin müvafiq qərarlarından, hətta rəhbəri hesab edildiyi İnstitutun Nizamnaməsindən, öz vəzifə funksiyalarının mahiyyətindən də xəbərsizdir.

Bu yaşa qədər əvvəllər heç şöbə müdiri də işləməmiş, idarəçilikdə heç bir təcrübəsi və səriştəsi olmayan A.Seyidovu R.Mehdiyev birdən-birə böyük bir elmi tədqiqat İnstitutuna rəhbər təyin etmişdir. Nəticə isə göz qabağındadır! Amma hələlik cavabsız bir sual var: R.Mehdiyevin AMEA-da bu, ən uğursuz kadrına özbaşınalıq üçün şərait yaradan kimlərdir?

Nəcəf Müseyibli
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Etnoarxeologiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor //azpolitika.info//



Oxşar Xəbərlər

Xəbər lenti