Türkiyə ilə bağlı dəhşətli proqnoz - yenə İstanbul...


“İstanbulda eyni il ərzində iki zəlzələ gözlənilir”.

Bunu Yıldız Texnik Universitetinin Təbiət Elmləri Araşdırma Mərkəzinin sədri, professor Şükrü Ərsoy deyib. İstanbul zəlzələsinin təkcə regional və ya milli miqyasda deyil, qitələrarası və hətta qlobal miqyasda problem yaradacağını bildirən Ş.Ərsoy zəlzələnin baş vermə vaxtilə bağlı təxmini proqnozunu irəli sürməyib: 

“Biz bu iki zəlzələnin eyni ildə baş verəcəyini gözləyirik. Ona görə də yaşanacaq bu hadisə təkcə şəhər, regional və ya milli problem deyil, həm də qitələrarası, hətta qlobal bir problem ola bilər. Çünki Türkiyənin ümumi daxili məhsulunun təxminən 30 faizi İstanbuldadır. İstanbul Türkiyəyə baxır, Türkiyə isə İstanbula baxa bilməz. Ona görə də vaxtımızın hər saniyəsini bu məsələyə sərf etməliyik”.

Qeyd edək ki, İstanbulla bağlı bu qəbildən qorxunc proqnozlar xüsusən də 6 fevral dəhşətli zəlzələsindən sonra vaxtaşırı verilir. İstanbulun qardaş Türkiyə üçün vazkeçilməz önəmini nəzərə alan hökumət bundan dolayı lazım olan tədbirləri görürmü?

Vüsalə Əhmədova: “İldə bir neçə bank müflis elan olunaraq bağlanacaqsa...”

Vüsalə Əhmədova: “Hökumət ehtimal olunan zəlzələnin potensial zərərini minimuma endirmək üçün bir sıra tədbirlər görür”

Türkiyədə yaşayan iqtisadçı-alim Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, sənaye və istehsal mərkəzi olan İstanbul Türkiyə iqtisadiyyatında ən böyük paya malik şəhərdir: “Nahaq yerə demirlər ki, ”İstanbul Türkiyənin ticarət, biznes, investisiya, maliyyə və turizm paytaxtıdır. Türkiyənin ümumi milli məhsulunun 27,5%-i və Türkiyədə toplanan bütün vergilərin 40%-i bu şəhərin payına düşür. Türkiyənin işçi qüvvəsində payı 20,3%, ixracda payı 50,6%, idxalda payı isə 54,6% təşkil edir.

Bu göstəricilərə baxanda, İstanbulda baş verməsi ehtimal olunan güclü zəlzələnin nəticələrini düşünmək belə qorxuducudur. İstanbul Bələdiyyəsi bu ilin fevral ayında baş verən dağıdıcı zəlzələdən sonra İstanbulda ehtimal olunan zəlzələnin nəticələri ilə bağlı hesabat hazırladı. Həmin hesabata görə, əgər 7,5 bal gücündə zəlzələ baş verərsə, orta hesabla 14 min insan həyatını itirəcək, binaların təqribən 43%-i zərər görəcək və 25 milyon ton dağıntı meydana çıxacaq. Ehtimal olunur ki, mümkün zəlzələnin zərəri 68 milyard TL-yə çata bilər.

Hazırkı iqtidar dönəmində 9 dəfə və bundan əvvəlki iqtidarların dönəmində də dəfələrlə “imar affı” qanunu çıxarıldı. Bu qanun sayəsində tikinti qanunvericiliyinə və ya lisenziyaya müvafiq olmayan binalar qeydiyyata alınaraq rəsmiləşdirildi. Ekologiya və Şəhərsalma Nazirliyinin 2018-ci ildə nəşr etdiyi hesabatda bildirilir ki, ümumən Türkiyədə tikinti qanunvericiliyinə zidd inşa edilən binaların sayı 50%-dən çoxdur. Hazırda bu binaların möhkəm olmadığı və yenilənməli olduğu deyilir və bu da təbii olaraq insanlarda narahatlıq yaradır".

Ekspertin sözlərinə görə, 1999-cu ildə baş verən dağıdıcı zəlzələdən sonra 2000-ci ildə Türkiyədə “Doğal Afet Sigortaları Kurumu” yaradılıb və “icbari zəlzələ sığortası” toplanmağa başlanıb: “Sığortanın məqsədi, vətəndaşların zəlzələdən sonra qaldıqları yerdən həyatlarını təhlükəsiz şəkildə davam etdirmələrini təmin etməkdir. Zəlzələ və zəlzələ nəticəsində yaranan yanğın, partlayış, sürüşmə və sunami risklərinin sığortasını nəzərdə tutur. Sığorta haqqı da, binanın yerləşdiyi ərazi, binanın yaşı, tikinti üslubu, mənzilin sahəsi və başqa göstəricilərə müvafiq müəyyən edilir. Bu da təqribən deyim sizə, hər mənzil üçün ortalama illik 600-800 TL edir. DASK sığortası normal mənzil sığortasından fərqlənir. Mənzil sığortası evi və evin içindəki əşyaları sel, oğurluq, yanğın kimi müxtəlif risklərdən qoruyan sığorta növüdür və məcburi deyil. Onu da qeyd edim ki, icbari zəlzələ sığortası müəyyən edilmiş hədlər daxilində təminat verir. Məsələn, 25 noyabr 2022-ci il tarixinə olan maksimum zəmanət məbləği bütün bina növləri üçün 640 min TL müəyyən edilib. Əyər mənzilin dəyəri bu məbləğdən yüksək olarsa, vətəndaş istəyə bağlı olaraq əlavə mənzil sığortası da etdirə bilər.

Əlbəttə ki, yalnız sığorta ilə ehtimal olunan dağıntıların vurduğu zərərin qarşısının alınması mümkün deyil. Hökumət ehtimal olunan zəlzələnin potensial zərərini minimuma endirmək üçün bir sıra tədbirlər görür. Hazırda tikinti standartları yüksəldilib və İstanbulda bir çox binalarda möhkəmləndirmə işləri aparılır. Zəlzələyə meyilli ərazilərdə köhnə tikililər tədricən yeniləri ilə əvəz olunur. Zəlzələ zamanı dağıntı ehtimalını azaltmaq üçün infrastrukturun təkmilləşdirilməsi, o cümlədən körpülərin, yolların, su və qaz sistemlərinin gücləndirilməsi layihələri hazırlanır. Zəlzələ zamanı xilasetmə əməliyyatlarının koordinasiyasına cavabdeh olacaq böhran mərkəzi yaradılıb. Bundan əlavə, xəstəxanaların və digər tibb müəssisələrinin baş verə biləcək fəlakətə hazırlanması üçün tədbirlər görülür".

Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma Ermənistanda türk  görmək istəmirlər”

Ramiyə Məmmədova: “Bu gün ən böyük problem İstanbulda çox sayda insanın yaşamasıdır, şəhərdə binaların 70 faizi köhnədir”

Türkiyədə yaşayan politoloq Ramiyə Məmmədova da mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı. Bildirdi ki, baş verən güclü zəlzələ onu göstərdi ki, Türkiyə bu cür tikilən binalarla güclü zəlzələyə hazır deyilmiş: “Əslində Türkiyə zəlzələ bölgəsində yerləşir. Bundan öncə Türkiyədə zəlzələnin mərkəzindən keçən zəlzələ fayı qırılmışdı. Bunun haqqında məlumatlar verilirdi. Təəssüf ki, bu amilə ciddi yanaşılmadı. Bu zəlzələ 11 şəhəri tamamilə sıradan çıxardı. Nəticədə həm insanlara, həm də ölkəyə külli miqdarda zərər dəydi. Bu da onu deməyə əsas verir ki, Türkiyə 5 baldan yuxarı zəlzələyə hazır deyil. Türkiyənin şərq tərəfində baş verən zəlzələdən sonra İstanbul, Marmara dənizi tərəfdən zəlzələnin olacağı deyilir.

Bu barədə həm Türkiyənin, həm də xarici ekspertlərin proqnozlarında görmək mümkündür. Bu proqnozlar bu gün də, 30 il sonra da özünü doğrulda bilər. İstanbulda zəlzələ həmişə Avropa tərəfdən başlayır. Misal üçün, mənim yaşadığım Avcılar bölgəsindən ən böyük fay keçir, buradan da bütün bölgələrə yayılır. 1999-cu ildə də Türkiyədə zəlzələ baş vermişdi, onda da fay Avcılar istiqamətindən başlamışdı. Avcılarda 70 faizədək ev, obyekt dağılmışdı.

Bu gün ən böyük problem İstanbulda çox sayda insanın yaşaması ilə bağlıdır. Söhbət 20 milyondan çox insandan gedir. Burada həm xarici vətəndaşlar, həm də yerli əhali, immiqrantlar məskunlaşıb. Hər kəs bilir ki, böyük bir zəlzələ olsa, İstanbul buna davam gətirə bilməyəcək. Çünki İstanbulda yeraltı zəmilər çox zəifdir. Əsasən köhnə evlərdi. Yeni tikililərin çox olmaması, yeni binaların tikilməməsi onunla nəticələnə bilər ki, köhnə evlər uça bilər. Kahramanmaraşda yeni binalar belə zəlzələyə davam gətirə bilməyərək çökdü. Yeni tikilən binaların nə dərəcədə dayanıqlı olması artıq dövlətin üzərinə düşür. Dövlət bu sahədə müəyyən işlər görməlidir. Amma hələ ki, Türkiyə buna hazır deyil. Odur ki, gələcəkdə İstanbulda zəlzələ olarsa, bilmirik nələr olacaq. Çünki nə ümumilikdə Türkiyə, nə də İstanbul buna iqtisadi baxımdan hazır deyil. İstanbulda təqribən 2 milyona  yaxın bina, 7 milyona yaxın da həyət evi var. Bunların da 70 faizi köhnə evlərdi. Bu qədər binanın sökülüb yenidən tikilməsi üçün külli miqdarda vəsait lazımdır, özü də lirənin hazırda aşağı düşən vaxtında".



Oxşar Xəbərlər

Xəbər lenti