8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Çelsi" futbol klubunun sahibi, oliqarx Roman Abramoviç London məhkəməsində iki başqa Rusiya oliqarxı ilə Rusiyanın ən böyük mədən şirkətinin sahibliyi uğrunda çəkişməyə girməli olub. Bu barədə "The Guardian" yazır.
Daha doğrusu, Abramoviçi məhkəməyə Oleq Deripaska verib. Onun məqsədi Abramoviçin özünün "Norilsk Nikel” (Nornikel) şirkətindəki səhm payını Deripaskanın düşməni Vladimir Potaninə satmasının qarşısını almaqdır.
Sərvəti 8,4 milyard dollar təxmin olunan Deripaska, sərvəti 20 milyard dollar təxmin olunan Potaninlə "Nornikel”ə nəzarət etmək üçün illərdir ki, rəqabət aparırlar.
"The Guardian" yazır ki, bu mübahisə 2012-ci ildə prezident Vladimir Putinin müdaxiləsi ilə müvəqqəti də olsa çözülmüşdü. O vaxt Rusiya prezidenti şirkətdə daha az payı olan Abramoviçi "ağ cəngavər" elan etmişdi.
Sırf ingilis ifadəsi olan "ağ cəngavər" izahı kifayət qədər problemli olan tarixi frazeologiyadır, amma sadə dillə "barışdıran" kimi də izah oluna bilər. Bu şirkətdəki payı 5 faiz, yəni 2,1 milyard dollar olan Abramoviç doğrudan da hərəsinin bu şirkətdəki payı 30 faiz olan Potanin və Deripaska arasında pariteti saxlaya bilmişdi.
Amma 5 il müddətinə bağlanmış bu sülh paktının vaxtı 2017-ci ilin dekabrında bitib və Abramoviç, bəzi xəbərlərə görə öz payını Potaninə satmağa çalışır.
Ötən cümə günü Deripaskanın "Rusal” allüminium şirkəti Londonda Ali Məhkəməyə müraciət edib ki, Abramoviçin investisiya firması öz səhmlərini "Whiteleave” şirkətinə sata bilməsin.
"Rusal” hazırda ağır borcların altında vurnuxur və Abramoviçin payı uğrunda mübarizə aparmaq üçün sadəcə, pulu çatmaya bilər. Əgər Abramoviçin payı "Whiteleave” şirkətinə satılsa, bu, Potaninə Nornikel üzərində nəzarət paketi verəcək.
"Nornikel”in baş icraçı direktoru olan Potanini cümə günü dinləməsində Britaniyanın keçmiş baş prokuroru lord Qoldsmit müdafiə edirdi. Deyilənlərə görə, Qoldsmit başqa rus milyarderlərindən öz xidmətinin bir saatı üçün 960 funt sterlinq alır.
Hakim Stefen Fillips səhm satışına qadağan qoyulmasına dair dinləməni martın 5-dək təxirə salıb. O deyib ki, məhkəmə çox güman iyundan əvvəl başlanacaq.
Beləliklə, son zamanlar bir sıra Rusiya oliqarxları çəkişmə üçün Londonu məkan seçiblər. Bu isə Londonun bir çox vəkillərini milyonçuya çevirir.
Abramoviç 2012-ci ildə sürgün edilmiş oliqarx Boris Berezovski ilə məhkəmə çəkişməsindən 3 milyard funt sterlinq uda bilmişdi. Bundan bir il sonra Berezovskinin meyiti onun Askot yaxınlığında dəyəri milyonlarla funt sterlinq olan malikanəsində tapılmışdı. Deyilənlərə görə həmin məhkəmədə Abramoviçi müdafiə edən vəkil bu işdən 1 milyon funt sterlinq qazanmışdı.