Etdikləri qarşısına çıxan Maduro: Venesuelanın ən dəhşətli həbsxanasında işgəncə maşını


Karakasın mərkəzində yerləşən “Gelikoid” bu gün Latın Amerikasının ən qorxulu və dəhşətli həbsxanalarından biri kimi tanınır.

 ABŞ prezidenti Donald Tramp dünən verdiyi açıqlamada Venesuela lideri Nikolas Maduronun insanlara birbaşa paytaxtın mərkəzində işgəncə verdiyini bildirib. Böyük ehtimalla Tramp məhz bu məkanı – “Gelikoid”i nəzərdə tutub.

Spiral formalı nəhəng bina 1950-ci illərdə Venesuelada neft bumunun yaşandığı dövrdə futuristik ticarət mərkəzi kimi inşa edilmişdi. O vaxtlar “Gelikoid” ölkənin iqtisadi yüksəlişinin və modernləşmə iddialarının simvolu hesab olunurdu. Lakin diktator Markos Peres Ximenesin devrilməsindən sonra layihə yarımçıq qaldı və bina uzun illər istifadəsiz vəziyyətdə saxlanıldı.

Sonradan bu məkan Venesuelanın xüsusi xidmət orqanı – SEBIN-in nəzarətinə verildi. Məhz bundan sonra “Gelikoid”in taleyi dəyişdi və bina qorxu, zorakılıq və repressiya rəmzinə çevrildi. Zamanla burası əsasən siyasi məhbusların saxlandığı ən məşum həbsxanalardan biri oldu.

Xüsusilə 2014 və 2017-ci illərdə ölkəni bürüyən kütləvi etirazlar zamanı “Gelikoid”ə minlərlə insan gətirildi. Buraya yalnız fəallar deyil, küçədən təsadüfən saxlanılan vətəndaşlar da doldurulurdu. Kameralar keçmiş ofislərdə, sanitar qovşaqlarda və hətta pilləkən boşluqlarında qurulmuşdu. Saxlanma şəraiti tamamilə qeyri-insani idi.

Keçmiş məhbusların və bəzi nəzarətçilərin ifadələrinə görə, “Gelikoid”də sistemli şəkildə ağır işgəncələr tətbiq olunub. Döyülmə, elektrik cərəyanı verilməsi, boğulma, saxta güllələnmə səhnələri bu divarlar arasında adi hala çevrilmişdi. Bu faktlar beynəlxalq insan haqları təşkilatları tərəfindən sənədləşdirilib. 2018-ci ildə isə Beynəlxalq Cinayət Məhkəməsi Venesuelada insanlığa qarşı cinayətlər üzrə rəsmi araşdırmaya başlayıb.

Bu mənzərə fonunda sual açıq qalır: Qərbin rahat şəhərlərində Maduronu müdafiə edən, onu “azadlıq simvolu” kimi təqdim edən radikal sol dairələr “Gelikoid”də baş verənlərdən xəbərdardırlarmı? Əgər bilirlərsə, bu, Venesuelanın ən dəhşətli həbsxanasında həyata keçirilən işgəncələrə, siyasi repressiyalara və insan hüquqlarının tapdalanmasına şüurlu şəkildə göz yummaq demək deyilmi?



Oxşar Xəbərlər

Xəbər lenti