Leyla Yunus indi də Fransa məhkəməsi qarşısında

 

Eynulla Fətullayev

Tənqidi fikirlərin  toxunulmazlığı və KİV-in azadlığının təminatı yalnız Qərb demokratiyasının simvolik nailiyyəti deyil, həm də dövlətin funksional immun sistemlərindən biridir. Lakin nailiyyət olmaqla yanaşı, ifadə azadlığı sərhədsiz azadlıq anlayışının dərkindən törəyən daha bir mütləq dəyərin – KİV-in məsuliyyətinin məntiqi dərkinə gətirib çıxarıb. Jurnalistin azadlığı harada bitir və məsuliyyəti harada başlayır? Nəzəriyyəçilər hələ də bir ortaq məxrəcə gəlməyiblər, belə ki, bu cür müzakirələr daha çox fəlsəfi və sosioloji xarakter daşıyır, lakin çoxluq, liberalizmin özünün dəyərlərindən çıxış edərək, əmindir – azadlıq digərinin azadlığının başladığı nöqtədə bitir. Jurnalistin məsuliyyət meyarı bu görünməz və kifayət qədər şərti sərhədi keçməyə imkan vermir.

İlk baxışdan bir-biri ilə ziddiyyət təşkil edən, lakin əsl mahiyyətinə görə bir-birini tamamlayan bu iki məfhumdan əlavə, Qərb jurnalist ictimaiyyətinin daha iki əsas və yəqin ki, həlledilməz problemi mövcuddur – tərəfkeşlik və stereotiplik. Azərbaycan son dörddə bir əsr ərzində bununla üz-üzədir. Rəsmi Bakı uzun müddət sərhəd tanımayan, bəzən isə həddini aşan tənqidi səbrlə dinləyirdi. Lakin Fransanın nüfuzlu "France 2” ictimai televiziyasının reportajlarından biri hakimiyyətimizin səbr kasasını daşırdı. Telekanalın jurnalistləri Eliz Lüse və Loran Rişar 2015-ci ilin sentyabr ayında hazırladıqları reportajda Azərbaycandakı siyasi rejimi "qəddar diktatura” adlandırıblar. Görünür, fransız jurnalistlərin bütün etika normalarının həddini aşan məsuliyyətsizliyindən hiddətlənmiş Azərbaycan hakimiyyəti məhkəməyə müraciət etmək qərarına gəlib.

Azərbaycan simvolik kompensasiya – cəmi 1 avro tələb edir, belə ki, bu məsələdə hökuməti maraqlandıran işin yalnız mənəvi tərəfidir. Bizə prezidentə, onun ailə üzvlərinə və ümumilikdə, ölkə hökumətinə toxunan təhqir dolu ritorikaya və əsassız pisləməyə son qoyacaq presedent lazımdır. Axı jurnalistlərin dilindən yalnız qiymətləndirici fikir deyil, milyonlarla televiziya tamaşaçısını qorxuya salan, Avropa Şurasının üzvü olan ölkəni hərbiləşdirilmiş diktaturanın hökm sürdüyü, yaxud hakimiyyətin bir qrup şəxs və ya bir volyuntarist tərəfindən ələ keçirildiyi dövlətlərin sırasına aid edən hökm səslənir.

Beləliklə, 2015-ci ilin sentyabrında iki fransız jurnalist Fransanın keçmiş prezidenti Ollandın Azərbaycana səfəri dövründə özlərinin "CashInvestigation” proqramında Azərbaycanı "dünyanın ən qəddar diktaturalarından biri” elan ediblər. Şimali Koreya, Myanma, Zimbabve və siyasi edam, kazarma sistemi və iqtisadiyyatın hərbiləşdirilməsi yolunu tutmuş digər ölkələrlə müqayisə edərək, dövlətin nüfuzuna böyük zərbə vurulub. Bizdən soruşa bilərlər, fransız telekanalının reportajı ölkənin nüfuzuna hansı zərbəni vura bilər? Cavab veririk: bilavasitə güclü zərbə vura bilər! Diktatorun istəyi ilə qanunların dəyişdirildiyi, xüsusi xidmət orqanlarının hər bir amerikalı turistdə MKİ agenti gördüyü Pxenyana kim səyahət etmək istəyər? Heç kim və ilk növbədə, şəxsi təhlükəsizliyi xatirinə. Azərbaycandakı "diktator rejimi” barədə eşidəndən sonra fransız turistlər, eyni zamanda avropalı səyyahlar yəqin ki, talelərini "diktator ölkəsi”ndə sınamaq fikrindən vaz keçərlər! Axı bu ölkədə heç bir şey, ilk növbədə şəxsi toxunulmazlıq və azadlıq təmin edilməyib! Azərbaycan hökuməti reaksiya verməyə borclu idi, çünki reaksiyanın yoxluğu susqun razılıq əlaməti kimi qəbul edilə bilərdi.

Və budur, sentyabrın 5-də Azərbaycan hökumətinin iddiası üzrə ilk məhkəmə iclası keçirildi. Azərbaycanın maraqlarını məşhur fransız vəkil Olivye Pardo müdafiə edir.

Öz ifadələrində fransız jurnalistlər hakimi inandırmağa çalışıblar ki, reportaj Azərbaycandakı vəziyyətin hərtərəfli analizi və ciddi tədqiqinin nəticəsi olaraq hazırlanıb. Eyni zamanda, guya diktatura ittihamı da daxil olmaqla, hər bir söz ölçülüb-biçilib. Bu ifadələrdən sonra vəkil Olivye Pardo cavabdeh jurnalistlərə Azərbaycanın əhalisinin sayı barədə elementar sual verib. Lakin nə Lüse, nə də Rişar bu sadə suala cavab verə bilməyiblər. Jurnalistlər ölkə barədə azacıq da olsa təsəvvürə malik olmadan hərtərəfli analizdən danışırlar. Qəribə deyilmi?! Vəkilin başqa bir sualı: "Azərbaycanda Bakıdan başqa daha hansı şəhərlərin adlarını sadalaya bilərsiniz?” Yenə də sükut. Jurnalistlər bircə dənə də Azərbaycan şəhərinin adını çəkə bilməyib.

Hiddətlənmiş vəkil təəccübünü gizlətməyib: "Təsəvvür edin ki, hansısa azərbaycanlı jurnalist Fransanı diktator ölkəsi adlandırır?! Bununla belə nə əhalinin sayından, nə də Marsel, Lion və ya Nant kimi şəhərlərin mövcudluğundan xəbəri yoxdur...”

Cavabdehlər bu irada da çiyinlərini çəkərək cavab veriblər. Daha sonra vəkil Olivyenin arqumentləri jurnalistləri lap pis vəziyyətə salıb. Vəkil heç də ritorik səslənməyən suallar verib: "Ölüm cəzasının ləğv edildiyi, qadınların səs hüququ və hüquq bərabərliyi olduğu, sekulyarizmin bərqərar olunduğu, bütün dinlərin və məzhəblərin dinc yanaşı yaşamasının təmin edildiyi, Avropa konvensiyasının milli qanunvericiliyin bir hissəsi kimi tanındığı dövləti diktatura adlandırmaq olarmı?” Suallar, suallar, suallar... Jurnalistlərə yönəlmiş son sual isə, ümumiyyətlə, havadan asılı qaldı: "Bilirsinizmi ki, Azərbaycan vətəndaşları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hüququndan tez-tez istifadə edir və çox vaxt işləri qazanırlar? Azərbaycan hökuməti isə bütün qərarları yerinə yetirir və cərimələri ödəyir. Diktaturada belə bir hal mümkündürmü?” Jurnalistlərin sükutu uzandı. Və bu sükut vəkilin erməni diasporunun müşayiəti ilə Azərbaycanı qəddar diktaturada ittiham edən Fransa parlamentindəki yeganə ermənipərəst deputat F.Roşbluanın missiyası barədə əsas sualdan sonra da pozulmadı!

Fransız jurnalistlərin "diktatura repressiyaları”nın qondarma qurbanlarının – öz şahidlərinin köməyinə müraciət etməkdən başqa çarələri qalmayıb. Məhkəmə zalına ürəkbulandırıcı səviyyədə tanış Yunus cütlüyü daxil olub. Bu yaxınlarda məlum olduğu kimi, bu cütlük, ələlxüsus da Leyla Yunus, hakimiyyətlə separat sövdələşməyə gedərək, Birinci vitse-prezident Mehriban Əliyevaya rəğbətini bildirib. Fransız məhkəməsində isə bu simasızlar və yalançılar başqa dona girmişdilər – Aleksey Tolstoyun "Buratinonun sərgüzəştləri” nağılının komik personajları olan Tülkü Alisa və Pişik Bazilio sayağı döyülmüş, yazıq qurbanlar cildinə. Bu dəfə də onların köməyinə qocayana əl ağacı, volakardin və ağ saçlı parik gəlib.

Lakin Leyla Yunusun qarşısındakı təcrübəli fransız vəkili Olivye idi. Kəskin və yandırıcı suallar yağışı altında bu qadın özünün o qədər də şərəf gətirməyən işləri barədə danışmağa məcbur olub. Lyudmila Alekseyeva sayağı ağ saçlı parikdə olan hüquq müdafiəçisi etiraf etməyə məcbur olub ki, müdafiə nazirinin müavini vəzifəsində çalışıb, həbsxanada olarkən isə mütəmadi olaraq həkim müayinəsindən keçib və avropalı parlament üzvləri ilə görüşüb. Və bu vaxt vəkil ustalıqla sual verir: "Belə bir şey diktaturada mümkündürmü?” L.Yunus cavabdan qaçdı. Məhkəmə zalında oturanların hamısı anlayırdı ki, diktator Pxenyanının həbsxanasında olsaydı, Yunusun taleyi necə acınacaqlı ola bilərdi. Tək botulizmlə canını qurtara bilməzdi...

Bu vaxt Yunus başlayır Azərbaycanda talışların milli mənsubiyyətinə görə izlənməsini nəql etməyə. Əlbəttə ki, 90-cı illərin əvvəllərində Bakıdan və Xanlar rayonundan ermənilərin deportasiyasını qeyd etməyi də unutmur. Bəs necə, axı məhz Leyla Yunus və Hikmət Hacızadə Azərbaycanın ikinci şəhəri olan Gəncənin həndəvərindən saqqallı erməni quldurlarının çıxarıldığı "Üzük” xüsusi əməliyyatının keçirildiyi günlərdə Pribaltikada erməni əhalinin hüquqlarının müdafiəsi üzrə kampaniya keçirirdilər.

Sonra Arif Yunusun növbəsi çatdı. O da etiraf etməyə məcbur olub ki, Azərbaycan prezident administrasiyasının analitik mərkəzinin başçısı vəzifəsində işləyib. Eyni suallar, eyni cavablar. Və adəti üzrə, Arifin halı pisləşir. Məhkəməyə, Bakıdakı Molyersayağı tamaşalar vaxtı olduğu kimi, həkim çağırılır. Bakı proseslərindən yaxşı tanış olan yalançı xəstəni volokardin özünə gətirir. Leyla isə özünü həmin o populyar səhnədə olduğu kimi aparır və "kiçik su” üçün zaldan çıxmaq istəyir. Vəkilə tərəf özünün adət etdiyimiz qeyri-adekvat maniakal-depressiv nəzərlərini yönəldərək, özünəməxsus tərzdə qışqırır: "Hər şeyə görə cavab verəcəksiniz!” Fransız o qədər də anlamadı – kimə və nəyə görə cavab verməlidir.

Daha sonra Yunus cütlüyü çıxışa doğru yönəlir. Çıxarkən Leyla əl ağacını yaddan çıxarır. Səhnə arxada qalıb. Ağ saçları isə tez bir şəkildə cazibədar sarışın saçlarına dəyişmək lazımdır. Və bu zaman maraqlı və qalmaqallı epizod baş verir. Leyla Yunus zalda əyləşənlər arasında Azərbaycanın ATƏT-dəki nümayəndəliyinin başçısını, fransız diplomat Aleksis Şahtaxtinskini görür. Zalı tərk edərkən qadın nəyə görəsə acığını ondan da çıxmaq istəyir və sevimli ifadəsini təkrarlayır: "Hər şeyə görə cavab verəcəksiniz!” A.Şahtaxtinskinin kimə və nəyə görə cavab verməli olduğunu isə L.Yunus dəqiqləşdirməyib.

Nəhayət, məhkəmədə cavabdehlərin üçüncü şahidi - məşhur beynəlxalq jurnalist təşkilatı "Sərhədsiz reportyorlar”ın nümayəndəsi Yohan Bir çıxış etdi. Vəkil Olivye Birə yaxınlaşdı və hüquq müdafiəçisini özünün gözlənilməz sualı ilə lap yerə uzatdı: "Sizin təşkilatın sonuncu reytinq cədvəlinə görə Fransa KİV azadlıqlarına görə dünyada 38-ci yeri tutur. Diktatorluq irsinə malik olan Surinam adlı ölkə isə cədvəldə 29-cu yerdədir. O zaman Fransanı diktatura adlandırmaq olarmı?”

Vəkilin bu sualına Bir dolaşıq, qeyri-müəyyən cavab verməyə çalışdı.

Parodiyanı xatırladan cütlüklə yanaşı, fransalı telejurnalistləri müdafiə etmək üçün məhkəməyə "siyasi mühacirət”in məşhur nümayəndələri də gəlmişdi. Dəhlizdə onlardan biri - Qənimət Zahid əsəbi halda irəli-geri vurnuxurdu. Ona məhkəmədə çıxış etməyə icazə verməmişdilər. Qənimət hələ də xarici dillərdən birini mənimsəyə bilməyib. Nə qədər ayıb və miskin görünsə də, jurnalist hələ də yalnız azərbaycanca danışa bilir. Görünür, məhkəmə hakimi katiblikdə türkdilli tərcüməçi tapa bilmmişdi. Qənimətin yanında fotoqraf Aqil Xəlil də göründü. Fransalı telejurnalistlərin məsuliyyətsiz dəyərləndirmələrinə görə cəzalandırılması perspektivi bir çox siyasi mühacirlərin, durnanı - demokratiya uğrunda asketik mübarizəni Parisdə qaçqın vəsiqəsinə dəyişənlərin ürəyinə bərk qorxu salmışdı.

Xəlildən başqa Əli Kərimlinin "haqq işi uğrunda” mübarizəsində digər tərəfdaşı Rahim Hacıyev də göründü. O da çox gülməli personajdır, bir növ qalın linzalı sovet eynəyi taxmış, dünyaya təkcə heyratamiz sovet eynəyindən deyil, ötən əsrlərin ensiklopediyaçılarının və yakobinçilərin əyləncəli hekayələrindən baxan Şurikdir. Və o, Qənimətin kövrək çiyinləri arxasında dayanıb. Bu qəribə tiplər nə üçün və nəyin naminə mübarizə aparırlar? Bir sözlə, Fransanın düz qəlbində məhkəmə zalında belə bir mənasız və birmənalı şəkildə əhəmiyyətsiz mənzərə.

Kərimlinin Şuriki siyasi məcarapərəstlərin daha bir parlaq nümayəndəsi - hansısa Qəni Novruzovla nə barədəsə qızğın müzakirə aparır. Və o da hansısa möcüzəli yolla "cəngavərlər”in arasına düşüb.

Lakin bu marginal "milli demokratlar”ın dəstəsində Fransadakı erməni diasporunun nümayəndələrinin də görünməsi lap təəcübləndirdi. Görünür, ermənilər öz mübarizə yoldaşlarını dəstəkləməyə gəlmişdilər. Axı həmin erməni lobbiçilərinin və bütün bu qənimətəbənzərlərin məqsədi eynidir - Azərbaycanla müharibə. Fotolardan görünür ki, "milli demokratlar” erməni fəallarla nə barəsindəsə qızğın söhbət edir.

Təəsüf ki, Fransada Azərbaycandan olan marginallar - "milli demokratlar”la bağlı hansısa ikibaşlı situasiya yaranır. Nəyə görəsə Fransa hakimiyyəti bu "diktaturaya qarşı mübarizləri” qollarını geniş açıb öz ağuşuna qəbul edir. Məsələn, Azərbaycan təhsilinin bütün dövlərinin ən korrupsiyalaşmış rektoru Elşad Abdullayev hələ də Fransada gizlənir. Bu fırıldaqçı müstəqilliyin ilk illərində o vaxtlar çox az adama tanış olan "San-Marino” adında universitet açmışdı. Elə həmin universitetdə cərrah kabineti yaratmışdı və ağ xalatlı cinayətkarlar həmin kabinetdə sağlam insanların orqanlarını çıxarıb Albaniyada satırdılar. E.Abdullayev insan orqanları ilə kifayət qədər uzun müddət - düz 2011-ci ilə, Fransaya qaçana qədər məşğul oldu. Və Azərbaycan hakimiyyətinin tələblərinə baxmayaraq, E.Abdullayev ədalət mühakiməsindən fransız humanizminin qanadları altında gizlənir.

Keçmiş prokuror Vidadi İsgəndərov da orada özünə sığınacaq tapıb. Prokuror olanda V.İsgəndərov cinayət işlərindən vaqonlarla oğurlayırdı, sonra onun prokuror piştaxtasını bağladılar. Və dövlət ittihamçısı dönüb hüquq müdafiəçisi oldu. Bu yaxınlarda V.İsgəndərovdan doğma anası və qardaşı da imtina edib - ənənələrə sadiq Azərbaycan cəmiyyəti üçün heyrətamiz haldır. Vidadi uzun müddət Gürcüstanda gizləndi, lakin "milli demokratlar”ın Gürcüstan xəlvəti yuvasının dağıdılmasından sonra Tiflisdəki fransız səfirinin köməyi ilə Parisə qaçdı. Yeri gəlmişkən, vaxtilə bir saatın içində beş illik Fransa vizası almış Yunus cütlüyü də fransız kanalından istifadə etmişdi. Qanunsuz yollarla əldə etdiyi pullar hesabına Avropa paytaxtlarında və Türkiyədə mənzillər almış hüquq müdafiəçisi aeroporta Fransa səfirliyinin avtomobilində qaçmışdı...

Fransa hökuməti və Bakıdakı səfirlik tərəzinin bir gözünə Azərbaycan hakimiyyəti ilə tərəfdaşlığı, digər gözünə siyasi mühacir vəsiqələri altında gizlənən siyasi hoqqabazları və xırda oğruları himayə etməyi qoymalıdır. Bunun siyasətə, xüsusən də, insan haqlarına heç bir dəxli yoxdur.

Fransız jurnalistlərinin məsuliyyət məsələsinə gəldikdə isə, məhkəmə hökmü noyabrın 7-də çıxaracaq. Simvolikdir, diktaturanın yeni formasının - "proletariat diktaturasının” meydana çıxdığı Böyük Oktyabr inqilabının ildönümündə. Fransız jurnalistləri həmin gün tarixə baş vurmalıdır və görməlidir ki, diktatura zamanlarında insanların başlarına nə gəlirdi... 



Oxşar Xəbərlər

Xəbər lenti