8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qayalar üstündə qərib neyəm mən,
Nəğməm daş yuxulu, daş bayatılı.
Dünəndən bu günə bir gileyəm mən,
Murad istəyirəm-Ağ at sovqatlı.
Bir sirli dünyayam-oxuyan olsa,
Deməyin əyilib,sınıbdır qəddim.
Bir əlvan xalıyam-toxuyan olsa,
Məmim ilmələrim qədimdən-qədim.
"Qobustan kitabələri”ndən
Bu şirin-şəkər, yaddaqalan, ürəyəyatımlı misralar ədəbi aləmdə imzasını çoxdan tanıdığım, sevə-sevə oxuduğum, şəxsi tanışlığımızdan sonra bir vaxtlar qələminə, sözünə vurğun olduğum Dilsuz Musayevə məxsusdur.
Dilsuz Musayevin şəxsiyyəti, sözü, deyimləri qədər özünün də şirinliyi, mehribançılığı ilk tanışlığımızdan məni heyran qoydu, sevdirdi onu mənə. Özüylə sözündəki bütövlük, tamlıq, üst-üstə düşmələr ona qarşı marağımı bir daha artırdı, onun, söz, sənət dünyasına dərindən varmağa, şeirindəki, sözümdəki yükü, çəkini bir daha ələk-xəlbir eləməyə başladım, dərinliklərə baş vurdum. Onun söz-sənət dünyasına daxil olduqca bir daha anladım ki, Dilsuz Musayev ədəbiyyata, poeziya aləminə yük olmağa, dərd artırmağa deyil, poeziyanın, sənətin yükünü, çəkməyə, dərdini daşımağa, qəmini azaltmağa gəlmişdir. Gurultulu pafosdan, yersiz hay-küydən, ədəbiyyatımıza və dilimizə zorla pərçimlənən yad ifadə və deyimlərdən uzaq poeziyasında oxunduqca oxunan, sevildikcə sevilən, öz yolu ilə sakit-sakit addımlayan, addımladıqca irəliləyən, irəlilədikcə zirvəyə doğru uzanan sənət yolunda əyilmədən, sınmadan gedir, Dilsuz Musayev...
Hay-küylə, gurultulu çıxışla deyil, sadəcə hamının başa düşəcəyi, başa düşüb qiymətləndirəcəyi bir dillə, bir qələmlə yazan şair nəhayətdə öz layiqli yerini tuta bilir söz-sənət dünyamızda. Təmiz, saf sözüylə, saf əqidədən süzülüb gələn ifadələriylə, düzgün fikirləriylə adi bir kənd adamından böyük bir ölkənin vətəndaşına, Vətənin layiqli övladına, yurdsevərə çevrilə bilir Dilsuz müəllim.
Çoxlarının cibindən, kreslosundan başlanan Vətəni içində, qəlbində göyərdə, böyüdə bilir və elə ona görədir ki, Vətənin layiqli vətəndaşına çevrilə bilir, özü də vətənləşir, yurdlaşır...
...Göyərtdim ürəyimdə,
Çiçəkləri, gülləri.
Gül selinə bələdim
Obaları, elləri...
...Mən Vətən göyərdirəm,
Suvarıram qanımla.
Qayalar əridirəm,
Bir balaca canımla...
"Bir balaca canıyla” dediyi, yazdığı sözün böyüklüyü, ucalığıdır ucaldan el gözündə, şeir-sənət bilicilərinin ürəyində şair dostumuz Dilsuz Musayevi.
"Ürəyimdə göyərən Vətən” şeirindəki saf, təmiz duyğulara bələnmiş misraları ilə o, bir daha təsdiqləyir, sübut edir ki, özündən qat-qat böyük söz demək, uca fikirlər söyləmək üçün doğrudan da nə böyük göydə, nə uca boy gərəkmiş...
Cansız, cəsədsiz, balaca boy olmaqla da böyük fikirlər söyləyib Vətənin ucalığını, torpağını şirinliyini layiqincə təsvir etmək, qələmə almaq olar, təki Vətən, Doğma torpağ, Yurd sənin ürəyindən su içib ucala, böyüyə bilsin, səni də ucalda, böyüdə bilsin.
Hələ Azərbaycanın ikiyə bölünmə ağrısından ta Qarabağ ağrı-acısına qədər Vətənin bütün dərdlərini özününküləşdirən, doğma dərdi-səri bilib ürəyində, qəlbində cücərdən, göyərdən, böyüdüb özü ilə yaşadan şair, iki əsirlik ağrı-acıya bu günkü dərdi-səri kimi yanaşaraq qələmə alır:
Səni yağmaladı yağı əlləri,
Başın çox qovğalar çəkəsi oldu.
İkiyə bölündün, o vaxtdan bəri,
"Gülüstan” tarixin ləkəsi oldu...
Beləcə sağalmaz ağrı, acını ürəyində yaşadan şair Doğma Vətənin yer üzündə onun gözlərində əvəz olunmaz, ucadan uca, əzizdən əziz olduğunu yorulmadan təsvir etməkdən doymur, yazdıqca yazır:
Ən isti ocaqsan bu yer üzündə,
Şəfadır, məlhəmdir buz bulaqların.
Gülər arzuların al gündüzündə,
Bir əlvan xalıdır göy yaylaqların.
Dilsuzun vətənpərvər şeirlərini oxuyandan sonra insan sanki bir daha doğma Vətənin gözəlliyinə heyran qalır, yenidən bir daha, bir daha vurulur doğma diyara, bir daha sevir uca Vətəni!
Dilsuz Musayevin qaysaqlanmış ikiyə bölünmüş vətən dərdinin dərisi Qarabağ ağrı-acısı ilə yenidən soyulur sanki. Yarası qan verməyə başlayır, sızlayır şair!
Bu qədər zillətdə qalan millətin,
Qaçqını, köçkünü olan millətin,
Vətəndə Vətənsiz ölən millətin,
Kəfəni ağlayan gözdü Qarabağ!
Vətəndə Vətənsiz ölmək! Nə qədər ağrılı, dözülməz, üzücü səslənir İlahi! Bu ifadə öz doğma yurdunda vətənsiz qalanlara bir ağı, bir oxşamadır sanki! Gözəlliyinə, bənzərsizliyinə tayı olmayan vətəndə, vətənsiz yurdsuz-yuvasız ölmək! Bax, budur dərdin, ağrı-acının betəri, dözülməzi!..
Dilsuz Musayev nədən yazırsa yazsın, heç vaxt çiy və ya çeynənmiş sözlər, deyimlərə müraciət etmir. Həm də taptanmış yolun yolçusu da olmağı sevmir heç zaman. Mövzu müxtəlifliyində həmişə qələmini uğurla sınayan şair çalışır ki, təzə, təravətli sözlər desin. Odur ki, o, heç vaxt söz mətbəxindən oxucu süfrəsinə dadsız ləzzətsiz, dadı-tamı damaqlarda qalmayan təamlar çıxarmır. O, adına, imzasına həmişə hörmətlə yanaşmaqla oxucu zövqünə də, ehtiyatla, diqqətlə yanaşır. Kəmiyyətdən çox keyfiyyətə fikir verməklə öz fikirləri, düşüncələri ilə zövq oxşayır, ürəkləri fəth edir şair. O, həm də sözə ehtiyatla yanaşan, uzunçuluqda, yersiz deyim və fikirlərdən uzaq olan şairlərimizdəndir.
"Az olsun, söz olsun” düşüncəsi ilə məsələyə, olaylara yanaşan, ortaya tam dolğun, hamınınkı ola biləcək fikirlər qoymaqla oxucu qəlbini ovşunlayır, özünü sevdirə bilir, şair dostumuz Dilsuz Musayev.
Dilsuz müəllim həm də mahir bir publisist kimi də həmişə yadda qalan, öz təsirini hər vaxt saxlayan mövzular müəllifi kimi də mahirdir, tanınandır. Bu baxımdan onun "Xocalı harayı” qısa, lokanik yazısı diqqətçəkən, qəlbə toxunandır. Qorxmaz, çəkinməz, sözü üzə şax deyən qələm sahibi olması onun həmin yazısında özünü tam dolğunluğu ilə göstərir, yaddaşlara həkk edir.
Sözə, söz sənətinə həmişə milli-mənəvi dəyərlərimiz, dədə-babaların yadigarları kimi yanaşır Dilsuz müəllim. Eyni zamanda söz sənətimizi uca tutan, dəyərləndirən, qiymətləndirən qələm sahiblərinin sözləri kimi, özləri də onun üçün milli mənəvi dəyərlər səviyyəsinə yüksələn, ucalıqda məskunlaşan insanlardandı.
Bu baxımdan tanınmış aşıq, böyük söz sərrafı, dədə səviyyəsinə qədər yüksələn bir sənətkar olan Aşıq Şəmşirlə bağlı yazısı da çox diqqət çəkəndir. Dədə Şəmşir kimi əsil ömür yolu ölümündən sonra başlayanlar haqqında yazdığı bir fikirdə də çox maraqlı, yadda qalandır.
Soruşdum birindən:-Şairəmmi mən?
Özüm ki, özümü öyə bilmərəm.
Cavabı asanca qopdu dilindən:
-Hələ ölməmisən, deyə bilmərəm...
Heç də təsadüfü deyil ki, Dədə Şəmşir kimi dahi söz sərrafı Dilsuz Musayev sənətinə, yaradıcılığına böyük qiymət vermiş, dəyərləndirmiş, hətta onun yaradıcılığına, şəxsiyyətinə şeirlər də həsr etmişdir.
Bu xoş səadətli görüşümüzdə
Elə bil doğmuşdu təzə anam məni.
Yanında tiflisli Dilsuzu gördüm,
Gözəl sevindirdi təzə nam məni...
Dədə Şəmşir kimi söz sərrafının diqqətini çəkmək, onun şeirinin qəhrəmanına çevrilmək də hər qələm sahibinə, söz adamına qismət olan xoşbəxtlik deyil ha!...
Dilsuz müəllim Dədə Şəmşir haqqında yazdığı publisist yazısı qədər də, ona həsr elədiyi şeirlər də maraqlı, yadda qalandır:
Kəlbəcərin dağlarında duman var,
Sənsizləşən, gövrəkləşən zaman var,
Güllü nənə, Şəmşirini uman var,
Bu istəyi nahaqdımı, bilmirəm?!
O gecikən qonaqdımı, bilmirəm?!
Və ya:
İstəyini ürəyinə salan var,
Bulud-bulud boşalan var, dolan var,
Ana torpağ, Şəmşir adlı balan var,
O kükrəyən sinəsimi, bilmirəm?!
Pərdə-pərdə dinəsimi, bilmirəm?!
Dilsuz Musayev şirin, ləziz, həm də kədərli, ah-amanla dolu bir dillə dədələrdən, babalardan bizə ərmağan, miras qalmış söz adlı mələyə ehtiyatla, səbirlə yanaşa-yanaşa yanıqlı bir dillə yazır: "Ölümlə ölümsüzlük sərhəddində həm də bir nəhayətsizlik gördüm. Nədənsə qəlbimdən qəribə bir hiss keçdi. Insan da uca dağlar kimidir. Dağların cığırları, gədiklər, duman-çəni olduğu kimi, insan ömrünün də günləri, ayları, illəri, ağlı-qaralı həyat yolları var. Hamı zirvəyə can ata bilər, ancaq o zirvəyə ucalmaq, həmin zirvədə qərar tutmaq hər adamın işi deyil. Məhs bu zirvədə Dədə Şəmşir kimi əsl sənət adamları qərar tuta bilər”.
Çox maraqlı, ağla batan, fikirləri fəth edən, sözün zirvəsində qərarlaşan düşüncəə məhsuludur. Dilsuz müəllimin dedikləri. Onun yazdığı fikirlərin əksəriyyəti dilimizin saflığına, təmizliyinə, əmmaməçilikdən uzaq olmağa xidmət edir. Oxuduqca, analiz etdikcə görürsən ki, doğrudan da dilimizdə, söz sənətimizdə xüsusi bir Dilsuz saflığı, Dilsuz şirinliyi var ki, o da Dilsuza sənətin, dilimizin Dilsuzu olmaq hüququnu, vəsiqəsini verir...
Gözəl şeirlər, publisist yazılar müəllifi olan Dilsuz Musayev həm də tutarlı tərcümələr müəllifi kimi də tanınıb, sevilib həmişə. "Ədəbiyyatın dostluğu-xalqların dostluğudur” devizi ilə həmişə öz tərcümə işlərinə yanaşan Dilsuz müəllim bir çox xarici ölkə yazarlarının əsərlərindən gözəllərini seçib tərcümə etməklə, bu müqəddəs işinə həm də xalqlar ədəbiyyatı arasında bir körpü kimi baxmış, bu dostluq körpüsünə qoyduğu hər bir kərpicə sevinmiş, şadlanmışdır.
O, hələ M.F. Axundov adına Pedaqoji Dillər İnstitunun "Rus dili və Ədəbiyyatı” fakultəsində təhsil alarkən tərcümə işinə maraq göstərmiş, rus şairəsi Mayya Rumyantsevadan ilk tərcümələrini eləmiş və sonralar bu işi yaradıcılığının bir qolu kimi davam etmiş və bu gün də etməkdədir. Dilsuz müəllimin sonralar gürcü şairləri İrakli Abaşidzedən, Revaz Margianidən, Muxram Macavariyanidən, Ukraniya şairləri Mikola Bajandan, Mixail Stelmaxdan, Belarus şairi Yanka Kupaladan, Moskvalı Robert Rojdestvenskidən, türkmən şairi Atamurad Atabayevdən, V.Malışevdən, Boris Siyusardan(bolqar yazıçısı) və başqalarından tutarlı tərcümələrini etməklə öz tərcümə işini daha da genişləndirmiş, xalqlar ədəbiyyatı arasında gözəl bir körpü sayılan bu işə öz layiqli töhfəsini vermişdi.
Mayya Rumyantsevadan tərcümə elədiyi gözəl poeziya nümunələrindən "Bizim analar”, "Ağ saçlar haqqında ballada”, "Xəzər neftçiləri”, "Qızlar” və s. göstərmək olar ki, bunlar əslində həm də Azərbaycan ədəbiyyatına onun poeziya töhfələridir. Dilsuz Musayevin Mayya Rumyantsevadan etdiyi tərcümələrdən bir poeziya nümunəsini oxucu süfrəsinə gətirməklə fikrimizin dəqiqliyinə diqqətinizi yönəltmək istəyirik.
QIZLAR
Fədakar oğlanlar azalır yaman,
Qalır fədakarlıq indi qızlara.
Neçə rəngə düşüb bu qızlar, aman,
Çəkir qaşlarına sürmə qapqara...
Ah, bu insafsızlar! Heç uf demədən
Kəsir saçlarını sevinə, gülə.
Bəlkə oğlanların az olmasından
Oğlan tək şalvar da geyirlər hələ.
Nifrət edib qısa, kəsik tellərə,
Çox oğlanlar düşüb oba, ellərə.
Xeyli vaxt boyasız qaş axtarırlar,
Xeyli vaxt uzun tel, saç axtarırlar.
Deməyə həmişə öz sözü, yazmağa öz qələmi olan, söz, fikir üçün onun-bunun cibinə girməyən, dediyi fikirlərin, yazdığı sözlərin həmişə saflığını, təmizliyini gözləyən Dilsuz müəllim həm də "Ülkər” və başqa bu kimi ürəyə yatan, xalq tərəfindən tamamilə qəbul edilən dillə qələmə alınmış poemaların da müəllifidir. Çoxşaxəli Azərbaycan dilinin hər cür imkanlarından istifadə edərək şirin-şəkər bal kəlmələrlə ədəbiyyatımızın, dilimizin Dilsuzuna çevrilə bilmişdir.
Qoynunda boy atdıq bir övlad kimi,
"Beşdaşın” çınqıllı dərədə qaldı.
Dəftərlər, kitablar aldı könlümü,
O, illər qoynunda belə ucaldı...
"Ülkər” poemasında Ülkərin gözəl həkim olaraq xalqına, elinə xidmətini həkimliyə olan qiymət nöqteyi nəzərindən düzgün qiymətləndirən Dilsuz Musayev şirin hamının başa düşüb qəbul elədiyi bir dillə yazır:
...Gəlir ömrü-günü uzatmaq üçün,
Özünü bu yolda məlhəm sananlar.
İnsanı insan tək yaşatmaq üçün,
Tanrı köməyinə möhtacdı onlar...
Neçə ki, həyat var, siz də varsınız,
Qoymayın od tutub yansın bəşəri,
Sabaha inamsız, bizə yarsınız,
Ey həkim əlləri, həkim əlləri!
Bu bəndlər o qədər şirin, qəlbə yatımlıdır ki, onları oxuyanda sanki gözəl bir musiqinin, mahnının təsirində xoşhallanır, xumarlanır, sözlərin musiqi deyiminə məftun olursan...
Dilsuz Musayevin "Cəfalı sevgimiz, ürkək sevgimiz” başlığı altında verilmiş sevgi-məhəbbət yaşantılarının demək olar ki, hamısı bir xoş musiqi, gözəl mahnı təsiri bağışlayan şeirlərdir. Mən deyərdim hələ musiqisi çalınmamış, mahnısı bəstələnməmiş şirin-şəkər nəğmələrdir!
...Al yanaqlar şölələnir nur kimi,
Oğrun-oğrun baxışları can alır.
Alov olub alışdırır sinəmi,
İlk baxışdan qəlb evimə iz salır. ("Məhəbbət odu”)
və ya:
...Könül şadlanarmı səni anmasa?
De, nəyə gərəkdir sevdasız ürək?
Pərvanə dözərmi oda yanmasa,
Yaşayıb yanmaqsa həyatdı demək! ("Dağlar gözəli”)
və yaxud:
...Ocaq yanar isinərik odunda,
Məşəl yanar alov yaşar adında.
Bu hikməti yaxşı saxla yadında:
Ocaq olaq, ocaq daşı olmayaq...("Olmaya”)
Şirin, şibşirin, ləziz dillə deyilmiş, gözəl təşbehlər, bənzətmələrdə bəzənmiş "Bu gözəl” şeirindən hansısa bəndi kəsib verməyə əlim gəlmədi, insafım yol vermədi mənə! Ona görə də həmin şeiri məmmuniyyətlə bütövlükdə verməklə möhtərəm oxucuların, şeir-sənət bilicilərinin fikirini bir daha dilimizin Dilsuzunun dil saflığına, fikirlərinin qaynar bulaqlığına yönəltmək istəyirəm:
BU GÖZƏL
Bu gözü göyçəyə qıyma, ay Allah,
Ağlımı başımdan aldı bu gözəl!
Qəlbimi sevdasız qoyma, ay Allah,
Ömrümü odlara saldı bu gözəl!
Çox nemət görmüşəm bu yer üzündə,
Min arzu göyərər al gündüzündə.
Xoş nəğmə duyuram adi sözündə,
Nə qədər şirindi, baldı bu gözəl!
Günahım sevməksə- günahım bəlli,
Dağları titrədən bu ahım bəlli,
Qüruba boylanan sabahım bəlli,
Gözümün ağında xaldı bu gözəl!
Hər kəsin öz gülü, öz butası var,
Hər bic doğulanın bir atası var,
Dilsuz, bu sevdanın bir xətası var,
Xətalı, bəlalı yoldu bu gözəl!
Dilsuz Musayevin beləcə şirin-şəkər,dadlı-duzlu, mahnı, nəğmə donlu şeirləri, deyimləri istənilən qədərdir.
Dostumuz Dilsuz Musayev ömrünün müdrük çağlarını yaşayır. Artıq ömrün 70-i ilə üz-üzə dayanan, yetmişə sağ ol deyib, yetmiş beşə əl eləyən dostumuza layiqli yaradıcılıq işində böyük uğurlar və möhkəm can sağlığı arzulayırıq!
Ömrün 75-də görüşənədək, Dilsuz müəllim!
Mürvət Qədimoğlu Həkəri,
Şair-publisist, AYB-nin və AJB-nin üzvü.