Novruz Məmmədovun çətin missiyası

 


 

Fransız dili müəllimi i iqtisadiyyatımızı böhrandan çıxarmaq mümkün olacaqmı?Hər şey bacarıq və qabiliyyətdən aslıdır.

 

Hakimiyyətin bütün cəhdlərinə baxmayaraq Azərbaycan iqtisadiyyatının  neft və qazdan asılılığı hələ ki, aradan qaldırılmayıb. Bunun ən bariz nümunəsi 2018-ci ilin I rübü ərzində qeyri-neft sektoru üzrə ixracın 356,4 milyon ABŞ dolları təşkil etməsidir.2018-ci ilin I rübü ərzində ixrac olunan qeyri-neft sektoruna aid məhsullar arasında isə birinci elektrik enerjisi  (33,9 milyon ABŞ dolları), qızıl (30,9 milyon ABŞ dolları), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (26,3 milyon ABŞ dolları) olmuşdur. Qeyd edək ki, Gürcüstan  Statistika İdarəsinin məlumatına görə qonşu dövlətin həmin dövrdə ixracının həcmi 700 milyon dollar olub. Ermənistan Statistika Komitəsinin məlumatında  deyilir ki,  bu ölkənin 2018-ci ilin birinci rübündə ixracın həcmi 596 milyon dollar təşkil edib.  Maraqlıdır, 10 milyon əhalisi olan Azərbaycan 4 milyona yaxın əhalisi olan Gürcüstandan və 3 milyondan az əhalsi olan Ermənistandan daha az qeyri-neft məhsulu ixrac edib.

Göründüyü kimi orta hesabla qeyri-neft ixracından üç nəfər  Azərbaycan vətəndaşının payına düşən gəlir, Gürcüstanın və Ermənistanın bir vətəndaşının payına düşən gəlirdən azdır. Məhz bu,  vətəndaşların rifah halına ciddi təsir edən amildir. Azərbaycanın qeyri-neft məhsullarının ixracında qızılın, elektrik enerjisini və digər bu kimi məhsulların da olduğunu nəzərə alanda Azərbaycan vətəndaşının ixrac prosesində qonşu ölkələrə nisbətən daha az gəlir əldə  etdiyi məlum olur. Onu da  qeyd edək ki, Gürcüstanda  təkrar ixracat önəmli yer tutur. Bu isə ilk növbədə Gürcüstanda yaradılmış azad iqtisadi sistemin nəticəsində mümkün olmuşdur. Bu amil Gürcüstan vətəndaşlarına və şirkətlərinə beynəlxalq ticarətin bir parçası olmaq imkanı verir. Təkrar ixracatla Gürcüstan vətəndaşları üç ölkə arasında körpüyə çevrilirlər. Bu həmin ölkələrin bir-biri ilə daha yaxşı siyasi və iqtisadi  müansibətlər qurmasına da təsir edir.

Gürcüstanın ixracında diqqət çəkən məqamlardan biri də yarımfabrikat məhsullarının çəkisinin artmasıdır. Ötən il Gürcüstanın yarımfabrikat məhsullarının ixracında 157 faizlik artım müşahidə olunub. Bu isə Gürcüstanda emal sənayesinin inkişafının, onun dünya bazarlarında əsas yer tutmaq üçün  rəqəbətə davamlı məhsullar istehsal etmək qabiliyyətindən xəbər verir. Təəssüf ki, Azərbaycan iqtisadiyyatında oxşar vəziyyət hələ ki,müşahidə edilmir. Gürcüstanın ixrac etdiyi məhsulların siyahısının genişlənməsi də bu ölkənin düzgün  iqtisadi inkişaf kursu götürdüyündən xəbər verir. Gürcüstanın xarici ticarətdəki uğurlarından biri də Avropa Birliyi ilə ticarət dövrüyəsinin artmasıdır. Avropa Birliyi dünyanın ən varlı və stabil məkanı olduğu üçün ticarət əlaqələri çox önəmlidir. Gürcüstanın ABŞ-la da ticarət dövriyəsinin artması  qonşu respublikanın iqtisadi kursunun düzgün istiqamətindən  xəbər verir.

Ermənistan iqtisadiyyatı isə  Azərbaycan iqtisadiyyatı kimi əsasən təbii sərvətlər üzərində qurulub. Ancaq fərqli cəhət də var. Ermənistanın ixracı əsasən qızıl və mis üzərində qurulubsa, Azərbaycanın ixracı neft, qaz, qızıl və elektrik enerjisi üzərində qurulub. Bütövlükdə isə Azərbaycanın qeyri-neft sektorunun hər iki qonşu ölkə ilə müqayisədə geri qaldığı onun ixrac potensialından da aydın görünür.

Artur Rasizadə hökuməti bu vəziyyəti dəyişə bilmədi. İxtisasca mühəndis olan sabiq baş nazirin edə bilmədiyini ixtisasca fransız dili müəllimi olan, 71 illik ömründə bir gün də olsun iqtisadiyyatla məşğul olmayan  Novruz Məmmədov edə biləcəkmi? Bəlkə Novruz Məmmədov Artur müəllimdən  12 yaş cavan olmasına və enerjisinə güvənir?  Amma 71 yaşın özü də az yaş deyil. Bu Azərbaycanda orta yaş həddində olan bir ömürdür. Bütün bunlar bir daha göstərir ki, Novruz Məmmədov cənablarını qarşıda çətin işlər gözləyir. Onun baş nazir  vəzifəsinin öhdəsindən nə qədər uğurla gəlib-gəlməməsini zaman və bir də Azərbaycan  vətəndaşlarının sosial həyat tərzi göstərəcək. Biz isə ilk öncə  Növruz Məmmədova yeni və məsul vəzifəsində  uğurlar diləyirik.

Ancaq iqtisadiyyat vətəndaşın baş nazirə uğur arzu etməsi ilə düzəlmir. Bu sahədə daha ciddi və uğurlu  iqtisadi islahatların aparılması lazımdır.  Novruz Məmmədovun başçılıq etdiyi Azərbaycan hökuməti öz vətəndaşlarına Gürcüstandakı şəraiti və həmçinin  azad biznes imkanlarını yaratmalıdır. Bundan sonra ixracatda vəziyyət köklü şəkildə dəyişəcək. Azərbaycan xalqı biznes qurmaq qabiliyyətini artıq sübut edib, sadəcə ona bu qabiliyyətini reallaşdırmaq imkanı yaratmaq lazımdır. Hökumətin qarşısında duran əsas vəzifələrin biri də məhz budur.

A.Nəbiyev,

"Yeni Sözçü” qəzeti


 



Oxşar Xəbərlər

Xəbər lenti