8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sentyabrın 18-23-də Cənubi Koreyanın paytaxtı Seul şəhərində "Tengri-Altay-Turan" festivalı və "Avrasiya Altay Mədəniyyətlərarası Qarşılaşma” adlı seminar keçirilib.
Cənubi Koreyada fəaliyyət göstərən Avrasiya Turan Kültür və Ekonomi İnstitutu tərəfindən təşkil olunan, Seul Bələdiyyəsinin dəstək verdiyi seminar və festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan və KKTC heyətləri ilə yanaşı, Qaraçay, Noğay və başqa türksoylu xalqların təmsilçiləri də iştirak ediblər. Tədbirlərdə ölkəmizi ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, "Türkistan" qəzetinin baş redaktoru Aqil Camal, dos.dr. Şəmil Sadiq, Samir Turan və gənclər təşkilatlarınından İlhamə Qasımzadə və Səadət İmanova təmsil ediblər.
Festival çərçivəsində qonaqların şərəfinə rəsmi qəbul təşkil olunub. Tədbirə dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, diplomatlar qatılıb.
Avrasiya Turan Kültür və Ekonomi İnstitutunun rəhbəri Sung Hee Cho və təşkilatın sədr müavini Hande Kavarnalı qonaqları salamlayaraq, bildiriblər ki, bu il Seulda ilk dəfə düzənlənən bu mədəniyyət festivalını hər il düzənləməyi planlaşdırırlar: "Koreyalılar da Altay mədəniyyətinin bir parçası olaraq, özlərinə yaxın bildikləri türk xalqları ilə əlaqələri davam etdirmək, bir-birimizin mədəni dəyərlərini qarşılıqlı olaraq tanıtmaq istəyirik. Festival bu il ilk dəfə keçirildiyinə görə bütün türksoylu xalqların nümayəndələrini dəvət edə bilmədik, inanıram ki yaxın gələcəkdə bütün Altay ailəsinə daxil olan qardaş xalqlarımızla birlikdə ola bilirik".
Seul şəhər bələdiyyəsinin mədəniyyət, idman və turizm üzrə rəhbəri xanım Kim Kyung Ja qonaqları salamlayaraq, Seulda belə gözəl bir festivalın təşkil olunduğundan məmnun olduğunu bildirdi: "Bu gün burada tarix canlandırılır. Şəhərimizdə Altay kökəninə bağlı xalqları görürük, onlar bizə yad insanlar kimi görünmürlər. Aramızdakı məsafələrin uzaq olması bizlərə fərqli baxış sərgiləmək imkanı verib. Amma xalqlarımızın tarixi yaddaşı, kökə bağlılıqlarımız bizi bir-birimizə yaxınlaşdıran, bir-birimizə tanıdan əsas vasitə olacaqdır".
Sentyabrın 19-da isə festival iştirakçıları Seulda İmperator sarayında, prezident iqamətgahında olublar. Həmin gün axşam Seulun mərkəzi parkında festivalın təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurovun çıxışı ölkəmizin digər xalqlarla mədəniyyət əlaqələrinin qurulmasında maraqlı ölkə olduğunu təsqiq etməklə, bu cür layihələrə dövlət dəstəyinin də bariz nümunəsi olmuşdur. Eyni zamanda Seul şəhərinin Gwanghun meydanında qurulmuş və üç gün davam eden türkdilli ölkələrin stendlərində Azərbaycan keyfiyyətli tanıtım materialları, eləcə də Qarabağın tarixi, abidələri ilə bağlı geniş materiallar, kitablar sergiləmişdir. Müxtəlif rəqs və musiqi qrupları paytaxt sakinlərinə bir-birindən gözəl nümunələr təqdim ediblər.
Festivalın davamı olaraq Altay xalqlarının tarixi gerçəklikləri ilə tanışlıq məqsədilə "Avrasiya Altay Mədəniyyətlərarası Qarşılaşma” adlı seminar da keçirilib.
Türk xalqları ilə bağlı müxtəlif mövzularda keçirilən seminarlarda Azərbaycan, Türkiyə və Qazaxıstandan ekspertlər iştirak ediblər. Seminarda Azərbaycan və Koreya xalqlarının əlaqələrinə dair mövzu ilə Doc. Dr. Şəmil Sadiq çıxış edib. Ş.Sadiq çıxışında Azərbaycan xalqı və Koreya xalqları arasında folklor nümunələri əsasında qarşılaşdırmalar aparıb, xalqlarımızın ortaq dəyərlərini, inanclarındakı ortaq nöqtələri müqayisə edib.Türkiyəli araşdırmaçı dr. Sergen Çirkin isə "Asiya arxeolojisi və şamanizm" mövzusunda çıxış edərək, Asiyada aparılan arxeoloji qazıntılar əsasında tapılan şamanizmə aid materiallara diqqət çəkib.
Daha sonra Seulun mərkəzi parklarının birində festivalın təntənəli bağlanış törəni keçirilib.
"Yeni Sözçü” qəzeti