Həbsdəki sabiq icra başçısının adı əfv siyahısına daxil edilib

28 May Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevin əfv sərəncamı verəcəyi gözlənilir.

Siyahıda həbsdə olan bloger və jurnalistlər, siyasi şəxslər, tanınmış ictimai şəxslər də var.

2018-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) maliyyələşdirməkdə ittiham olunaraq həbs edilən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovun da adı əfv siyahısına daxil edilən məhbuslar sırasındadır. Qardaşı Taleh Rüstəmov BBC News Azərbaycancaya müsahibəsində Saleh ilə bazar ertəsi günü danışdığını və onun əfv olunacağına inandığını bildirib: “Saleh ona verilən cəzanın yarısından çoxunu çəkdiyi, eləcə də həbsdə olduğu müddətdə hər hansı inzibati pozuntuya yol vermədiyi üçün qardaşımın əfv olunacağına ümidim böyükdür. Onun heç azadlıqda olanda da heç kəslə işi yox idi. Eşidirəm ki, digər siyasi məhbuslara həbsxanalarda aqressiv münasibət var, amma qardaşımın həbsdə olduğu 4 il ərzində ona qarşı aqressiya olmayıb”.

Komissiya üzvləri olan hüquq müdafiəçiləri qeyd edirlər ki, həbs olunan şəxsin əfv siyahısına düşməsi üçün başlıca meyarlar məhbusun ona verilən cəzanın yarıdan çoxunu çəkmiş olması, şəxsin törətdiyi əmələ münasibətdə səmimi peşmançılığı, dəymiş zərərin ödənilməsi və ya bu istiqamətdə real addımların atılması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsidir.

Bu meyarlar çərçivəsində hazırlanan siyahıya ümumilikdə 58 məhbusun adının salındığını bildirilir.

Məlumata görə, siyahıda Hüseyn Abdullayev, Elçin Məmmədli, OMON-çular, dindarlar var.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Aqil Məhərrəmli isə bu gün azadlığa çıxıb. Xatırladaq ki, Aqil Məhərrəmli 2018-ci ildə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı işləmiş Saleh Rüstəmov, Vidadi Rüstəmli, Ruslan Nəsirov, Babək Həsənovla birgə həbs olunub. Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndiriliblər. Həmin vaxt istintaqdan gizləndiyi üçün isə Eltac Əlisoy barəsində axtarış elan olunub.

2019-cu ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib. Məhkəmə AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovu və Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmlini şərti azadlığa buraxıb.

Xatırladaq ki, Babək Həsənov ötən il əfv sərəncamı ilə azadlığa çıxıb.



Oxşar Xəbərlər

Xəbər lenti