Oğluna protokol yazdığı üçün yol polisini söyən xanım sürücü HƏBS OLUNDU


Sentyabrın 23-də, saat 18:00 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində işıqforun qırmızı işığında keçən 90-VF-024 dövlət nömrə nişanlı, “Daewoo Centra” markalı avtomobilin sürücüsü saxlanılıb.

Avtosfer.az xəbər verir ki, ərazidə xidmət aparan 99-YP-279 dövlət nömrə nişanlı patrul avtomobilinin ekipajı sürücü Kənan Elşən oğlu Quluzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qərarsız protokol tərtib edib.

Protokol tərtib olunduqdan sonra Kənan Quluzadə bu barədə anasına məlumat verib. Az sonra 99-KJ-969 dövlət nömrə nişanlı, “KIA Soul” markalı avtomobillə gələn sürücünün anası yol polislərini izləyərək 99-YP-279 dövlət nömrə nişanlı patrul maşınının qarşısını kəsərək YPX əməkdaşlarını küçə söyüşləri ilə təhqir etməyə başlayıb. Xanım sürücü YPX əməkdaşlarına qarşı təhqiramiz sözlər istifadə edərək oğluna əsassız olaraq protokol yazıldığını bildirib. Yol polisi əməkdaşları bu barədə 23-cü Polis Şöbəsinə məlumat veriblər. Hadisə yerinə yaxınlaşan Post Patrul Xidmətinin əməkdaşları xanım sürücü və oğlunu bölməyə aparıblar.

Bölmədə xanım sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub.

Həmçinin idarə etdiyi 99-KJ-969 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərin pozulması, ön və arxa faralarda plyonka olduğu, arxa şüşəsilənlərin olmadığı aşkarlanıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 342.5, 342.2.4-cü maddələri ilə protokol tərtib olunub və avtomobil evakuator vasitəsilə duracağa yerləşdirilib.

Xanım sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilərək barəsində 5 gün müddətində inzibati qaydada həbs qərarı çıxarıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}