Maduro əməliyyatı ilə bağlı məxfi məlumat Polymarket qalmaqalına çevrildi


ABŞ əsgəri Maduro əməliyyatı ilə bağlı məxfi məlumatlardan istifadə edərək Polymarketdə mərc oynamaqda ittiham olunur

ABŞ-da federal prokurorlar Fort Bragg hərbi bazasında xidmət edən Van Dyke adlı hərbçini Venesuela lideri Nicolas Maduronun ələ keçirilməsi ilə bağlı gizli hərbi əməliyyat barədə məxfi məlumatlardan şəxsi qazanc üçün istifadə etməkdə ittiham ediblər.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Van Dyke  Maduronun həbs olunması əməliyyatın planlaşdırılması və icrasında iştirak edib. İttihamnamədə bildirilir ki, o, bu vəzifəsi sayəsində əməliyyatın vaxtı və mümkün nəticələri barədə ictimaiyyətə açıq olmayan, məxfi məlumatlara çıxış əldə edib və həmin məlumatlardan Polymarket proqnoz bazarında Venesuela və Maduro ilə bağlı müqavilələr üzrə mərc  yerləşdirmək üçün istifadə edib. 

Prokurorluğun iddiasına əsasən, Van Dyke 2025-ci il dekabrın 26-da Polymarket hesabı yaradıb. Dekabrın 27-dən 2026-cı il yanvarın 2-si axşamınadək o, Maduro və Venesuela ilə bağlı bazarlarda təxminən 13 dəfə “YES” mövqeyi üzrə əməliyyat aparıb. Rəsmi sənədlərdə onun bu mərclərə ümumilikdə təxminən 33 min dollar yatırdığı, nəticədə isə 409 min dollara yaxın qazanc əldə etdiyi göstərilir. 

İttihamnaməyə görə, 2026-cı il yanvarın 3-də ABŞ xüsusi təyinatlıları Maduronu və həyat yoldaşını Karakasdakı iqamətgahında ələ keçirib. Prezidentin əməliyyatla bağlı açıqlamasından sonra Polymarket-də Maduro və Venesuela ilə əlaqəli bir neçə müqavilə “YES” nəticəsi ilə bağlanıb və Van Dyke həmin mövqelərdən mənfəət götürüb. 

Nyu-Yorkun Cənub Dairəsi üzrə ABŞ prokuroru Jay Clayton bildirib ki, proqnoz bazarları məxfi və ya qanunsuz əldə edilmiş məlumatlardan şəxsi qazanc üçün istifadə edən şəxslər üçün “sığınacaq” ola bilməz. Prokurorluq həmçinin Van Dyke-ın əməliyyatdan sonra qazancının böyük hissəsini xarici kriptovalyuta hesabına köçürdüyünü və daha sonra Polymarket hesabının silinməsini istədiyini iddia edir. 

Van Dyke Əmtəə Birjası Qanununun pozulması, elektron dələduzluq və qanunsuz pul əməliyyatı da daxil olmaqla bir neçə federal ittihamla üz-üzədir. Bu ittihamlar üzrə maksimum cəzalar illərlə həbs müddəti ilə nəticələnə bilər, lakin yekun qərarı məhkəmə verəcək. İttihamlar hələ məhkəmədə sübuta yetirilməyib. 

Hadisə proqnoz bazarlarında geosiyasi hadisələrə dair mərclərin  tənzimlənməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Reuters-in məlumatına görə, Van Dyke əvvəlcə Kalshi platformasında hesab açmağa çalışıb, lakin şəxsiyyət yoxlaması ilə bağlı təhlükəsizlik mexanizmləri buna mane olub. Agentlik yazır ki, bu iş proqnoz bazarlarında daxili məlumatlardan istifadənin qarşısının alınması ilə bağlı tənzimləmə boşluqlarını yenidən diqqət mərkəzinə gətirib.

Arzuman Loğmanoğlu

Sozcu.info 



Oxşar Xəbərlər

Xəbər lenti