8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov orta ixtisas təhsilli Cahid Məmmədovu Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru təyin edib. Bu barədə redaksiyamıza Ağcabədi rayonundakı mənbədən məlumat daxil olub. Məlumatda deyilir ki,Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin sabiq direktoru Müzəffər Cəfərov işdə yol verdiyi qanun pozuntularına görə həbs edilib. Bununla bağlı artıq sozcu.info saytında məlumat da dərc edilib. Ağcabədi rayonundakı mənbədən redaksiyamıza daxil olan məlumata görə, Müzəffər Cəfərovun həbsi Ekologiya və Təbii Sərvətlər Nazirliyində şok effekti yaradıb. Bəlkə buna görə də tez-tələsik onun yerinə də orta ixtisas təhsilli Cahid Məmmədov Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə direktor təyin edilib. Şok effektdən törəyən bu tələsiklik nazirə imkan verməyib ki, onun orta təhsilli olmasına nəzər yetirsin.
Bildirilir ki, Cahid Məmmədov əvvəllər Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsində direktor müavini vəzifəsinə təyin ediləndə orta ixtisas təhsilli olduğu açıq-aydın qeyd edilib.
Məlumata görə, nazirin bu təyinatı həm Ağcabədi rayon ictimaiyyətində, həm də Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri arasında təəccüblə qarşılanıb. "Bizi təəccübləndirən Cahid Məmmədovun orta ixtisas təhsilli olduğu halda müssisəyə rəhbər təyin edilməsidir”,- deyə həmin mənbə bildirib.
Qeyd edək ki, Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin sabiq rəhbərlərinin fəaliyyəti ilə bağlı bu günə kimi çoxsaylı şikayətlər səslənib. Həmin şikayətlərin əksəriyyəti rəhbərliyin bəzi işbazlarla əlbir olaraq Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə aid ərazilərin it-bata düşməsinə şərait yaradıb. Çünki həmin şikayətlər sabiq direktorun yaşıllıqların məhvedilməsi və Meşə Fonduna ziyan vurulması ilə bağlı olub. Bu əməllər isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsində cinayət əməli kimi tövsiv olunur.
Sakinlər bildiriblər ki, rayon ərazisində yaşıllıqlarla bağlı baş verən neqativ halların bir səbəbi də nazir Hüseynqulu Bağırovun düzgün olmayan kadr siyasətinin nəticəsidir. Məlumatlı mənbə bildirir ki, Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə direktor təyin edilən Cahid Məmmədovun ali təhsilli olmaması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin açıqlamaları ictimaiyyəti çaşdırmağa və həqiqətlərin üstünü ört-basdır etməyə xidmət edir. "Əgər belə deyilsə, qoy Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cahid Məmmədovun diplomunun sürətini mətbuat vasitəsilə ictimaiyyətə bildirsinlər.Bu ki dövlət sirri deyil”. Həqiqətən də burada heç bir sirr, xüsusilə də dövlət sirri olmadığı üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumata tam aydınlıq gətirmək istəyirsə, Cahid Məmmədovun təhsil aldığı inistitutun ona verdiyi rəsmi sənədi, diplomu ictimaiyyətə açıqlamalıdır. Mövzunu diqqətdə saxlamağa çalışacağıq.
"Yeni Sözçü” qəzeti