Bu gün, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Bütün ölkə Xocalı soyqırımının 27-ci ildönümünü qeyd etdiyi bir gündə, 26 fevral 2019-cu il tarixində Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Tibb Universitetinin Tələbə poliklinikasının ləğv edilməsi haqqında əmr imzalayıb. Hətta həmin tibb müəssisəsində əslən Xocalıdan olan, ailəsini qətliamda itirən Yeganə İsmayılova kimi insanların çalışdığını da nəzərə almayıb.
Bütün ölkənin hüznə büründüyü gün ən azı 37 ailənin dərdlərinin üzərinə bir də ailə üzvlərinin iş yerini itirməsi dərdi gəldi. Belə ki, Oqtay Şirəliyevin imzaladığı əmrlə 13 həkim, 13 tibb bacısı, 11 kiçik tibb işçisi öz iş yerini itirdi. Aralarında əcnəbilər də olan tələbələr isə, müayinə və müalicə alacaqları poliklinikadan məhrum oldular. Görünür bu da Səhiyyə nazirinin prezident İlham Əliyevin yeni iş yerlərinin açılması istiqamətində apardığı siyasətə "tövhəsidir”. Təxminən 40 nəfərin işlədiyi bir müəssisənin ləğv edilməsinin ideya müəllifinin isə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli olduğu iddia edilir. Hərçənd, professorun belə bir təşəbbüslə çıxış etməsinin səbəbini hələ də bilmirik. Eyni zamanda rektorun bu təşəbbüsü ATU-nun Həmkarlar İttifaqı komitələri ilə razılaşdırıb-razılaşdırmadığı da məlum deyil. Düşünürük ki, Azərbaycan Tibb Universitetinin həm Əməkdaşların Həmkarlar İttifaqı komitəsi tərəfindən, həm də xüsusilə Tələbələrin Həmkarlar İttifaqı komitəsi tərəfindən yaranmış vəziyyətə münasibət bildirilməlidir. Bununla bağlı, həmin komitələrə sədrlik edən Cahangir Qasımov və Elvin Kərimli məsələyə aydınlıq gətirməlidirlər. Öz növbəsində Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyevin də 40 nəfərə yaxın tibb işçisinin üzləşdiyi problemə səssiz qalmayacağına ümid edirik.
Mövzunu diqqətdə saxlamağa çalışacağıq.
Yazıda adları çəkilən şəxslərin Azərbaycan Tibb Universitetinin poliklinikasının ləğv edilməsi ilə bağlı yaranmış problemə aydınlıq gətirəcəklərinə çox ümid edirik.
A. Loğmanoğlu,
"Yeni Sözçü” qəzeti