Bakı Nəqliyyat Agentliyində söz sahibi kimdir?

 


Ziya Bünyadzadənin kadları paytaxt nəqliyyatına nəzarəti yenidən ələ keçirir

Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Bakı Nəqliyyat Agentliyi vətəndaşların təhlükəsizliyini işbazların varlanmaq həvəsinə qurban verir.

Redaksiyamıza daxil olan məlumatda deyilir ki, 14 sentyabrda 39 saylı marşurut üzrə hərəkət edən dövlət nömrə nişanı Az10 TG 274 olan, DAEWOO markalı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılması nəticəsində bir qadın ağır olmaqla bir neçə şəxs yaralanmışdı. Qeyri-rəsmi mənbələrdən redaksiyamıza daxil olan məlumata görə bu hadisə nəticəsində yaralanan qadın sonradan xəstəxanada dünyasını dəyişib. Xəstəxanada qadının hamilə olduğu da məlum olub. Qeyd edək ki, bu olaya səbəb olan sürücü hadisə yerindən qaçmışdı. Bu isə Azərbaycan qanunlarının ayaqlar altına atılması ilə yanaşı, hadisə yerindən qaçan sürücünün mərhəmət və insanlıq hisslərindən nə qədər uzaq olduğunu da göstərirdi.

Qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi də araşdırma aparmağa başlamışdı və 39 saylı marşurutun sahibinin dəyişdirilməsi gündəmə gəlmişdi. Qeyd edək ki, 39 saylı marşurut Mirzəyev Araz Əliş oğluna məxsus olub. Sentyabrın 14-də baş verən hadisədən sonra Bakı Nəqliyyat Agentliyi 39 saylı marşurutun rəhbərliyinin dəyişdirilməsinə qərar veribmiş. Ancaq az sonra məsələlər dəyişməyə başlayıb. İddialara görə, Bakı Nəqliyyat Agentliyində əsas söz sahibi olan baş direktorunun müşaviri Mübariz Abbasovun olaylara müdaxiləsindən sonra vəziyyət dəyişib. Belə ki, 39 saylı marşurutun sahibliyinin formal olaraq dəyişdirilməsinə, ancaq onun əsas sahibində saxlanılmasına qərar verilib. Beləliklə də məlum olur ki, Bakı Nəqliyyat Agentliyi vətəndaşların təhlükəsizliyini deyil, işbazların maraqlarını müdafiə edir. Bu isə onu göstərir ki, Bakı Nəqliyyat Agentliyi yaradılmasına səbəb olan vəzifənin öhdəsindən gələ bilməyib.

39 saylı marşurut ətrafında baş verənlər Bakı Nəqliyyat Agentliyində əsas söz sahibinin kim olması ilə bağlı cəmiyyətdə yaranan təsəvvürləri daha da gücləndirir. Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin faəliyyəti ilə bağlı əsasən bir şəxsin, baş direktorun müşaviri Mübariz Abbasovun adına rast gəlmək olar. Məsələn, Bakı Nəqliyyat Agentliyi taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparacağı haqqında məlumatı mediaya Mübariz Abbasov açıqlayır.

Bakı Nəqliyyat Agentliyinin monitorinqləri bəzi sahibkarların sürücüləri gündə 15 saatadək işlətdiyi, qarlı günlərdə isə əksinə, bəzi marşrutların cəmi 5 saat işlədiyini üzə çıxarır. Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov sahibkarlarla görüşərək şəhərdaxili marşrutlarda yaşanan bu kimi neqativ halları onların diqqətinə çatdırır.

Ümumiyyətlə isə internetdə kiçik bir araşdırma aparmaqla görmək olur ki, Bakı Nəqliyyat Agentliyini tədbirlərdə, monitorinqlərdə, istehsalat bazalarında sürücülərlə görüşlərdə və mediaya açıqlamalarında bir şəxsin, Bakı Nəqliyyat Agentliyi baş direktorunun müşaviri Mübariz Abbasovun adına rast gəlmək olar. Qeyd edək ki, bu çox yanlış haldır. Belə ki, baş direktorunun müşaviri Mübariz Abbasov məsul şəxs deyil. Onun vəzifə yükü vəzifəsinin adından da məlumdur. Bu adam sadəcə baş direktorun müşaviridir. Onun qərar vermək kimi səlahiyyətləri olmadığı kimi, Bakı Nəqliyyat Agentliyinin idarəçiliyi ilə bağlı məsuliyyəti də yoxdur. Bu məqam isə ciddi anlaşılmamazlıq yaradır. Əgər, Bakı Nəqliyyat Agentliyi Mübariz Abbasov olmadan fəaliyyət göstərə bilmirsə, o zaman bu şəxsin vəzifəsini gördüyü işlərə uyğun yüksəltmək lazımdır. Yox, əgər Mübariz Abbasovun Bakı Nəqliyyat Agentliyinin idarə olunmasında fəaliyyəti fövqəladə əhəmiyyət daşımırsa, bu zaman Agentliyin tədbirlərində daha yüksək çinli vəzifə sahibləri iştirak etməlidir. Burada onu da nəzərə almaq lazımdır ki, Mübariz Abbasov demək olar ki eyni vəzifəni Bakı Nəqliyyat Agentliyinin sələfi hesab oluna biləcək Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin "Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyətində icra edib. Sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı Ziya Bünyadzadənin rəhbərlik etdiyi "Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC-nin paytaxt nəqliyyatını hansı rəzil vəziyyətə saldığı hər kəsə məlumdur. Həmin qurumda əsas söz sahibi olmuş Mübariz Abbasovun indi Bakı Nəqliyyat Agentliyində əsas söz sahiblərindən birinə çevrilməsini anlamaq olmur. Görünür, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimlini buna vadar edən önəmli səbəblər olub. Əks halda "Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC-nin paytaxt nəqliyyatında yaratdığı ağır vəziyyəti aradan qaldırmaq üçün yaradılan Bakı Nəqliyyat Agentliyində Mübariz Abbasov əsas söz sahibinə çevrilməzdi. Bu ictimaiyyət tərəfindən paytaxt nəqliyyatına nəzarətin yenidən Ziya Bünyadzadənin kadlarının əlinə keçməsi təəssüratını yaradır.

Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Yazıda adları çəkilən qurum və şəxslərin də mövqeyini dinləməyə hazırıq.

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti