BMT rəsmisindən Bakıda önəmli açıqlama


Bir çox ölkələrdə olduğu kimi, Malayziyada da hər bir nazirliyin öz inkişaf planı var. Lakin əsas məsələ bu planların bir-biri ilə ziddiyyət təşkil etmədən necə əlaqələndirilməsidir.

Sozcu.info xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) keçmiş icraçı direktoru Maymuna Mohd Şərif (WUF13) çərçivəsində keçirilən “Strateji Ekoloji Qiymətləndirmə  şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” tədbirində çıxışı zamanı bildirib.

BMT rəsmisi qeyd edib ki, əsas məqsəd bütün planların inteqrasiyasını təmin etməkdir:

“İqlim, iqtisadiyyat və ətraf mühit üzrə planlar hazırlandıqdan sonra onların necə əlaqələndiriləcəyi vacib məsələdir. Son günlər ərzində “inteqrasiya olunmuş və vahid planlaşdırma” anlayışını çox eşitmişəm. Malayziyada bu məqsədlə milli siyasət və əsas inkişaf planı mövcuddur. Bu xüsusi plan çərçivəsində Strateji Ekoloji Qiymətləndirmə, sosial təsirin qiymətləndirilməsi və ətraf mühitə təsirin qiymətləndirilməsi birlikdə tətbiq olunur. Məqsəd müxtəlif nazirliklərin planlarını vahid sənəddə birləşdirməkdir. Biz bunu “12-ci Malayziya Planı”, indi isə “13-cü Malayziya Planı” adlandırırıq. Burada bütün nazirliklərin planları bir araya gətirilir. Xüsusi plan çərçivəsində limanların, yeni hava limanlarının, meşə qoruqlarının, yaşayış sahələrinin, yeni sənaye zonalarının və məlumat mərkəzlərinin yerləşəcəyi ərazilər müəyyən edilir. Bu planlar əvvəlcə milli səviyyədə hazırlanır, daha sonra isə Malayziyanın 13 ştatına uyğunlaşdırılır. Hər ştat üçün ayrıca strategiyalar, siyasətlər və hədəflər müəyyən edilir və onlar milli planla uyğunlaşdırılır. Daha sonra bu yanaşma yerli idarəetmə səviyyəsinə ötürülür”.

Maymuna Mohd Şərif diqqətə çatdırıb ki, Malayziyada bir ölkə, 13 ştat və 153 yerli idarəetmə orqanı mövcuddur:

“Yerli planlaşdırma zamanı hər torpaq sahəsinin təyinatı, zonalaşdırılması və istifadəsi milli plana uyğun şəkildə müəyyənləşdirilir. Bundan əlavə, xüsusi əhəmiyyət daşıyan ərazilər, məsələn, irs və ya qorunan zonalar üçün daha detallı xüsusi planlar hazırlanır. Beləliklə, qlobal səviyyədən ölkə, ştat, yerli idarəetmə və layihə səviyyəsinədək bütün mərhələlərdə bu proses planlaşdırmanın ayrılmaz hissəsinə çevrilir, sonradan əlavə edilən yanaşma olmur. İctimai etimadın təmin olunması üçün isə hər mərhələdə ictimai iştirak və müzakirələr təşkil edilir”.



Oxşar Xəbərlər

Xəbər lenti