9 il sonra azadlığa çıxan “OMON”çu yenə həbs edildi


Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) tərkibində dövlət çevrilişinə cəhd etməyə görə 13 il müddətinə məhkum edilərək 9 il sonra əfvə düşən Fuad Əhmədov yenidən həbs edilib.

Sozcu.info xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, 50 yaşlı “OMON”çu bu dəfə qanunsuz narkotik dövriyyəsində və qaçaqmalçılıqda ittiham olunub.

Şirkətlərdən birinə məxsus avtomobillə taksi sürücüsü işləyən Əhmədov 1500 manat qarşılığında İrandan Azərbaycana narkotik keçirməyə razılaşıb. Şahbaz adlı şəxsdən götürdüyü narkotik vasitəni gömrük postundan keçirərkən saxlanılıb.

Əhmədov gətirdiyi narkotiki Bakı şəhərindəki evində Şahbazın göndərəcəyi adama təhvil verməli imiş. O, tutulandan sonra bu barədə əməliyyatçılara da məlumat verib. Onunla birgə mühakimə edilən Azər İbrahimov narkotiki təhvil alarkən əməliyyatçılar tərəfindən cinayət başında tutulub. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz narkotik dövriyyəsi), 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham edilib.

Adıçəkilən şəxslərin işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılıb. Hökmə əsasən, F.Əhmədov 11 il, A.İbrahimov 10 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rövşən Cavadovun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) 1995-ci ildə dövlət çevrilişinə cəhd edib. 12 500 nəfərdən ibarət üçpilləli təşkilatın rəhbəri R.Cavadov elə hadisələr vaxtı aldığı xəsarətdən vəfat edib. Sonradan 710 nəfər XTPD qulluqçusu və tərəfdarı dövlət çevrilişi cəhdində iştirak ittihamı ilə həbs edilib. Onların bəziləri təqsirsiz olduğuna görə azadlığa buraxılıb. Sonrakı illərdə bir neçə “OMON”çu əfv edilsə də, bu günə kimi həbsdə olanlar da var.



Oxşar Xəbərlər

Xəbər lenti