8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Din və inanc birliyi bir millətin formalaşmasında, onun yad təsirlərdən qorunmasında mühüm rol oynayır. Tarix boyu eyni millətin müxtəlif dinlərə mənsub üzvlərinin imperialist assimilyasiya siyasətlərinə qarşı fərqli dirəniş göstərməsi də bunu sübut edir. Azərbaycan xalqının aparıcı etnik tərkibini təşkil edən türklərin çoxəsrli rus əsarəti tarixi bu iddianın ən bariz nümunələrindəndir. Rus imperiyasının işğalına məruz qalan xristian qaqauzların tatar, Azərbaycan və digər müsəlman türklərdən daha çox assimilyasiyaya məruz qalmasının başlıca səbəbi də dini amillə izah oluna bilər.
Dinin bu müsbət mühafizəkar xarakteri ilə yanaşı, həm də məzhəbçi bölünmələrə yol açdığı, millətləri daxildən parçalanmalara apardığı da təkzibolunmazdır. Bu gün Yaxın Şərq dövlətlərini qan gölünə bürüyən, yüzillərlə geri salan məzhəb müharibələrinin necə dəhşətli dağıntılara səbəb olduğu göz qabağındadır. Odur ki, müasir demokratik dövlətçilik anlayışının söykəndiyi sekulyarizmin dini siyasətdən nə qədər ayrı tutmasına baxmayaraq, dövlətlərin öz vətəndaşlarının xarakterinə uyğun din siyasəti formalaşdırması vacibdir, qaçınılmazdır
Görünür, dinin mühafizəkar xarakterini nəzərə alan sovet imperializmi Azərbaycan xalqını daha rahat assimilyasiya etmək üçün ölkəmizdə dini təhsili tamamilə qadağan etmişdi. Bəlkə elə buna görə də, sovet hakimiyyəti qurulan kimi ən çox represiyalara məruz qalan sosial qrupların başında din xadimlərimiz gəlmişdi. Xüsusilə 37-ci il represiyalarında Şərq ölkələrində ali təhsil alan din alimlərimiz "vətən xaini” elan edilmiş, ruhanilərimiz məhv olunmuş, xalqımıza öz mənəvi dəyərlərini öyrədən mədrəsələrimiz sıradan çıxarılmışdır.
Fəqət insan fitrətindən irəli gələn dini duyğuları ortadan qaldırmaq mümkün olmadığından, savadlı din xadimlərimizin yerini mövhumatçılar almışdı. Azərbaycan xalqı özünü yad ünsürlərdən qoruyan dini əməllərini savadsız mollaların sayəsində saxlamaq məcburiyyətində qalmışdı. Müstəqillik qazandıqdan sonra Azərbaycan milli-demokratik hakimiyyətinin atdığı ilk addımlardan birinin o dövrdə ən nüfuzlu ali məktəblərimizdən sayılan BDU-nun tərkibində İlahiyyat fakültəsi yaratmaq olması bu mənada təsadüfi deyil.
İlahiyyat fakültəsinin yaradılmasını zəruri hala gətirən başqa amillərdən biri də dünyaya açılan Azərbaycana dindaşı olduğu Yaxın Şərq ölkələrindən təlqin edilən müxtəlif cərəyanlara qarşı milli din konsepsiyamızı yaratmaq istəyindən qaynaqlanırdı. Sirr deyil ki, ölkəmiz bir tərəfdən yaxın qonşumuz olan və ciddi tarixi tellərlə bağlandığımız İranın, digər tərəfdən isə keçmiş SSRİ-dəki müsəlman xalqlara vəhabiliyi yaymağa çalışan Səudiyyə Ərəbistanının təsiri altında qala bilərdi və bu təhlükə indi də mövcuddur, hətta daha ciddi xarakter alıb. Bəlkə də, yaxın gələcəkdə Azərbaycanın məzhəb müharibələrinin poliqonuna çevrilməsinin qarşısını almaq üçün milli-demokratik hakimiyyətimiz İlahiyyat fakültəsinin yaradılmasını qardaş Türkiyə ilə birgə həyata keçirməyə qərar vermişdi. Sözügedən fakültənin 1992/93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Diyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunması da bundan xəbər verir.
Bəs, görəsən, ölkəmizin milli təhlükəsizlik strategiyasının vacib elementlərindən biri halına gələn bu siyasət nə qədər uğurla həyata keçirildi?
Hazırda Türkiyədə yaşayan ilahiyyatçı ziyalı Zaur Şüküroğlu bu siyasətin arzu olunduğu kimi aparılmadığı qənaətindədir. Onun müxtəlif zamanlarda qələmə aldığı yazılardan aydın olur ki, Türkiyənin insiyativiylə yaradılan İlahiyyat fakültəsi tamamilə qardaş ölkənin Diyanət Vəqfinin sabiq rəhbəri Təyyar Altıkulaçın nəzarəti altındadır. Fakültənin dekanı Vasim Məmmədəliyevin rəhbərliyi isə sadəcə formal xarakter daşıyır: "Təəssüf ki, hörmətli Vasim Məmmədəliyəv, nəinki Tayyar Altıkulaçın sözügedən fakültə üzərindəki təsirini azaltmayıb, üstəlik özü də hər zaman Altıkulaçın ciddi ölçüdə təsiri altında olub. O qədər ki, Altıkulaç "həzrətləri" fakültədən müəllim-işçi çıxarmaq üçün belə, şəxsən Bakıya gedib, Vasim müəllim isə səsini də çıxara bilməyib”.
Bəs, görəsən, Türkiyədə oturduğu halda, yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın din tədris edən ən mühüm ali təhsil müəssisəsi olmaqla yanaşı, həm də milli təhlükəsizlik strategiyasının başlıca istiqamətlərindən birinə çevrilən İlahiyyat fakültəsini idarə edən Təyyar Altıkulaç kimdir?
9 fevral 1978-ci ildən 10 Noyabr 1986-cı ilə qədər Türkiyə Diyanət Vəqfi başqanı olmuş bu adam həmin quruma yarandığı gündən bu zamana qədər ən uzun müddət rəhbərlik etmiş iki adamdan biridir. Türkiyə tarixinin ən keşməkeşli dövrünə düşmüş bu 8 ildə iki dəfə dövlət çevrilişi olmuş, 5 dəfə hökumət dəyişilmişdir.Xüsusilə 1980-ci ilin 12 senyabrda tarixinin ən ağır hərbi çevrilişini yaşayan ölkənin bütün qurumları başdan-ayağa kadr dəyişikliyinə məruz qalmışdı. Dəyişilməyən yeganə sima isə Altıkulaç idi. 1986-cı ildə öz istəyi ilə TDV-nin başqanlığından istefaya getsə də, bu ilahiyyatçı alimin qurumla əlaqəsi tam kəsilməmişdir. Həmin dövrlərdə vəqfin bir çox konfranslarını keçirmiş, çoxsaylı kitablar yazmış və Türkiyənin ən samballı ali təhsil ocaqlarından sayılan Mərmərə universitetinin İlahiyyat fakültəsində müəllimlik etmişdir. 1988-ci ildə TDV-nin tərkibində yaradılan İslam Araşdırmalar Mərkəzi (İSAM) isə onun şah əsərlərindədir.
Qısa müddətdən sonra SSRİ-nin dağılmasıyla Təyyar Altıkulaçın ulduzu yenidən parlamışdır. O, 1992-ci ildə Bakıda İlahiyyat fakültəsini yaratmış, 1995-ci ildə isə AKP-nin siyahısından millət vəkili seçilmişdir.
Xüsusilə Diyanət vəqfinə rəhbərlik etdiyi illərdə toxunulmazlıq statusu qazanması Təyyar Altıkulaç barəsində müxtəlif dedi-qoduların yaranmasına səbəb olmuşdur. Bir çoxları ona "dərin dövlət"in adamı kimi baxmışdılar. Türkiyəli yazar İsa Tatlıcanın qələmə aldığı bu sətirlər də onun barəsində mövcud şübhələrin etiraflarındandır:
"Təyyar Altıkulaçı rejimin "qara qutu"larından biri olaraq bilirdik. Bizə həmişə çevriliş dövrünün "dərin adam"larından biri kimi tanıdılmışdı”.
Əslində onun "dərin adam” kimi tanıdılması təsadüfi deyildi. Əvvəla, ona görə ki, şahidlərin bildirdiyinə əsasən, TDV-nin başqanı olduğu dövrlərdə Altıkulaç əsl diktatorlara yaraşan soyuq sima ilə işləri yürüdürdü. O, vəqfin bütün işçilərini də elə bu cür "soyuqüzlülər”dən formalaşdırmışdı. Altıkulaç vəqfin başqanlığından ayrıldıqdan sonra da onun qurduğu "soyuqüzlü” rejimin buzlarının ərimədiyi bildirilir. İsa Tatlıcanın etiraflarına inansaq, hətta 1990-cı illərin axırında da. Gəlin, həmin etirafı yazarın öz dilindən dinləyək:
"90-cı illərin sonlarında Anadolunun müxtəlif vilayət və rayonlarında bəzi İslami konfranslar təşkil edərkən, tədbirləri keçirdiyimiz mərkəzlərdəki müftülükləri də ziyarət edərdik. O ziyarətlərdə tanış olmuşdum Diyanət İşləri Başqanlığının soyuq üzüylə.
Kobud bir quruluş, soyuq üzlər, dərinliyi olmayan bir İslami anlayış …”
Maraqlıdır ki, İlahiyyat fakültəsinin idarə olunması da məhz bu diktatorluq xarakteriylə yürüdülür. Hər halda həmin fakültənin məzunu olan, dolayısıyla yetişdirildiyi ali təhsil ocağını yazı müəllifindən daha yaxşı tanıyan Zaur Şüküroğlu belə düşünür. Gəlin, bir də onu dinləyək:
"Altıkulaç qanun-qayda bilməyən bir adamdır. O, qanuna yox, qanun ona tabe olaraq, daha doğrusu adamları tərəfindən onun iradəsinə tabe etdirilərək hərəkət edən bir adamdır. Xüsusilə TDV-nin Türkiyədə və xaricdəki fəaliyyətləri tam mənasıyla onun şəxsi istəyinə görə uydurulan qaydalarla müəyyən edilir və ona görə şəkilləndirilir”.
Altıkulaçın "dərin adam” kimi tanınmasında 8 il ərzində yürütdüyü siyasətin də 12 Sentyabr inqilabının məramlarına tam cavab verməsiydi. Bilindiyi kimi, Türkiyədə "12 Eylül” adıyla anılan 1980-ci il hərbi çevrilişi İran İslam İnqilabının mümkün nəticələrinə qarşı hazırlanmışdı. Ən azı sözdə… 1979-cu ildə İranda baş verən inqilabın Türkiyəyə sıçraması ehtimalından narahat olan ABŞ Kənan Evrəni hakimiyyətə gətirməklə qardaş ölkədə dini qrupların önünü açmış, şiəçiliyə alternativ sünniçilik anlayışının cəmiyyətdə kök salmasına şərait yaratmışdı. Çevriliş nəticəsində bir tərəfdən Türkiyənin sekulyar siyası qüvvələri, xüsusilə sol təmayüllü partiyalar sıradan çıxarılarkən, digər tərəfdən imam-xətib lisələrinin yaradılmasına start verilmiş, gələcəyin islamçı siyasi kadrlarını hazırlamağa başlanılmışdı. Hazırda Türkiyəyə rəhbərlik edən Rəcəb Tayib Ərdoğan da həmin imam-xatib liseyinin yetirməsidir.
Əslində isə, İrandan sonra Türkiyədə başlayan bu islamlaşma prosesi 30 ildən sonrakı tarix üçün atılmış ilk fundamentlər idi. Məqsəd 2000-ci illərdən sonra Yaxın Şərqdəki "ərəb bahar”larıyla başlayacaq məhzəb müharibələrinə yol açmaq idi. Türkiyədə də sünni təəssübkeşliyi ilə tanınan Altıkulaçın İran inqilabından bir il əvvəl Diyanət Vəqfinin başqanlığına gətirilməsi də yaxın coğrafiyada iki aşırı məzhəbçi zehniyyətin eyni anda aktivləşdirilməsindən xəbər verir. Türkiyə Diyanət Vəqfinin sabiq başqanının sünni təəssübkeşliyinə söykənən islami anlayışa rəvac verilməsini Türkiyəli yazar İsa Tatlıcan köşə yazılarının birində üstüörtülü şəkildə xatırlayaraq deyir:
"Açıq danışım… Bütün dinlərə, məzhəblərə və dini anlayışlara bərabər məsafədə dayanması lazım olan dünyəvi bir ölkədə, sünni islamını və Hənəfi məzhəbini təmsil edən Diyanət İşləri Başqanlığının varlığını doğru və ədalətli hesab etmirəm. Üstəlik, rəsmi nüfuz vasitəsilə, dini qalın xətlərlə məhdudlaşdırmaq, yeni şərhlərə bağlamaq Quranın da ruhuna uyğun deyil. Dini həyatın tamamilə o dini yaşayan insanların iradəsinə buraxılması durumunda din xidmətində böyük sıçrayışların meydana gələcəyinə və İslamı doğru anlamaqda böyük addımlar atılacağına inanıram”.
Görünən budur ki, Türkiyədə 40 il əvvəl guya İran təsirinə qarşı yaradılmış, əslində isə bugünkü məzhəb müharibələrinin başqa bir cəhbəsi halına gətirilmək üçün əsası qoyulan həmin anlayış Altıkulaç vasitəsilə müstəqilliyimizin ilk illərində Azərbaycana idxal olunmuşdur. Maraqlıdır ki, bu gün Türkiyənin baş ağrısına çevrilən Gülənçilik cərəyanının da ölkəmizə ayaq basması məhz həmin dövrlərə təsadüf edirdi. Sanki İlahiyyat fakultəsiylə gənclər, Gülənçi məktəbləriylə isə uşaqlar yeni dövrün vətəndaşlığına hazırlanırdı.
Altıkulaçın qələmə aldığı xatirə kitabı olan "Zorlukları aşarken” əsərində Fəthullah Gülən haqqında dilə gətirdiyi bəzi fikirlər də bu iki cərəyanın başında duranların bir-biriylə əlaqəsindən bəhs edir. Kitabın müxtəlif yerlərində Gülən hərəkatına rəğbətini gizlətməyən Altıkulaç yazır:
"Tanımadığımız coğrafyalardaki kardeşlerine kadar uzanıp kucaklayabilen, onlara güzel Türkçemizi öğretecek ve ecdadının hizmetleriyle övünecekkadar milliyetçi olan bu kadroya gıbta ediyorum. Dünya insanlığını gelecekte yönetecek gençlerin yetiştirilmesini hizmet felsefesinin omurgası haline getiren, üretip geliştirdikleri heyecan ve irfanla devletlerin bile yapamadıklarını başaran bu insanların yaptıklarını yapamamışolmayı, onlara hayranlık duymaya engel görmüyorum”.
"Gülen hareketi adına gerçekleştirilen hizmetlerin gıpta ile değerlendirilmesi gereken şeyler olduğu ortadadır ve tartışmasızdır”.
"Uluslararası boyutta faaliyet gösteren bir hizmet modelinde görev almış binlerce insan arasında bazılarının zaman zaman yapacakları yanlışları da pertavsızca büyütmemek, bu tür şaz örnekleri öne çıkararak samimiyetle hizmet eden insnaların şevkıni kırmamak gerek” və s.
Təsadüfi deyil ki, Gülən hərəkatına bu cür yüksək qiymət verən Altıkulaçın nəzarətində olan İlahiyyat fakültəsi Azərbaycanın ilk gülənçi kadrlarını yetişdirmiş ali təhsil ocağı kimi tanınıb. Azərbaycanda bu adla vurulan və Prezident Aparatına qədər yüksələn Elçin Aslanovun da bu fakültəni bitirdiyi, ən əsası isə həmin təhsil ocağına imtahansız qəbul olunduğu bildirilir. Zənnimizcə, bu barədə fikir söyləmək səlahiyyətini eyni məktəbin məzunu olan Zaur Şüküroğluna vermək daha ədalətli olardı:
"Elçibəyin iştirakı ilə açılan bu fakultə zaman-zaman Gülənin hədəfində oldu. Bu fakultəni ələ keçirməyə cəhd etdi. Açığı, bir müddət Diyanət İşləri başqanı olmuş, sabiq deputat Təyyar Altıkulac ilə olan münasibəti bu fakultənin ilk illərinə öz təsirini göstərdi. Belə ki, imtahansız bu fakultəyə daxil olanlardan biri sonradan Gülənin gənclər imamı olan Elnur Aslanov idi. Özü tərcümeyi-halında bunu yazmasa da, tələbəlik illərindən Gülənin "seçilmiş”lərindən idi. Tanınmış alim Vasim Məmmədəliyevin tədricən Altıkulacın təsirini azaltması nəticəsində fətullahçılar zamanla bu fakultəyə düşmən oldular. Lakin son illərdə yenidən fakultəni ələ keçirmək üçün çabaladıqları xəbərləri dolaşmaqdadır."
Bununla belə, yuxarıdakı fikirlərin müəllifinə görə, Gülənçi kadrların ən zəif atlarını oynatdığı yer də İlahiyyat fakültəsidir. Onlar artıq dövlətin ən yüksək mərtəbələrində yer alırlar. Zaur Şüküroğlu bu yerlərin adını çəkməkdən də çəkinməyərək, bildirir:
"FETO-çuları Gənclər və İdman, Vergilər, Maliyyə Nazirlikərində axtarın! Çünki maliyyə naziri Samir Şərifov bunlara ən yaxın olan şəxslərdən biridir və araşdırsaz, bunlarla ortaq lahiyələrinin olduğunu görəcəksiniz. Bunların ən son getdikləri yer məscidlər və ilahiyyat fakültələridir. Ancaq təbii ki, belə deyək, bu sahələri də nəzərdən qaçırmaq və boş buraxmaq olmaz. Xüsusilə ilahiyyət fakültəsinin qurulmasında müstəsna rol oynamış Təyyar Altıqulacın Gülənlə olan münasibətləri ciddi şəkildə nəzərdən keçirilməlidir."
Gənc ilahiyyatçının öz fikirlərində nə qədər haqlı olub olmadığını müəyyənləşdirmək hakimiyyət nümayəndələrinin işidir. Biz isə özümüzə düşən vəzifəni- xəbər vermək məsuliyyətini yerinə yetirdik. Dövlət qurumlarımızın nəzərinə onu çatdırırıq ki, İlahiyyat fakültəsində işləyən bir müəllimdən aldığımız məlumata görə, qurumun bəzi "sözəbaxan” kadrları maaşlarından əlavə, hər ay 1000-2000 dollar arasında "paket” alırlar. Verilən "paket”in mənbəyini araşdırmaq bütün hallarda gələcəyimizin xeyrinə olardı
Heydər Oğuz