250 manata görə düşmən olan dostlar

 

Dostlar arasında mübahisə borc pul üstündə düşüb. Dostundan dəfələrlə pulunu geri istəsə də, ala bilməyib. Hadisə baş verən gün isə...

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 26 yaşlı Kamran Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Prosesə hakim Eynulla Vəliyev sədrlik edib.

İttihama görə, Kamran Həsənov ötən il aprel ayının 22-də borc pul üstündə aralarında yaranmış mübahisə zamanı tanışı Etibar Mustafayevin baş nahiyəsinə küt əşya ilə zərbə vuraraq ona ağır xəsarət yetirib.

Törətdiyi cinayət əməlinə görə K.Həsənova qarşı Cinayət Məcəlləsinin 126.1(qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Kamran Həsənov elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində qardaşı İmranla birlikdə ət mağazasında fəhlə işlədiyini, evlərə, ofislərə kabab, ət daşıdığını, həmçinin heyvan kəsməklə məşğul olduğunu göstərib: ”Etibarı on ildir tanıyıram. Xalamgilin qonşuluğunda yaşayır. Münasibətlərimiz həmişə yaxşı olub. Hətta bir müddət bir yerdə kirayədə qalmışıq. Dəfələrlə Etibara maddi köməklik göstərmişəm”.

 

Sonuncu dəfə ötən ilin mart ayında E.Mustafayevə borca pul versə də, borcunu geri ala bilməyib. Elə hadisənin baş verməsinə səbəb də borc söhbəti olub: "Etibara 350 manat pul vermişdim,100 manatını qaytarsa da, qalanını qaytarmırdı. Hadisə günü zəng vurub görüşmək istədiyini dedi. "Semaşko” xəstəxanasının yaxınlığında görüşdük. Qardaşım İmran da yanımdaydı. Söhbət əsnasında Etibardan pulumu geti tələb edəndə məni nalayiq söyüşlərlə söyüb təhqir etdi. Üzümü çevirib getmək istəyəndə sifətinə yumruqla vurdum, yerə yıxıldı, başı asfalta dəydi. Onu söyüş söydüyünə görə vurmuşam”.

Zərərçəkmiş şəxs qismində dindirilən Etibar Mustafayev ifadəsində Kamranla dost olduqlarını, ondan borc pul aldığını, pul söhbətinə görə münasibətlərinin pozulduğunu göstərib: "Kamran qardaşı ilə birlikdə gəlmişdi. Görüşəndə dedim ki, indi pulum yoxdur, olanda verərəm. Kamran isə pulu məcburi şəkildə tələb edəndə söydüm və üzümü çevirin getmək istədim. Qəflətən başımın arxasından nə iləsə vurdu. Əlindəkinin nə olduğunu görmədim. Zərbədən huşumu itirib yerə yıxıldım. Kamranla qardaşı isə çıxıb getdilər. On-on beş dəqiqəyə kimi elə oradaca qaldım. Sonra bir nəfər gəlib yaxınlıqdakı xəstəxanaya apardı”.

Məhkəmənin hökmü ilə Kamran Həsənov 3 il müddətinə azadlıqdan məhrum edilib.

İnarə Rafiqqızı



Oxşar Xəbərlər

Xəbər lenti