8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sözçü.info xəbər verir ki, 200-dək vətəndaşımızın DİN-in "102" Xidməti-Zəng Mərkəzinə müraciətindən sonra hüquq-mühafizə orqanlarının başladığı ilkin araşdırmalara görə, bir qrup kiber dələduz xüsusi olaraq virus-proqramların yayılması üçün Rusiya ərazisində "www. police-azerbaijan.pw” adlı sayt açaraq, Azərbaycanda vətəndaşların mobil telefonlarına müdaxilə yoluyla Daxili İşlər Nazirliyinin adından xüsusi bildirişlər göndərməklə, onlardan pul tələb edirmişlər.
Vətəndaşlara Daxili İşlər Nazirliyinin adından göndərilən bu bildirişlərdə qeyd olunurmuş ki, onlar pornoqrafik məzmunlu saytlara girdikləri üçün 80-120 manat məbləğində cərimə olunublar və telefonun bloklanmaması üçün mütləq "Yandex.money”, "Webmoney” və "Qivi” virtual pul kisələrinə terminallar vasitəsiylə cərimələri ödəməlidirlər.
Üstəlik, bildiriş göndərilən vətəndaşlar onunla təhdid edilirmiş ki, əgər cərimənin ödənilməsindən imtina etsələr və yaxud cəriməni ödəmədən bloklanmanı açmağa cəhd göstərsələr, dərhal həbs olunmaları üçün yaşayış yerlərinə əməliyyat qrupu göndəriləcək.
Azərbaycan DİN-inin müvafiq qurumlarının apardıqları ilkin əməliyyat-texniki tədbirlərlə müəyyən edilib ki, kiber dələduzlar Rusiyanın Voronej şəhərində qeydiyyatda olan Valeriya Dolbilovanın adına "www. police-azerbaijan.pw” adlı sayt qeydiyyatdan keçirərək, məhz bu sayt üzərindən telefonlara kütləvi şəkildə virus-proqramlar daxil etməklə, belə bir cinayət əməlinə qol qoyublar.
Hazırda dövlət qurumunun adından törədilmiş bu cinayət əməlinin iştirakçılarının həbsi üçün artıq Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiya Daxili İşlər Nazirliyinin müvafiq qurumlarıyla birgə iş apardıqları, aidiyyəti sorğu və sənədlərin Rusiya DİN-nə təqdim edildiyi də bildirilir.