27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
“Naxçıvanın Ərəbyengicə kəndi ətrafında İrana verilən 30 hektar ərazi məsələsini həll etmək üçün, ilk növbədə, ölkələrarası sərhədlərlə bağlı razılaşdırılmış protokolllara baxılmalıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu deyib.
O, Şərur rayonunun Əərbyengicə kəndi ətrafında Araz çayının axarının dəyişdirilməsi nəticəsində ada halına gəlmiş 30 hektar ərazinin İrana verilməsi məsələsini şərh edib.
Ə.Əhmədoğlu xatırladıb ki, İranla Azərbaycan arasındakı sərhəd xəttini hələ 1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqaviləsi ilə Araz çayı müəyyən edilib:
“Yəni çayın relyefinə uyğun olaraq o, iki tərəfi ayırır. Əgər çayın yatağının süni şəkildə dəyişdirilməsi sübut olunarsa, bu, avtomatik olaraq sərhədə süni müdaxilə etmək deməkdir. Azərbaycan tərəfi ciddi şəkildə bu faktları təqdim edərək həmin çay yatağının süni şəkildə dəyişdirilərək sərhədin cənubdan şimala doğru itələnməsini, hablə bunun insan əməli olduğunu sübut edə bilər. Bu çərçivədə də kim bu işə yol veribsə, ilk növbədə, onların hüquqi məsuliyyət məsələsi gündəmə gəlməli və bununla paralel olaraq sərhəd əvvəlki vəziyyətinə qaytarılmalıdır”.
Tanınmış hüquqşans aydınlaşdırıb ki, “Google” xəritələrində də aydın şəkildə görünür ki, Araz çayının həm üst, həm də alt axınına 2 bənd atıblar:
“Beləliklə, oranı bir hovuz halına gətiriblər və əlavə olaraq, irəlidə yeni bir yer açıblar. İndiki halda həmin o 2 bənd oradan qaldırılmalı, çay əvvəlki axınına dönməli və açılmış yer qapanmalıdır. Çünki hər iki ölkə əvvəlcədən qarşılıqlı olaraq, çay məsələsini qəbul edib. Bu isə o deməkdir ki, çaya olan süni müdaxiləni həyata keçirənlər həbs olunmalıdır”.
O, iddia edib ki, bunu sübut edəcək çoxsaylı peyk görüntüləri var:
“Azərbaycanın özünün də peykləri var və yəqin ki, onlar 2019-2020-ci illərdəki şəkillərə baxıblar. Çünki 2019-cu ilə qədər orada əvvəlki vəziyyəti görürük. İndiki halda isə sərhəd dəyişib. Lakin “Google”un pullu xidmətləri əsasında konkret tarixləri dəqiq görə bilərsiniz. Hətta həmin tarixlər çərçivəsində orada hansı texnika işləyib, onu da görmək olar”.
Müsahibimiz bəyan edib ki, Azərbaycanın bunu sübut etmək üçün çoxsaylı imkanları var:
“Əgər İran qəbul etməsə, Azərbaycan bu sübutları BMT-yə təqdim edə bilər ki, bu məsələ onlar tərəfindən çözülsün. Əlbəttə ki, BMT-nin bununla bağlı strukturları var. Çünki tərəflər qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Suverenlik isə həmin ərazi üzərindəki suverenlikdir və bu aspektdən, ərazinin müdaxilə ilə yerdəyişməsi yolverilməzdir”.