8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Zeynal Əmrəliyev: "Sadəcə, o, sələflərindən fərqli olaraq Qarabağla bağlı bir qədər fikirləri çaşdırmağa xidmət edən açıqlamalar verir"
"Nikol Paşinyanın bu cür açıqlama verməsi əslində, əhalini sakitləşdirmək üçün atılan növbəti addımdır"
Heç kimə sirr deyil ki, Azərbaycan ordusu müasir silahlarla təchiz olunduqca, eyni zamanda hərbi büdcəmiz artdıqca düşmənimiz – Ermənistan bundan ciddi narahatlıq keçirməyə başlayır. Çünki qarşı tərəf anlayır ki, mənasız və heç bir nəticə verməyən sülh danışıqları, o cümlədən hazırkı status-kvo uzun müddət davam edə bilməz. Yəni səbr kasası daşmaqda olan Azərbaycan istənilən vaxt işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək barədə qərar qəbul edə bilər. Məhz bu səbəbdən də düşmən ölkə ciddi cəhdlə aciz vəziyyətə düşdüyünü gizləməyə, müxtəlif pafoslu çıxışlarla, eyni zamanda heç bir fakta söykənməyən yalan, uydurma, o cümlədən bir-birini təkzib edən məlumatlarla özünə təsəlli verməyə, çaşqınlıq yaratmağa çalışır. Məsələn, bugünlərdə jurnaslitlərin "siz danışıqları Serj Sarkisyanın dayandığı yerdən davam etdirirsiniz" sualını cavablandıran Ermənistanın baş naziri Nikol Paşinyan fərqli mövqe sərgiləyəcəyini qeyd edib.
Belə ki, "Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqları Serj Sarkisyanın nöqtə qoyduğu yerdən deyil, öz hesabımla aparıram. Bu çox vacib nüansdır" deyən Paşinyan danışıqların Serj Sarkisyanın dayandığı yerdən davam etdirilməsi barədə məlumatların çaşqınlıq yaratdığını bildirib. Ermənistanın baş naziri həmçinin, vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevlə martın 29-da Vyanda keçirilən görüş səmərəli olub: "Qarabağ münaqişəsi tənzimlənməyib. Danışıqların heç biri səmərəli deyil. Bunun belə ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların konstruktiv və müsbət atmosferdə keçdiyini bildirirlər. Biz bu mətni razılaşdırmışdıq".
Paşinyan erməni deputatların fəaliyyətindən narazıdır
Bu arada, onu nəzərinizə çatdıraq ki, Ermənistanın "Past" qəzetinin yaydığı məlumata görə, Nikol Paşinyan komandasının üzvlərinin işindən və qanunverici orqandakı fəaliyyətindən narazı olduğunu bəyan edib. Qəzet yazır ki, Nikol Paşinyan aprelin 8-də lideri olduğu "Mənim addımım" fraksiyasının üzvləri ilə qapalı görüşü zamanı indiki qanunverici orqanın arzuladığı parlament olmadığını təəssüf hissi ilə qeyd edib: "Paşinyan deputatların boş yerə vaxt itirərək iclaslardan yayınmaqla məşğul olduqlarını bildirib. Onun narazı qaldığı məsələlərdən biri komanda üzvlərinin Paşinyanın siyasi xəttinə riayət etməmələri olub. Bəzi deputatlar Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı keçirdiyi görüşlə maraqlanıb. Baş nazir deputatların Dağlıq Qarabağ münaqişəsi barədə təsəvvürlərinin çox səthi olmasından narazılığını dilə gətirib. O qeyd edib ki, bu məsələ ilə bağlı deputatlar elementar mövzular barədə danışa bilmirlər". "Past" qəzetinin iddiasına görə, Paşinyan Qarabağ münaqişəsi ilə bağlı təbliğat sahəsində uğursuzluğa uğradıqlarından hiddətlənib: "Bilmirəm, sizin bu məsələ barədə danışmağınız, yoxsa susmağınız yaxşıdır". Ermənistanın "Joqovurd" qəzeti isə bildirib ki, Paşinyanın "məxməri inqilab"ın ildönümünün yekunlarını nəzərdən keçirməsi nəticəsində bəzi məmurlar tutduqları vəzifədən azad ediləcək.
"Nikol Paşinyan aydınlıq gətirmədi ki, Azərbaycanla sülhə nail olmaq üçün çalışacaq, yoxsa Sarkisyan kimi sülhdən imtina edəcək"
Beləliklə, mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev bu qənaətdədir ki, Nikol Paşinyanın bu cür açıqlama verməsi əslində, əhalini sakitləşdirmək üçün atılan növbəti addımdır: "Düşünürəm ki, onun "Serj Sarkisyan kimi olamayacam. Qarabağ münaqişəsinin həllində daha fərqli mövqe sərgiləyəcəm" deməsi həm də xarici ölkələrə verilən mesajdır. Burada təzad yaradan məsələ budur ki, Nikol Paşinyan aydınlıq gətirmədi ki, Azərbaycanla sülhə nail olmaq üçün çalışacaq, yoxsa Sarkisyan kimi sülhdən imtina edəcək. Bu məsələ qaranlıq qalır. Fikrimcə, onun belə bir fikir səsləndirməsinə səbəb Ermənistanın müdafiə naziri David Tonoyanın Nyu-Yorkda erməni diasporu qarşısında çıxışı zamanı verdiyi açıqlamadır. Bildiyiniz kimi, Tonoyan Azərbaycanı müharibə ilə hədələyən bəyanatlar səsləndirib. Paşinyan isə öz növbəsində, Tonoyana tərəf çıxaraq bildirib ki, əgər o, başqa cür çıxış etsəydi, mən onu tutduğu vəzifədən azad edərdim. Düzdür, erməni tərəfi Azərbaycanın müafiə naziri Zakir Həsənov tərəfindən cavabını aldı. Hesab edirəm ki, Ermənistan rəsmilərinin açıqlamaları bir sıra Qərb ölkələri tərəfindən xoş qarşılanmadı. Onu da qeyd etməliyəm ki, Paşinyanın son açıqlaması sadəcə olaraq, fikri yayındırmaq üçün deyilmiş bir sözdür. Belə ki, o, Sarkisyandan fərqli mövqe sərgiləyib nə edəcək? Mən onun Qarabağ məsələsində Serj Sarkisyan və Robert Koçaryandan fərqli mövqedə duracağına inanmıram".
"O, bu kimi yollarla vaxt qazanaraq daxildə öz hakimiyyətini möhkəmləndirməyə, qüvvələri sakitləşdirməyə çalışır"
Nikol Paşinyanın Serj Sarkisyan və Robert Koçaryanın Qarabağla bağlı yetirdiyi siyasəti davam etdirəcəyini vurğulayan siyasi şərhçinin sözlərinə görə, Ermənistanın baş nazirindən fərqli addım gözləməyə dəyməz: "Sadəcə, Paşinyan sələflərindən fərqli olaraq bir qədər fikirləri çaşdırmağa xidmət edən açıqlamalar verir. Bununla da o, həm "Qarabağ klanı"nı, həm də erməni milliyyətçi gəncləri sakitləşdirməyə çalışır. Eyni zamanda, o, bu bəyanatla sülhə meyilli dünya ölkələrinə göstərmək istədi ki, mən sələflərim kimi sülhdən qaçmayacam, lazım olsa, sülhə hazır bir şəxsəm. Yəni o, fərqli mənalar ifadə edən açıqlama verib. Odur ki, bunu həm sülhə, həm də müharibəyə yönəlik çıxış kimi qiymətləndirmək olar. Bir sözlə, Paşinyanın dedikləri ikili fikir yaradan açıqlamadır. Buna görə də onu boş, mənasız açıqlama hesab edirəm. Fikrimcə, Paşinyan bu kimi yollarla vaxt qazanaraq daxildə öz hakimiyyətini möhkəmləndirməyə, qüvvələri sakitləşdirməyə çalışır. Hazırda onun yeritdiyi siyasət də məhz buna xidmət edir".
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org