28-04-2025, 21:13
27-04-2025, 16:04
25-04-2025, 15:54
25-04-2025, 15:51
25-04-2025, 15:48
Novruz bayramı Azərbaycan xalqının ən qədim və əziz bayramlarından biri olub, əsrlər boyu birlik, dostluq və yenilənmə rəmzi kimi qeyd edilib. İnsanlar bu bayramı xüsusi həyəcanla qarşılayıb, küsülülər barışıb, ailələr bir araya toplanıb, tonqallar qalayıb. Novruzun adət-ənənələri nəsildən-nəslə keçərək qorunub və xalqın mənəvi dəyərlərindən biri kimi formalaşıb. Bu bayramın əsas mahiyyəti təkcə təbiətin yenilənməsi deyil, həm də insan ruhunun təmizlənməsi, sevgi və mərhəmət hisslərinin güclənməsidir. Novruz bayramı qədim zamanlardan xalqımız üçün xüsusi önəm daşıyıb. İnsanlar yazın gəlişini dörd çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbələri ilə qarşılayıb. Hər çərşənbə təbiətin oyanışını təmsil edib, insanlara yenilənmə və həyatın davamlılığı haqqında dərin fəlsəfi düşüncələr verib. Su çərşənbəsi suyun təmizləyici qüdrətini, Od çərşənbəsi günəşin və istiliyin həyat bəxş etməsini, Yel çərşənbəsi havanın hərəkətə gəlməsini, Torpaq çərşənbəsi isə təbiətin tam oyanmasını və məhsuldarlığını simvolizə edib.
Bu bayramın əsas ritualları içərisində tonqaldan tullanmaq, papaq atmaq, qulaq falına çıxmaq və səməni yetişdirmək kimi ənənələr xüsusi yer tutub. Novruzun əsas simvollarından olan səməni həyatın və bolluğun nişanəsi olub, hər evdə süfrəyə qoyulub. Xalq arasında inanc yaranıb ki, səməni nə qədər gur və yaşıl olsa, il bir o qədər bərəkətli keçəcək. Bundan başqa, yumurta boyamaq, "qulaq falına çıxmaq", "papaq atmaq" və "üzük falı" kimi adətlər də bayramın ayrılmaz hissəsi olub. Xüsusilə tonqaldan tullanmaq insanların çətinliklərdən, xəstəliklərdən və uğursuzluqlardan qurtulmaq inancını əks etdirib.
Novruz təkcə bir bayram deyil, həm də milli kimliyi və mədəni irsi qoruyub saxlayan ənənədir. Bu bayram xalqımızın birliyini və həmrəyliyini möhkəmləndirib. Hər kəs bir süfrə ətrafında toplaşaraq bayramı birlikdə qeyd edib, böyükləri ziyarət edib, dualar oxuyub, bayramın bolluq və bərəkət gətirməsinə inanıb.
Hazırda Novruz bayramı Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi kimi qeyd edilir. İnsanlar süfrələrini bəzəyib, milli oyunlar və mərasimlər təşkil edib, baharın gəlişini böyük coşqu ilə qarşılayır. Bayram süfrəsinin əsas bəzəyi olan xonça səməni, paxlava, şəkərbura, qoğal və boyanmış yumurtalarla bəzədilir. Xalqımız bu bayramı xüsusi şənliklərlə qeyd edərək qədim adət-ənənələrini yaşadır. Bayram axşamlarında qohumlar bir-birini ziyarət edib, böyük süfrələr açır, hamı bir araya gəlir. Novruz həm də ailə dəyərlərini gücləndirən bir bayramdır. İnsanlar bir-birlərinə qonaq gedib, böyükləri ziyarət edib, mehribanlıq və qardaşlıq hisslərini gücləndirir.
Son illərdə Novruz bayramı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də xüsusi coşqu ilə qeyd edilir. Qarabağ və Şərqi Zəngəzurda qələbə ruhu ilə tonqallar qalanıb, şəhərlər və kəndlər bərpa olunub. Prezident İlham Əliyevin rəhbərliyi altında Novruz bayramı Şuşa, Suqovuşan, Talış və Xankəndidə qeyd edilərək, tarixi ədalətin bərpasını və xalqın birliyini nümayiş etdirib. Bu bayram artıq təkcə Azərbaycanın deyil, bütün dünyanın diqqətini çəkən bir mədəniyyət hadisəsinə çevrilib. 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına qəbul edilib və 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən 21 mart "Beynəlxalq Novruz Günü" elan olunub. Bu, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanındığı və qorunduğu bir addım olub.
Novruzun mədəni irs kimi qorunması üçün müxtəlif tədbirlər həyata keçirilir. Dövlət səviyyəsində təşkil olunan bayram tədbirləri, folklor festivalları, konsertlər və el şənlikləri bu qədim bayramın yaşadılmasına böyük töhfə verir. Şəhər və kəndlərdə tonqallar qalanır, ənənəvi Novruz oyunları keçirilir. Bakının mərkəzində təşkil olunan kütləvi bayram tədbirləri xalqımızın bu bayrama olan sevgisini əks etdirir.
Gələcəkdə də Novruz bayramı öz əzəmətini qoruyub saxlayacaq, daha geniş miqyasda qeyd ediləcək. Azərbaycan xalqı ənənələrini yaşadaraq bayram coşqusunu yeni nəsillərə ötürəcək. Qarabağ torpaqlarında abadlıq işləri genişlənəcək, Novruz daha da möhtəşəm qeyd ediləcək. Artıq bu ərazilərdə məcburi köçkünlər geri qayıdıb, yeni həyat qurmağa başlayıb. Hər il Novruz bayramı daha böyük coşqu ilə qeyd ediləcək, yeni layihələr, festivallar və tədbirlər təşkil ediləcək. Xüsusilə Qarabağ bölgəsində bərpa olunan qədim şəhər və kəndlərdə Novruz ənənələrinin daha da zənginləşəcəyi gözlənilir.
Novruz bayramı təkcə Azərbaycan üçün deyil, bütün türk və Şərq xalqları üçün də böyük əhəmiyyət daşıyır. Bu bayram İran, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan və digər ölkələrdə də geniş qeyd edilir. Lakin Azərbaycan Novruzu özünəməxsus milli-mənəvi dəyərlərlə zənginləşdirərək, onu daha da unikal hala gətirib.
Novruz bayramı milli kimliyi, mədəni irsi və bəşəri dəyərləri özündə birləşdirərək hər zaman sevgi və həmrəyliyi tərənnüm edəcək. Azərbaycan xalqı bu bayram vasitəsilə dünya ictimaiyyətinə öz zəngin mədəniyyətini, tolerantlığını və birliyini nümayiş etdirəcək. Novruz təkcə yazın gəlişini deyil, həm də insan ruhunun yenilənməsini, ümidi və gələcəyə inamı simvolizə edəcək. Xalqımız bu dəyərləri qoruyaraq, hər il Novruz bayramını daha möhtəşəm şəkildə qeyd edəcək.
Bu bayram nəinki mədəni irsimizi yaşadır, həm də insanlar arasında sevgi və mehribanlıq bağlarını möhkəmləndirir. Novruzun əsas fəlsəfəsi insanları bir araya gətirmək, dostluğu və qardaşlığı möhkəmləndirməkdir. Bu dəyərlər əsrlərdir xalqımızın ruhuna hopub və bundan sonra da yaşamağa davam edəcək.
Novruz – keçmişin mirası, bu günün qüruru və gələcəyin ümididir!
Fərəh Hüseynova
Suraxanı rayonu, 141 nömrəli məktəbin direktoru
Sozcu.info