“SEA BREEZE” İŞİNDƏ ABSURD SON: Dava salan Elnur Məmmədov kənarda qaldı, dövlət ittihamçısı məktəbliyə belə cəza istədi


Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə “Sea Breeze”dəki kütləvi dava ilə bağlı məhkəmə araşdırmaları davam edir.

İş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli təqsirləndirilən şəxslərdir. Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar.

“Sea Breeze”dəki olayla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində məhkəmə araşdırmasında olan bu işdən əlavə daha iki cinayət işi olub. Elmir İsmayılov və digərlərinin cinayət işi üzrə zərərçəkən olan Cavad Muradov digər iş üzrə təqsirləndirilən şəxsdir. Buna görə o da həbsdədir, məhkəməyə də istintaq təcridxanasından gətirilir. Onunla birgə zərərçəkən skamyasını bölüşən Elnur Məmmədov isə azadlıqdadır. Təqsirləndirilən şəxslərdən Peyman Vəlizadə, Elmir İsmayılov və Məhəmməd Həsənzadə də həbsdədirlər, Murad Əhmədli isə azyaşlı olduğundan barəsində həbslə əlaqəli olmayan qəti-imkan tədbiri seçilib.

Yanvarın 9-da keçirilən prosesə Elnur Məmmədov və onun nümayəndəsi Cavidan Osmanlı qatılmayıblar. Ötən proseslərdən birinə qatılan Elnur Məmmədov bildirib ki, təqsirləndirilən şəxslərdən hər hansı bir şikayəti, tələbi yoxdur, onlar barışıblar. Prosesdə çıxış edən dövlət ittihamçısı Amin Şəkərəliyev ittiham üzrə təqsirləndirilən şəxslərin hər birinə 2 ilə qədər cəza təyin olunmasını istəyib. Dövlət ittihamçısı məktəbli Murad Əhmədlinin məhkəmə zalında həbs olunmasını, onun barəsində 1 il 9 ay həbs cəzası tələb edib.

Bundan sonra həbsdə olan zərərçəkən Cavad Muradov çıxış etdi. O, təqsirləndirilən şəxslərin hər biri ilə çox yaxşı münasbətlərinin olduğunu, barışdıqlarını, dost olduqlarını hakimin diqqətinə çatdırdı:

- Təqsirləndirilən şəxslərin hər birinin azadlığa buraxılmalarını xahiş edirəm. Onların əməlində hər hansı bir xuliqanlıq əməli yoxdur və olmayıb. Onlar da, biz də 7 aydır qanunsuz olaraq həbsdə saxlanılırıq. Qarşıdan prezident seçkiləri gəlir. Biz cəmiyyət üçün xeyirli vətəndaşlarıq, buraxın, çıxıb gedək evimizə, seçkidə iştirak edək. Biz cənab prezidenti dəstəkləyirik, ona səs verməyə hazırıq. Xahişimiz budur ki, bizi həbsdən azad edin.

Bundan sonra hakim çıxışlara hazırlaşmaq üçün vəkillərə yanvarın 18-nə qədər vaxt verdi. Qısa fasilədən sonra eyni məhkəmə zalında hakim Mirheydər Zeynalovun sədrliyi ilə Cavad Muradov və Şamxal Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırmaları davam etdirildi. Bu iş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və Elgün İsmayılov zərərçəkənlərdir.

Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli dövlət ittihamçısı Amin Kərimbəylinin yanında əyləşərək hakimdən söz istədi. Dedi ki, 5 dəqiqə əvvəl eyni hakimin, eyni dövlət ittihamçısının iştirakı ilə prosesdə o, müdafiə tərəfi olub. Abbas Kərimbəyli dedi ki, indi isə o, ittiham tərəfidir. Vəkil vəsatətlə dövlət ittihamçısına etiraz edərək dəyişdirilməsini istədi. Vəsatət müzakirə olunarkən vəkil Ülvi Məmmədov dedi ki, dövlət ittihamçısı 2-3 dəqiqə əvvəl ittiham etdiyi, cəza tələb etdiyi şəxsləri indi müdafiə edir. Bu isə absurddur. Vəkil vəsatətin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı isə vəsatətin baxılmamış saxlanmasını istədi. Hakim qısa müşavirədən sonra vəsatəti baxılmamış saxladı.

 

 

Bundan sonra zərərçəkənlərdən Elmir İsmayılov sərbəst ifadə verdi. Dedi ki, “Sea Breeze”də davanı salan da, onun maşınını əzən də Elnur Məmmədov olub. Elnur Məmmədov onun maşınını əzəndə Cavad Muradovla Şamxal Məmmədov onun yanında olmayıblar. Elnur Məmmədov dava salanda onun yanında hazırda beynəlxalq axtarışda olan 6-7 nəfər şəxs olublar.



Oxşar Xəbərlər

Xəbər lenti