MTN-çilərdən daha birinin cəzası azaldıldı

MTN-çilərdən daha birinin cəzası azaldıldı

 

Həbsdə olan sabiq MTN-çilərdən daha birinin cəzası azaldılıb. Nazirliyin Nəqliyyat və Energetika və Sahələrində Təhlükəsizlik Baş İdarəsinin tabeliyindəki idarələrdən birinə rəhbərlik etmiş Akif Əliyevincəzası 1 il azaldılaraq, 4 ilə endirilib. Bu barədə Ali Məhkəmədə qərar çıxarılıb. Qərara əsasən, A.Əliyevə verilən ittiham maddələri də dəyişib.

Çovdarov şikayətindən imtina edib

A.Əliyev Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarənin rəisi Akif Çovdarovla birlikdə mühakimə olunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilən A.Çovdarov da vəkili Kamandar Nəsibov vasitəsilə Ali Məhkəməyə kassasiya şikayəti vermişdi. Hətta onun oğlu Ruslan Çovdarov və qızı Aida Qasımova da ataları haqqında hökmdən onların adına olan əmlakların müsadirəsi hissəsi ilə əlaqədar şikayət etmişdi.

Amma A.Çovdarov saxlandığı 9 saylı Cəzaçəkmə Müəssisəsindən Ali Məhkəməyə məktub göndərərək, kassasiya şikayətini geri götürmək istədiyini bildirib. Məhkəmə də onun ərizəsini nəzərə alaraq, şikayətin baxılmadan geri qaytarılması barədə qərar qəbul edib.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib.

Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. Bakı Apellyasiya Məhkəməsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib.

MTN generalı Akif Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilədək həbs cəzası kəsilib.

Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub.

Nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova və daha yeddi nəfər isə birlikdə mühakimə olunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə, o cümlədən N.Mürvətovaya şərti cəza, qalanlarına isə 3 ildən 14 ilədək həbs verilib.

Bakı Hərbi Məhkəməsinin hökmündə onların rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.

Onlardan təxminən iki il sonra – 2017-ci ilin noyabrında sabiq nazir Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov da həbs olunub. Hazırda onun məhkəməsi gedir.

Həbs olunan sabiq MTN-çilərdən biq qismi artıq azadlığa buraxılıb.

2015-ci ilin dekabrında MTN ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb./"Azadliq" radiosu/



Oxşar Xəbərlər

Xəbər lenti