AST Telman və Avraam İpçiyanın başına gələnlər

Məşhur biznesmen, həmvətənimiz Telman İsmayılovun vaxtilə rusiyalı estrada ulduzu Avraam Russonun başına oyun açması barədə xəbərlər çıxıb. Hətta indi Moskvanın Presnenski rayon məhkəməsi müğənninin 2004-cü ildə İsmayıliv tərəfindən oğurlanması ilə bağlı işə baxırmış.
İndi biz söhbətə bir az gendən gələk.
Meyxana xiridarları yaxşı bilir, tanınmış meyxanaçılarımızın deyişdiyi məşhur “Can, can, can aparıllar səni” qafiyəli bir deyişmə var. O deyişmənin ortasında Mirfərid belə bir bənd deyir:
“Orxan sənin cavablarvu qeytərib,
Ələkbərə müqavimət göstərib.
Diyillər, yaxında bilet göndərib
A-Es-Te Telman, aparıllar səni”.
Meyxanaçı bu sözləri deyəndə özünü də gülmək tutur, zalda oturan tamaşaçılar da gülüşürlər. Hiss olunur ki, hamısı mətləbdən agahdır və söhbətin eyhamını tutublar.
Bəlkə də elə deyil, amma ölkəmizdə “AST Telman” kimi tanınan məşhur bisnesmen Telman İsmayılovun şou-biznes nümayəndələrinə qarşı, türkün sözü, zəif damarının olduğu, onlara himayədarlıq etdiyi barədə söhbətlər hər kəsə məlumdur.
“Şou-biznes adamları” deyərkən, cins fərqi yoxdur ha. Hazırda Makedoniyada olan həmyerlimiz fərq qoymayıb, Şakiradan, Cenifer Lopesdən tutmuş ta bizim yerli “ulduz”lara qədər kişili-qadınlı bir xeyli sənətçini öz məclislərində oxudub-oynadıb, artıqlaması ilə pullarını da verib.
“Yerli ulduz”ların da adını çəkməyək, zatən Youtube kanalındakı videolarda hamısını üzü görünür, səsi gəlir. Heç bu da o demək deyil ki, Telman müəllim onların hamısına xoşagəlməz təkliflər edib. Hərçənd bəziləri üçün bu, heç də “xoşagəlməz” təklif olmayıb, əksinə, bəziləri “bilet gözləyib”lər ki, hüzura getsinlər.
Deyilənə görə, bəzi kişi sənətçilər məclisdən sonra başlarına nə gələcəyi barədə mötəbər mənbələrdən məlumat aldıqlarına görə pəncərədən atılıb qaçıblar. Təbii ki, qaçmayanlar da olub. Amma ta jurnalist araşdırması aparıb, qaçmayanların kimliyini ortaya qoymaq vacib deyil.
Belə anlaşılır ki, Avraam Russo yazıq da ya qaçmayanlardan, ya da qaçmaq istəyən, amma bunu bacarmayanlardan olub.
Budur, üstündən 17 il keçəndən sonra adam üzə durur, deyir ki, o vaxt Telman müəllim onu döyüb, alçaldıb, təhqir edib, zorla əlini öpdürüb, girov saxlayıb. Təbii ki, müğənninin başına gələnlər dedikləri ilə məhdudlaşmamış ola bilər, güman ki, hazırda 53 yaşı olan “ulduz”un demədiyi şeylər də var.
İndi baxaq görək, bu Avraam Russo özü kimdir belə, niyə qiyabi şəkildə olsa da, cahanşümul həmvətənimizin üzünə durur?
Heç demə, Rusiyada Avraam Russo kimi tanınan müğənninin əsl adı Abraham Janoviç İpçiyandır.
Abraham Suriyanın Hələb şəhərində doğulub. Bildiyiniz kimi, Hələb bizə tanış şəhərdir, həm orda eynən bizim dildə danışan çoxlu türkmən yaşayır, həm də böyük şairimiz Nəsimiyə qarşı orda düz hərəkət etməyiblər.
Bir dəfə Abrahama deyiblər ki, əsl soyadın nədir, deyib, sonra soruşublar ki, bəs bunun mənası nədir, cavab verib ki, babasının ip-sap fabriki olub, kişi də soyadını götürüb.Müğənni cənab İsmayılova rast gəlməzdən əvvəl kafe-restoranlarda işləyib, müsabiqələrə qatılıb. Amma 1999-cu ildə “can, can, can aparıllar” səni söhbəti olandan sonra Avraamın işləri yavər gedib, həm pullanıb, həm məşhurlaşıb, həm də üzünə-gözünə maya qoyub, göyçəkləşib.
Bəs maraqlıdır, tərəflər niyə 2004-cü ildə pozuluşublar? Nə əcəb Telman müəllim düz beş il Avraama yaxşı baxıb, onu döyməyib, alçaltmayıb, incitməyib, amma gəlib bunları 2004-cü ildə edib?
Ortada müəmma var. Əl-əlbət, Russo məşhurlaşandan, Alla Puqaçovanın qızı Kristina ilə hit olmuş duet oxuyandan, bütün Rusiyada tanınandan sonra İsmayılova endirməyib, onun məclislərinə gəlməzlik edib, o da deyib, niçeqo sebe, onu mən adam eləmişəm, gedin, sürüyün gətirin bura.
Hələ artsitin vikipediyasında verilən məlumata görə, 2006-cı ildə onun həyatına sui-qəsd də olub, sağrı nahiyəsində daha bir deşik açıblar, amma həkimlər onu birtəhər həyata qaytara biliblər. Yəqin ki, bu qəsdi də Telman İsmayılovun üstünə yıxacaqlar.
Hazırda o, ABŞ-da yaşayır və növbəti əməliyyata hazırlaşır.
Maraqlıdır ki, 2010-2012-ci illərdə erməni nəşrləri Avraama tez-tez milliyyəti ilə bağlı sual verirmişlər, deyirmişlər, sən ermənisənmi. Yazıq da deyirmiş, bəli, erməniyəm. Dübarə sual verirmişlər ki, bəs niyə erməni olduğun barədə avtobioqrafiyanda qeyd yoxdur. Axırda Russo hirslənib, deyib, indi nə edim, hər yerdə anqırım ki, erməniyəm?
Budur, axır ki, onun damarı oyanıb. İndi o, hətta Telman İsmayılovun onun başına açdığı oyunu milli məsələyə, erməni-azərbaycanlı qarşıdurmasına da bağlaya bilər.
Amma can bir qəlbdə olduqları vaxt heç Qarabağ münaqişəsi yada düşmürdü.
musavat.com


Oxşar Xəbərlər

Xəbər lenti