ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… - Bakının köhnə və yeni başçılarının “deyişməsi”

ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… - Bakının köhnə və yeni başçılarının “deyişməsi”

 

Deyəsən, Bakının başı "Abutalıbov bəlası”ndan heç vaxt qurtulmayacaq. Hacıbala müəllim şəhərin idarəçiliyinə elə bir damğa vurub, burada elə bir ab-hava yaradıb ki, görünür, onun hələ bir neçə xələfi bu "auradan” çıxa bilməyəcək.

Son günlər Badamdarda baş verən sürüşmə və onun nəticələrinə sərgilənən münasibət onu deməyə əsas verir ki, şəhərə rəhbərlik edənlər öz zibillərini onun-bunun üstünə atmaq şakərindən qətiyyən əl çəkmək fikrində deyillər. Və görünür, Azərbaycanda bu tip "aktyorluğun” təməlini qoyanlardan biri olan Hacıbala Abutalıbov, öz "bacarığını” paytaxta hal-hazırda rəhbərlik edən Eldar Əzizova da asanlıqla yoluxdura bilib.

Görün, hazırda baş nazirin müavini vəzifəsini daşıyan və əraziyə, böyük ehtimalla, "Get, öz zibilini özün təmizlə” deyə göndərilən Hacıbala Abutalıbov sürüşmə zonasında tikilən və hazırda təhlükə altında olan evlər və obyektlərlə bağlı nə deyir: "Vəziyyət çox gərgindir. Müvafiq qurumlar rəy versə ki, burada yaşayış mümkün deyil, hamısı söküləcək. Amma burada kompensasiyadan söhbət gedə bilməz, çünki hamısı qanunsuz tikililərdir. Onu tikənlər də bilirdilər ki, bura sürüşmə zonasıdır, amma yenə tikirdilər. İki gün öncə tikilən divar var burada. Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə göstəriş vermişəm ki, qanunsuz tikililər sökülsün. Heç birinin sənədi yoxdur…”

Bunu, 2001-ci ildən 2018-ci ilə kimi Bakının meri sayılan, "Bakılı oğlanlar”ın dili ilə desək, 17 il durmadan Bakını tikən (!) adam deyir! Adama deyən yoxdur ki, indiyə kimi haradaydın, hansı vəzifədəydin, Ulan-Batorun meri idin, ya Bakının?

Deməli, ya Badamdar Bakının ərazisi deyil, ya Hacıbala müəllim həmin ev və obyektlər tikiləndə paytaxtın meri olmayıb, ya da gördüyümüz şeylər əslində mövcud deyil, bütün bu mənzərə hansısa anormal təxəyyülün məhsuludur – yəni artıq bizdə də məlum şəxslərdə olduğu kimi, şizofreniyanın əlamətləri əmələ gəlir!…

Görün, ardınca açıqlama verən və "tarixə baş vuran” Bakının hazırkı de-fakto başçısı Eldar Əzizovnə deyir: "XVIII əsrdə Badamdarda yaşayış olmasa da, sürüşmələr qeydə alınıb. İlk dəfə XIX əsrin ortalarında Bayıl qəsəbəsində sürüşmə olub… Həmçinin vaxtilə bu ərazidə tikinti tikməyə qərar verən adamlar da məsuliyyət daşımalıdır. Onlar landşaftı görəndə tikintinin məqsədəuyğun olmadığını bilməli idilər…”

Birincisi, 18-ci əsrdə Səbailin "icra başçısı”nın kim olduğunu deyə bilməsək də, 2015-ci ildən etibarən Eldar Əzizovun olduğu kəsindir. Və 18-ci əsrdən fərqli olaraq, son 3 ildə də rayon ərazisində qanunsuz tikililərin aparıldığı barədə mətbuatda çoxsaylı məlumatlar dərc edilib. Elə Hacıbala müəllimin özünün də hadisə yerindəki "tarixi nitqində” dediyi kimi, "iki gün öncə tikilən divar var burada”. Bəs görəsən, 18-ci əsrdən "xəbər gətirən” Eldar müəllim bu yaxınlarda aparılan tikintilərdən necə xəbərsiz olub?!

Açıqlamalara fikir verirsinizsə, sanki, əvvəl Abutalıbov-1, sonra isə Abutalıbov-2 danışır. Doğrudan da, belə görünür ki, Eldar müəllim artıq Abutalıbovdan çox şeyi əxz etməyə başlayıb, sözün yaxşı mənasında "Abutalıbov sindromu”na yoluxub… İnanmırsınızsa, hadisə yerindən çəkilən aşağıdakı bu fotoya fikir verin.

Hamı, hətta Hacıbala müəllim də qanıqara görkəm alıb, insanların evləri əlindən çıxır, neçə illik zəhmətləri hədər olur, evsiz-eşiksiz qalırlar, E.Əzizov isə gülür! Nəyə gülür, niyə gülür, bilən yoxdur. Görünür, yoluxmanın ilkin simptomları artıq özünü biruzə verməyə başlayıb…

Lakin günahın "pul alıb tikintiyə icazə verənlərdə yox, tikinti aparanlarda olması”məsələsində yekdil olan bu iki şəxsin fikirləri, sürüşməyə kanalizasiya sisteminin olmamasının təsiri məsələsində haçalanır. Abutalıbov deyir ki, buradakı və sürüşən təpənin arxasındakı binaların kanalizasiya xətti yoxdur: "Sürüşmənin səbəbi sudur, əsas isə kanalizasiya sularıdır”.

Əzizov isə deyir ki, yox, bu təbii fəlakətdir, suyun rolu, demək olar ki, yoxdur. Deməli, görünür, "o təpənin arxasındakı binalar” məsələsində hansısa "uzlaşma” əldə edilməyib, ya da "bölgü”düzgün aparılmayıb…

Bir sözlə, əvvəldə qeyd etdiyimiz kimi, görünən odur ki, Bakıya rəhbərlik məsələsində "iş prinsipləri” dəyişməz olaraq qalır – Abutalıbov getdi, Abutalıbov gəldi…/azpolitika.info/



Oxşar Xəbərlər

Xəbər lenti