8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naxçıvan Sərhəd Diviziyasının keçmiş komandiri Sahib Şükürovun məhkəməsində şok ifadələr Dələduzluqda təqsirləndirilən və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi gedən polkovnik Sahib Şükürov Naxçıvan Sərhəd Diviziyasının keçmiş komandiridir. "AzPolitika.info”nun məlumatına görə, S.Şükürov, ümumilikdə, 1 milyon manata yaxın dələduzluqda təqsirli bilinir. İttiham aktına əsasən, o, İlqar Əliyev adlı vətəndaşı Nazirlər Kabinetinə işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovaya isə qızının cinayət işinə xitam verdirəcəyi vədini verərək onların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.
Naxçıvan Sərhəd Diviziyasının keçmiş komandiri Sahib Şükürovun məhkəməsində şok ifadələr
S.Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir. O, daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə il azadlıqdan məhrum edilib.
Polkovnik S.Şükürov 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Naxçıvan Sərhəd Diviziyasına rəhbərlik edib. Bu dövrdə Naxçıvan-İran sərhədlərində kütləvi hal alan və hər ay milyonlarla gəlir gətirən qaçaqmalçılıq hərəkatının əsas təşkilatçılarından biri olan S.Şükürov, o vaxtlar Naxçıvanda ən imkanlı adamlardan biri hesab olunurdu. Lakin pul haqq-hesabına görə MR rəhbərliyinin qəzəbinə gələn S.Şükürov, təxminən, 2002-2003-cü illərdə Naxçıvandan qaçmağa məcbur olmuşdu. O vaxtlar danışılırdı ki, polkovnik qaçmazdan əvvəl Naxçıvandan külli miqdarda pul da çıxara bilib. Belə bir şəxsin indi dələduz kimi gündəmə düşməsi maraqlıdır.
İŞİN DETALLARI
Mayın 30-da hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sabiq sədri Telman Əliyev ifadə verib. 90-cı illərin əvvəllərində cəmi bir neçə ay Naxçıvan Kömrük Komitəsinə rəhbərlik etmiş Telman Əliyevin Sahib Şükürovun həbsi ilə bağlılığı şübhəli qalır. Onun dünənki məhkəmədə verdiyi ifadə qarmaqarışıq və ziddiyyətli olub. S.Şükürovu tanımadığını bildirən T.Əliyev deyib: "2017-ci ilin yanvar ayında axşam saatlarında telefona zəng gəldi. Həmin şəxs özünü yuxarı təbəqədən olan bir qadın kimi təqdim etdi. O, qoca adamın Xətai rayonunda həbs edildiyini və onun evə köçürülməsi ilə bağlı hakimlə danışmaq lazım olduğunu söylədi. Mən də hakimin yanına getdim, lakin düzələn iş olmadığı deyildi”.
Daha sonra hakim və prokurorun suallarını cavablandıran T.Əliyev qeyd edib ki, məhkəmədən çıxanda ona yaxınlaşan adamı tanımayıb. Prokuror isə bildirib ki, T.Əliyev istintaqda dindirilən zaman deyib ki, məhkəmədən çıxan zaman ona S.Şükürov yaxınlaşıb. S.Şükürov Telman Əliyevin yalan danışdığını, onun məhkəməyə gəlib yuxarı vəzifəli şəxslərin adlarını çəkdiyini bildirib. O, şahiddən həqiqətləri danışmasını istəyib: "Mən artıq ölürəm. Niyə həqiqətləri danışmırsan? Mənimlə neçə dəfə görüşmüsən, vəzifəli şəxslərin adını çəkmisən. Mən bu gün ölməyə də hazıram. Həqiqətləri danış”.
Telman Əliyev isə S.Şükürovun yalan danışdığını deyib: "Mən nə bildimsə danışdım. İndi bu şəxs vəzifəli adamların adını çəkərək onların adını ləkələyir”. Təqsirləndirilən S.Şükürov deyib ki, şahid Telman Əliyev həbsdə olan qadının azadlığa çıxmasını xahiş edəcəyi halda onu müalicəyə göndərəcəkdilər: "Telman Əliyev həm müalicəyə göndəriləcək, həm də ona pul veriləcəkdi. Məni görmədiyini deyir. Amma bir neçə dəfə görüşmüşük”.
Göründüyü kimi, tərəflərin məhkəmə ifadələrində xeyli ziddiyyətli və anlaşılmaz məqamlar var. Naxçıvan Gömrük Komitəsinin sabiq sədrinə kim zəng edib? T.Əliyev tanımadığı adamların işini Xətai Məhkəməsində hansı statusla danışıb, həll etməyə çalışıb? T.Əliyevin Sahib Şükürovla tanışlığı olubmu, onlar məhkəmədən çıxanda nə barədə danışıblar və s. suallar cavabsız qalıb.
"Prezident Administrasiyasının arxasında görüşdük…”
Musavat.com-un məlumatına görə, məhkəmənin davamında Sahib Şükürovdan İlqar Əliyevi aldatması epizodu soruşulub. Məlum olub ki, S.Şükürov İlqar Əliyevdən 49 min manat alaraq onu Nazirlər Kabinetində işə düzəldəcəyini deyib. S.Şükürov bunu təsdiqləyib: "Vaxtilə mənim əsgərim olan Xəqani məndən xahiş elədi ki, İlqar Əliyevi işə düzəldək. Mən də Natiq Məmmədovdan xahiş etdim. Mənim əlaqələrim, köhnə dostlarım var idi. Natiq Məmmədov Heydər Əliyev Fondunda işləyirdi. Natiqi də yerlim Qədir Sultanov vasitəsilə tanımışdım. Natiqlə görüşdüm. Dedi ki, maraqlanıb deyərəm. O da məni Əli adlı bir şəxslə görüşdürdü. Prezident Administrasiyasının arxasında görüşdük. Həmin görüşə Natiq də gəldi. Əli dedi ki, iş 50 minə düzələr. Mən də İlqargildən 33 min dollar aldım. 30 min dolları Əliyə verdim”.
Təqsirləndirilən şəxs daha sonra işin alınmadığını və verdiyi pulu ala bilmədiyini deyib. O söyləyib ki, İlqar Əliyevin pulunu öz cibindən qaytarıb.
Digər epizod isə polkovnik S.Şükürovun Xanımbacı İsmayılovanı aldatmasıdır. S.Şükürov Xanımbacı İsmayılovanın qızını həbsdən çıxaracağı adı ilə 800 minə yaxın pulunu alıb. Sahib Şükürov bu əməlini də etiraf edib. O, bu işi də əsgəri olan Xəqanidən eşitdiyini deyib: "Məndən kömək istədilər. İş düzələcəyi halda mənə hörmət edəcəkdilər”.
Bildirək ki, ki, Xanımbacı İsmayılovanın qızı Həcər Quliyeva və nəvəsi Sahib Quliyev hazırda həbsdədir. Onlar "Bizim market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında həbs ediliblər. Həcər Quliyeva iş adamının baldızıdır. İş adamı hüquq-mühafizə orqanlarına müraciət edərək Həcər Quliyeva və oğlu Sahib Quliyevin onun milyonlarla dəyəri olan əmlakını ələ keçirdiklərini bildirmişdi.
Məhkəmənin hökmü ilə Sahib Qiliyev 11 il, Həcər Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
"Telman Əliyevlə görüşüb sədrin yanına getdik…”
Sahib Şükürov deyib ki, hər iki şəxsi azadlığa çıxarmaq üçün yenə də Natiq Məmmədova müraciət edib. "Əvvəlcə Natiq Məmmədova 98 min 700 manat verdim. Sonra isə əlavə 30 min də istədi. Onu da verdik” – deyən Sahib Şükürov bundan sonra Telman Əliyevlə görüşdüyünü deyib. Sahib Şükürov qeyd edib ki, Telman Əliyevlə danışaraq Həcər Quliyeva və Sahib Quliyevin azadlığa çıxmasını həll etməyə çalışıblar: "Telman Əliyevlə görüşüb sədrin yanına getdik. Sədrlə görüşdən sonra Telman mənim yanımda tanınmış bir şəxsə zəng elədi. Daha bir neçə yüksək vəzifəli şəxsin adını çəkdi. Mənə dedi ki, gör kimlərə ağız açıram”. Məlum olub ki, ittihamda Sahib Şükürovun Xanımbacı İsmayılovadan 794 min manat aldığı yazılır.
S.Şükürov bildirib ki, həmin məbləğin 130 mini nağd şəkildə pul, qalanı isə qızıl-zinət əşyalarıdır. Təqsirləndirilən S.Şükürov qızıl-zinət əşyalarının əsas hissəsini tanışı Qədir Sultanova verdiyini söyləyib: "O da həmin qızılları vəzifəli şəxslərə verəcəkdi”.
Təqsirləndirilən şəxsdən adları çəkilən Natiq Məmmədov və Qədir Sultanovdan istintaq orqanına məlumat verib-vermədiyi soruşulub. S.Şükürov qeyd edib ki, hər iki şəxsin yaşayış yeri, iş yeri və telefon nömrələrini versə də onlar istintaqa çağırılmayıb. Məhkəmənin gedişində Sahib Şükürov daha bir iddia səsləndirib, deyib ki, hazırda zərərçəkmiş şəxs olan Xanımbacı İsmayılova ölkədən 157 milyon manat çıxarıb: "Xanımbacı xanım "Bizim market”lər şəbəkəsinin sahibi idi. O "Yapıkredi” bankı vasitəsi ilə ölkədən 157 milyonu Türkiyəyə, oradan da Kanadaya göndərib. Orada olan qızı var idi. MTN bunu araşdırmışdı”.
Zərərçəkmiş Xanımbacı İsmayılova deyilənlərin yalan olduğunu deyib.
Məhkəmənin davamında Natiq Məmmədovun anası Əsli Tarverdiyeva da ifadə verib. O söyləyib ki, oğlu neçə müddətdir onunla yaşamır: "Oğlumun 45 yaşı var. Başqa bir məhkəmə işində də adı keçirdi. Qaçıb gizlənib. Yoldaşından da boşanıb”.
Şahid söyləyib ki, oğlunun bahalı maşın sürməsindən, lüks restoranlarda yemək yeməsindən, nə işlər görməsindən xəbərsiz olub: "Mən Keşlədə yaşayıram. Elə evdə qalıram ki, görsəniz belə deməzsiniz”. O oğlunun xəstəxanalardan birində mühafizəçi işlədiyini bildiyini söyləyib. Təqsirləndirilən S.Şükürov Natiq Məmmədovun anası ilə görüşdüyünü deyib: "Anası məndən xahiş edirdi ki, Natiqə vaxt verim”.
Məhkəmədə işdə adı keçən Natiq Məmmədovun oğlu Raqub Məmmədov ifadə verib. O da bir neçə aydır atasını görmədiyini deyib. "Atam tutulmuşdu. 1 ay həbsdə qaldı. 4-5 ay bundan əvvəl məhkəmədən buraxdılar. Sonra xəbərim olmayıb. Bir neçə dəfə məni ayrı-ayrı şəxslərdən pul almağa göndərib” – deyə şahid söyləyib. O, atasının nə iş gördüyündən xəbərsiz olduğunu bildirib.
Məhkəmə prosesi davam etdiriləcək.
V.Nəsibov