27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Bu günlərdə "Bakıda özəl klinikaya quldur basqını: həkim və xəstələri sürüyə-sürüyə küçəyə çıxardılar” başlığı ilə bəzi media orqanlarında tirajlanan məlumatla tanış olanda ilk anda təəccüb bizi bürüdü. Bir anlıq fikirləşdik ki, bəlkə ölkə 90-cı illərin əvvəli üçün xarakterik olan ticarət obyektləri və firmalara edilən "OMON” və başqa criminal ünsürlərin basqınlarının adi hal aldığı dönəmlərə qayıdıb? Ölkədəki kriminogen durumun tam nəzarət altında olduğu, deyilən anarxik halların artıq yaşanmadığı ilə bağlı dəqiq məlumata malik olsaq da, informasiyanı verən şəxsin təqdimatı bizi bir qədər şübhəyə saldı. Çünki özünə məxsus olduğu "Nigar” adlı klinikaya quldur basqının edildiyini deyən şəxs savadsız bir adam kimi təqdim olunmurdu. Məlum oldu ki, yazıq görkəm alaraq, redaksiyada fotosunu çəkdirən şikayətçi Azərbaycan Tibb Universitetinin "Ginekologiya” kafedrasının əməkdaşı, professor Şahbaz Şahbazov adlı şəxsdir. Onun dilindən yazılanları oxuyanda, hadisələrin dərin mahiyyətinə vara bilməyən adama, ilk anda özünü əzabkeş qəlibinə salan professora adamın yazığı gələr. Şahbaz Şahbazovun söylədikləri əsasında hazırlanan məqalə jurnalistikanın professional tələblərinə tam cavab vermədiyi səbəbindən insanları qismən də olsa yalnış istiqamətə yönəldə bilər.
Çünki Şahbaz Şahbazovun birdən-birə peyda olduğu redaksiya onun dediklərini sanki müqəddəs kitab ayəsi sayaraq, qarşı tərəfin mövqeyini dinləmədən, heç bir araşdırma aparmadan tirajlayıb ki, bu da jurnalistikanın təməl prinsiplərinə ziddir. Bir daha xatıraldırıq ki, sözügedən məqalədə kifayət qədər ciddi və hüquqi məsuliyyət yarada biləcək ittihamlardan söz getdiyi səbəbindən bu istiqamətdə obyektiv jurnalist araşdırması aparmaq qərarına gəldik. Şahbaz Şahbazov məlum məqalədə iddia edir ki, noyabrın 5-də Çobanzadə küçəsi, 24/05 ünvanında yerləşən "Nigar” klinikasına bir qrup şəxs tərəfindən basqın olub:
"Onlar xəstəxanaya soxularaq həkimləri, müalicə üçün qəbula gələnləri, hətta reanimasiyada olan xəstələri belə sürüyə-sürüyə küçəyə çıxarıblar. Xəstəxananın qapılarını qıraraq bütün mühasibat və bank sənədləri, möhür, hətta xəstəlik tarixçələri belə götürülüb, kompüterlər sıradan çıxarılıb”. Şahbaz Şahbazov bütün bu işlərin arxasında vaxtilə onun şəriyi olmuş İlham Məmmədov və şəriyinin yaxın adamı kimi təqdim etdiyi İlham Qurbanov adlı şəxsin durduğunu bildirib. Azinforum.az olaraq, Şahbaz Şahbazovun adını çəkdiyi şəxslərin kimlər olması ilə bağlı apardığımız jurnalist araşdırması zamanı müəyyən etdik ki, həmin şəxslərdən biri olan – Məmmədov İlham Almas oğlu "Riyad-Renta” şirkətinin təsisçisidir. İlham Qurbanov isə "Riyad-Renta” şirkəti və "Nigar Klinikası” MMC-nin təsisçilər şurasının sədri İlqar Aqil oğlu Əliyevin səlahiyyətli nümayəndəsidir. İlham Məmmədov Azinforum.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Şahbaz Şahbazovun KİV-lər vasitəsilə onun və şirkətin digər üzvlərinin ünvanına səsləndirdiyi fikirlər heç bir həqiqəti əks etdirmir, iftira və böhtandır:
"Düzdür, həmin adamla bizim biznes şərikliyimiz olub. Lakin sonradan mən və digər səlahiyyətli şəxslər gördük ki, Şahbaz Şahbazov biznes deyil, fırıldaqla məşğuldur. Şirkətə edilən çoxlu sayda şikayətlərdən sonra "Nigar” klinikası ilə bağlı araşdırma aparmaq qərarına gəlindi. Məlum oldu ki, Şahbaz Şahbazov 2010-cu ildən başlayaraq, "Riyad-Renta”nın maddi texniki bazası əsasında fəaliyyət göstərən "Nigar” klinikasını özününküləşdirmək istiqamətində məqsədyönlü fəaliyyətlə məşğul olub. Şahbaz Şahbazovun KİV-lərdə özünü həmin klinikanın mütləq sahibi kimi təqdim etməsi də reallığı əks etdirmir. Çünki həmin klinika mənim də təsisçisi olduğum "Real-Renta” şirkəti ilə "Xəzər-M” firması arasında bağlanan icarə müqaviləsi əsasında fəaliyyət göstərib. Sonradan Şahbaz Şahbazovun iştirakı ilə həmin mülk yiyələrindən satın alınaraq "Real-Renta” nın mülkiyyətinə daxil edilib. Bu yaxınlarda mülk sahiblərinin İlqar Əliyevə ünvanladığı müraciətdən sonra bizə məlum olub ki, Şahbaz Şahbazov alqı-satqı prosesində həm öz şəriklərini, həm də mülk yiyələrini aldadaraq öz mənfəəti üçün çalışıb.
Şahbaz Şahbazov ixtisasça həkim olduğu üçün, digər şəriklər olaraq biz ona tibbi sahəyə diqqət ayırmağı məsləhət görmüşük. Bu etibardan suistifadə edən Şahbazov şirkətimizin imici və reputasiyasına xələl gələn fəaliyyətlə məşğul olub, klinika və ona tapşırılan digər biznes sahəsindəki vəziyyətlə bağlı reallığı əks etdirməyən maliyyə hesabatları verib ki, bunun da nəticəsində külli miqdarda vəsaiti fırıldaqla ələ keçirib. Nəzərinizə bir daha çatdırıram ki, "Nigar” klinikasının nə yeri, nə də onun daxilindəki avadanlıqlar Şahbaz Şahbazova aid deyil. Bir neçə il bundan əvvəl, o, bizə bildirdi ki, Həsən Əliyev küçəsində klinika açmaq istəyir. Biz etiraz etmədik. Həmin klinikanın adını "Nigar” qoydu. Sonradan bizə məlum oldu ki, o, "Nigar” klinikası MMC yaradaraq, sırf özünə məxsus olan şirkətlə əvvəldən payı olduğu "Real-Renta” şirkətini sözügedən klinikaya şərik edib. Bunun da nəticəsində şəriklərdən biri kimi mən öz payımdan məhrum olmuşam. Bütün bunlar Şahbaz Şahbazovun digər şərikləri kimi bizim xəbərimiz olmadan edilib”. İlham Məmmədov daha sonra bizə bildirdi ki, klinikanın fəaliyyətinin dayandırılması heç də Şahbaz Şahbazovun təsvir etdiyi kimi olmayıb: "Bütün sadaladıqlarımı və klinikanın fəaliyyətilə bağlı bizə edilən çoxsaylı vətəndaş şikayətlərini nəzərə alan Təsisçilər Şurasının sədri İlqar Əliyev ərazi aidiyyəti üzrə Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Abbasova, Nizami rayon prokuroru Aqşin Ziyadova, Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevə, iqtisadi inkişaf naziri Şahin Mustafayevə rəsmi məktubla müraciət edərək klinikanın bağlanması və orada baş verən neqativliklərin tam araşdırılmasını xahiş edib. Mən həmin faktları təsdiq edən bütün sənədləri sizə təqdim edirəm. Baxsanız görərsiniz ki, "Nigar” klinikasına hansısa basqından söhbət gedə bilməz. Biz şirkət olaraq, öz qanuni mülkiyyətimiz üzərində şəfaf fəaliyyətin aparılmasını təmin etmək istəyirik. Qanunvericiliklə də buna tam haqqımız çatır. Hesab edirəm ki, Şahbaz Şahbazov ifşa olunduğunu gördüyü səbəbindən özü və onun digər ailə üzvləri bu cür ucuz şoularla diqqəti məsələnin əsl mahiyyətindən kənara fokuslamaq istəyirlər. Qeyd etmək istəyirəm ki, obyektiv araşdırılmanın aparılması üçün bizm qapımız hamının üzünə açıqdır. Buyurun istədiyiniz şəkildə siz də araşdırma apara bilərsiniz”.
Biz Şahbaz Şahbazovun "Nigar” klinakasının fəaliyyətinə maneə yaradanlar sırasında adını çəkdiyi İlham Qurbanovla da söhbətləşə bildik. O, Azinforum.az-a dedi ki, sözügedən şirkətin təsisçilər şurasının sədri İlqar Aqil oğlu Əliyevin səlahiyyətli nümayəndəsidir:
"Həmin hüququ mənə İlqar Əliyev notarial qaydada təsdiq olunmuş vəkalətnamə əsasında verib. Bu hüququmdan istifadə edərək, Şahbaz Şahbazovla bağlı şirkətimizə ünvanlanan vətəndaşların çoxsaylı şikayətləri ilə tanış oluram, onların araşdırılmasında yaxından iştirak edirəm. Bu zaman müəyyən olunub ki, Şahbaz Şahbazov ona tapşırılan bütün sahələr üzrə fırıldaqla məşğul olaraq, insanları və şəriklərini aldadıb. Hazırda şirkətə onun əməllərindən zərər çəkmiş çoxlu sayda belə insanlar müraciət edir. Bizə məlum olub ki, neqtivliklər yalnız "Nigar” klinikasını əhatə etmir. O, həmçinin mənim qanuni nümayəndəsi olduğum İlqar Əliyevin digər şərikləri "Vicdan-1” MMC-nin təsisçilərinə də fırıldaq gəlib. Həmin şəxslərin İlqar Əliyevə etdiyi müraciətdən sonra məlum oldu ki, sözügedən şəxs heç kimin xəbəri olmadan özünü "Vicdan-1” MMC-yə 25 faizlik payla şərik edib, eləcə də, orada olan digər şəriklərə külli miqdarda ziyan vurub, onların əmlakını ələ keçirib. Rəsmi nümayəndəsi olduğum İlqar Əliyev bunları biləndən sonra, "Vicdan-1” MMC-nin bütün kollektivinə Tövsiyyə Məktubu ünvanlayıb. Həmin məktubda qeyd edilir ki, İlqar Əliyev Şahbaz Şahbazovun etdiyi fırıldaqlardan xəbər tutandan sonra, onu yanından qovub. Bizə o da məlum oldu ki, Şahbaz Şahbazov hər yerdə özünü İlqar Əliyevin şəxsi həkimi kimi qələmə verir. Buna münasibətdə də bəyan edirik ki, İlqar Əliyevin ixtisası ginekoloq olan həkimə ehtiyacı yoxdur.
"Nigar” klinkası ilə bağlı hazırda arşdırmalar gedir. Biz rəsmi qurumlardan klinikanının bütün fəaliyyətinin yoxlanılmasını xahiş etmişik. Həmçinin dəqiq faktlar əsasında bizə məlum olub ki, Şahbaz Şahbazovun rəhbərliyi altında fəaliyyət göstərən "Nigar” klinikası 22 ay lisenziyasız işləyib. İnsan talelərinin tapşırıldığı bir səhiyyə ocağı ilə bağlı belə faktın aşkarlanması çox böyük qanun pozuntusudur. Bu məsələnin də araşdırılması xahişi ilə əlaqədar qurumlara müraciət etmişik. Eyni zamanda, müəyyən olunub ki, həmin klinikada təyinatı üzrə olmayan cərrahiyyə əməliyyatlar aparılıb. Talesemiya, süni mayalanma kimi ağır xəstəliklərin müaliicəsini üzərinə götürməklə, klinika rəhbərliyi çoxlu sayda adamı aldadıb, onların külli miqdarda vəsaitini mənimsəyib. Bütün deyilənlərə aid konkret faktları sizə təqdim edə bilərik”.
Xatırladaq ki, Şahbaz Şahbazov KİV-ə verdiyi açıqlamada bildirir ki, şəriki İ.Məmmədov onu şantaj etmək üçün aldığı şirkətlərin əvvəlki sahiblərini taparaq onlara müxtəlif vədlər verir. Şantaj üçün hətta üzünü belə görmədiyi "pasient”lərdən istifadə olunur. Onun dediklərindən sitat: "8 il öncə aldığım müəssisənin köhnə sahibləri Ayaz, Bəyimxanım, Azad və Hikmət Məmmədovları tapıb. Bildiyimə görə, borcun içərisindədirlər. Onlara vədlər verərək məni şantaj edir. Məndən pul tələb edirlər və bildirilər ki, əgər bizə pul verməsən, o biri şəriklərini də tapıb pulunu əlindən alacağıq. İ.Məmmədov müxtəlif şəxslərin adından müxtəlif dövlət orqanlarına mənə qarşı şantaj dolu şikayətlər yazır. O, haqqı olmayanları tələb etmək üçün havadarlarına arxalanır. Heç vaxt müalicə etmədiyim xəstələrin adından müxtəlif orqanlara şikayət ərizələri yazılır ki, guya onlardan pul almışam”. Azinforum.az olaraq biz Şahbaz Şahbazovun onu şantaj etməkdə ittiham etdiyi Azad Məmmədovla əlaqə saxladıq. Məlum oldu ki, Şahbazovun şikayətdə şantajçı kimi qələmə vermək istədiyi Məmmədov qardaşları "Nigar” klinikasının fəaliyyət göstərdiyi mülkün sahibləri olublar. Qardaşların dediyinə görə, sonradan Şahbaz Şahbazov müxtəlif nüfuzlu şəxslərin adı ilə onların ailəsinə təzyiq edərək, həmin mülkü əllərindən alıb. Nəticədə ailəyə əvvəlcədən razılaşdırılan məbləğin yarısı verilib. "Nigar” kilikasının yerləşdiyi binaya "Xəzər-M” MMC fasitəsilə sahib olan qardaşların və bütün ailənin başına gətirilən oyunlarla bağlı aşağıdakı vedomüsahibə vasitəsilə tanış ola bilərsiniz.
Redaksiyadan: Biz bu istiqamətdə apardığımız jurnalist araşdırması nəticəsində müəyyən etdik ki, Azərbaycan Tibb Universitetinin professoru olan Şahbaz Şahbazovun əməllərində çoxlu sayda insan zərər çəkib. Bununla bağlı konkret şəxslərin şikayəti əsasında hazırlanan materiallar çox olduğu üçün, həmin faktları bir məqalənin həcmində təqdim edə bilmirik. Növbəti yazılarımızda professorun əməllərindən əziyyət çəkən şəxslərin ürək parçalayan şikayətləri əsasında hazırlanan məqalələri təqdim etməklə, bütün bu mətləblərə daha aydın işıq salacağıq. Biz Şahbaz Şahbazovun hansı növ elmi fəaliyyətlə məşğul olması ilə bağlı da araşdırma aparmağa çalışdıq. Bu sahədə məlumatlı mənbə bildirdi ki, sözügedən şəxs doğrudan da, tibbin ginekologiya sahəsindən elmi iş müdafiə edib. Dissertasiyanın mövzusu ilə bağlı isə yalnız "dodaqdan dodağa” deməklə kifayətləndi. Bizim üçün qaranlıq qalan bu mövzuya da işıq salmağa çalışacağıq…
M.MİRZƏYEV
AZİNFORUM.AZ