8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda təqsirli bilinən Elşən Cabbarov, Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Sozcu.info xəbər verir ki, onların barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən edilməyib.
Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur.
Elşən Cabbarov Bulat Ağabəyovun "hərəkətlərini” gizli kamera ilə lentə aldığı görüntüləri yayıb onu biabır etməmək müqabilində bir ilə yaxın müddətdə ondan hər ay 7 min manat pul almaqda şübhəli bilinib.
Eyni zamanda Elşən Cabbarov ifşa etməmək müqabilində Bulat Ağabəyovla 60 min manat, B. Ağabəyovun göstərişi ilə sürücüsü Azər Hüseynovla isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib.
Bundan başqa, Elşən Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq törətməkdə şübhəli bilinib.
İstintaq sənədlərinə görə, Elşən Cabbarov bu cinayətlərini Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirova ilə birlikdə törədib.
Bundan başqa, mütəşəkkil dəstənin üzvləri Nizami Həsənova, Qənbər Həsənova, Rəcəb Ağayevə, Röyal Həsənova qarşı da dələduzluq ediblər.
Elşən Cabbarov Salyan rayonunda ən imkanlı ticarətçilərdən sayılıb.
İstintaq orqanı tərəfindən Elşən Cabbarovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.