"Bıçaq ürəyinə batmışdı, qandan qorxduğum üçün..." - Əsgərliyə getməyə hazırlaşan gənci öldürənin işi - TƏFƏRRÜAT


 

Mübahisə etdiyi gənci küt alətlə vuraraq öldürən 54 yaşlı şəxs hakim qarşısına çıxarılıb.

Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1975-ci il təvəllüdlü Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində mərhum Qafar Hüseynovun anası Təranə Fətəliyeva dindirilib.

Şahid bildirib ki, hadisə baş verən gün axşam saatlarında onlara zəng edib, oğlunun qətlə yetirildiyini deyiblər. Mərhumun anası hadisə ilə bağlı əlavə məlumatının olmadığını deyib.

Digər şahid Arzu Xəlilov isə dindirilən zaman deyib ki, hadisənin baş verdiyi sexin yanında mağazada işləyir.

O, hadisədən bir neçə dəqiqə sonra təqsirləndirilən şəxsin əli qanlı şəkildə görüb. Hətta bu mənzərəni telefonu ilə lentə alıb.

"Mərhum çox ağıllı oğlan idi. Tez-tez mağazaya gələrdi. Həmin gün də Qafar mağazaya gəlmişdi. Hadisədən təxminən 2 saat əvvəl idi. Qafar sevgilisi ilə görüşə gedəcəyini və ona hədiyyə aldığını dedi. Hadisə zamanı Ərəstun çölə qaçdı, üstü-başı qan idi. Mən də telefonumla çəkməyə başladım"- deyən şahid təqsirləndirilən şəxsə su verdiyini də deyib.

Suallara cavab verən şahid bildirib ki, hadisəni başqa şəxs də lentə alırmış: "Eşitdim ki, sexdən səs gəlir. Ərəstun üstü qanlı çölə çıxdı. Bir nəfər telefonla çəkirdi. Mən də çəkməyə başladım. Sonra ona su verdim. Dedim bəlkə nəsə olub. Bilsəydim, su verməzdim".

Hadisə baş verən sexinin işçisi Tərlan Talıbov ifadəsində söyləyib ki, həmin gün sexə o nəzarət edib: "Sexin rəhbəri Sübhan oranı mənə tapşırmışdı. Hadisə zamanı onlar mübahisə edirdilər. Onları ayırdım. Daha sonra Ərəstun Qafarın anasının südünə söydü. Bu zaman Qafar əlində dəmir parçası ilə onun üstünə getdi. Ərəstunun da əlində bıçaq var idi. Bir də gördüm Qafar yerə yıxıldı. Bıçaq onun ürəyinə batmışdı. Qandan qorxduğum üçün yaxın gedə bilmədim".

Məgkəmə iclasında sexin rəhbəri Sübhan Niftəliyev də dindirilib.

Şahid qeyd edib ki, hadisə günü işdə olmayıb: "Rayona gedirdim. Tərlan zəng edib, Ərəstunun Qafarı öldürdüyünü bildirdi. Ora gəldim və Qafarın atasının nömrəsini tapdım. Hadisə barədə sexdə eşitdim ki, Ərəstun Qafara söyüş söyüb".

Hakim bildirib ki, ittiham aktında qeyd edilir ki, hadisəyə səbəb Ərəstun Ərəbov sexə dəmir gətirib və mərhum Qafar Hüseynov isə metalı 15 qəpikdən götürdüklərini bildirib

Ərəstun Ərəbov isə həmişə dəmiri 20 qəpikdən təhvil verdiyini detib. Bundan sonra hər iki şəxs arasında mübahisə yaranıb. Nəticədə Ərəstun Ərəbov onu qətlə yetirib.

İttihama cavab verən təqsirləndirilən Ərəstun Ərəbov Qafarın onu əvvəl təhqir etdiyini, sonra isə dəmirlə vurduğunu deyib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib. Ə.Ərəbov işlədiyi metla qəbulu sexində iş yoldaşı, Bərdə rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu arasında mübahisə düşüb. Nəticədə o, iş yoldaşı Q.Hüseynova küt alətlə vuraraq qətlə yetirib.

Ə.Ərəbovun dediyinə görə, mərhumu söyüş söydüyü üçün vurub.

Ə.Ərəbov daha əvvəl də adam bıçaqladığı üçün məhkumluq həyatı yaşayıb.

Mərhumun yaxınları isə Ərəstun Ərəbovun içkili olduğunu, həm bir səbəb olmadan Qafar Hüseynovu öldürdüyünü deyir. Yaxınlarının dediyinə görə qətlə yetirilən Qafar Hüseynov 3 gün sonra hərbi xidmətə yollanacaqmış.



Oxşar Xəbərlər

Xəbər lenti