Hər kəsin gözü YAP-dadır... - AÇIQLAMA OLACAQ...

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olacaq şəxslərin iddialarını ortaya qoyması ölkənin siyasi həyatında nəzərəçarpacaq canlanma yaradıb. MSK sədri Məzahir Pənahovun verdiyi məlumata görə, iyulun 9-na kimi namizəd olmaq istəyən 156 nəfər müvafiq qaydada Dairə Seçki Komissiyalarına (DSK) müraciət edib. Həmçinin bu günə kimi, 10-dan çox siyasi partiya özünün səlahiyyətli nümayəndələrinin MSK-da təsdiqlənməsinə nail olub.

Yenisabah.az bildirir ki, qanunverici orqanda təmsil olunmaq istəyən yüzlərlə namizəd hakim Yeni Azərbaycan Partiyasının qərarını gözləyir. İddiaçıların böyük əksəriyyətinin iqtidar partiyasının açıqlayacağı siyahıdan sonra mübarizəyə qoşulacaqları dairələri müəyyənləşdirəcəyi şübhə doğurmur. Hakim partiyanın aparıcı funksionerlərindən biri saytımıza YAP-ın deputatlığa namizədlərinin siyahısının hazır olduğunu deyib. Onun sözlərinə görə, hakim partiya seçki marafonuna 100-ə yaxın namizədlə qatılmağa hazırlaşır. Həmin şəxslərdən bəzilərinin namizədliyi formal xarakter daşısa da, YAP növbədənkənar parlament seçkilərində ən azı 80-85 mandata iddialıdır.

Mənbə YAP-ın deputatlığa namizədlərinin siyahısının açıqlanacağı tarixin bəlli olduğunu deyib. Qeyd edib ki, hakim partiya deputat mandatı uğrunda mübarizə aparacaq üzvlərinin adlarını bu gün axşama kimi ictimaiyyətə təqdim edəcək.



Oxşar Xəbərlər

Xəbər lenti