Suriyada sülh ümidləri puça çıxır –Təhlil

Suriyada sülh ümidləri puça çıxır –Təhlil

 

Bir həftə, bir gündən sonra Qazaxıstan paytaxtı Astanada Suriyanın taleyi müzakirə olunacaq. Sammit regionun iki önəmli ölkəsi Türkiyə və Rusiyanın təşkilatçılığı ilə keçiriləcək.

Ötən ayın son günlərində əldə edilən razılığa əsasən, həm Əsəd rejiminə qarşı mübarizə aparan silahlı müxaliflər, həm də rejim nümayəndələrinin iştirakı ilə keçirilməsi gözlənilən toplantıya münasibət isə birmənalı deyil. Xüsusilə, İsrail və ABŞ rəsmiləri Suriyada axan qanların durmasını hədəfləyən sülh sazişinin baş tutacağına inanmadıqlarını açıq şəkildə bəyan ediblər. İndiyədək sükutunu pozmasa belə, İranın da Türkiyənin regionda təşəbbüsü ələ almasından və Rusiya ilə bu qədər yaxınlaşmasından, ən əsası isə rəsmi Tehranın müzakirələrdə kənarda qalmasından məmnun olmadığı ortadadır. Eyni sözləri Yaxın Şərqin ən zəngin dövlətləri – körfəz ölkələri üçün də demək olar; onlar da regionda "oyundankənar” vəziyyətə düşməkdən məmnun deyillər.

Suriyanın Rusiya-Türkiyə qarantorluğu altında yenidən toparlanması ehtimalından duyulan əndişə müzakirələrdə iştirak edəcək tərəflərin sərgilədikləri mövqelərində də özünü büruzə verir. Sammit öncəsi Ankarada toplanan 31 müxalif qrupdan 4-nün müzakirələrə qatılmayacaqlarını, dolayısıyla, mübarizəyə davam edəcəklərini bildirmələri Astanaya bağlanan ümidləri də xeyli azaldır. Üstəlik, Astana sammitinə qarşı bəyanata imza atan qruplar da əhəmiyyət verilməyəcək güclər deyil. Məlumata görə, həmin 4 müxalif qrup bunlardır: Əhrar-üş Şam, Feylak-əş Şam, Bəyan Hərəkatı və Əhl-əş Şam.

Xatırladaq ki, ötən ay Astana samiti öncəsi imzalanan atəşkəs sazişinə imza atan müxaliflərin ümumi silahlı gücünün 60 min döyüşçü olduğu bildirilirdi. Hazırda Astana sammitinə qarşı çıxan "oyunpozanlar” isə bu kontingentin önəmli hissəsini təşkil edir. Təkcə, Əhrar-üş Şam və Feylak-əş Şam qruplaşmasında yer alan döyüşçülərin sayı atəşkəsi imzalayan ümumi kontingentin 3/1-ə bərabərdir. Suriyadakı "mülayim müxaliflərin” ən ciddi gücü hesab olunan və əsasən yerli döyüşçülərdən formalaşan Əhrar-üş Şam 16 min, Feylak-üş Şam isə 4 min silahlını öz ətrafında birləşdirir ki, bu da ümumilikdə 20 min nəfər edər. Bəyan Hərəkatı və Əhl-əş Şamın isə nə qədər döyüşçüsü olduğu barədə heç bir məlumat verilmir. Odur ki, Astanaya getməyə qərar verən digər müxalif qrupların say etibarilə "yarı yoldan dönmüşlərdən” çox olub-olmadığını müəyyənləşdirmək mümkün deyil.

Buna baxmayaraq, hətta sayca çox olsalar belə, sülh istəyən "mülayim”lərin öz məqsədlərinə çatmaqda uğur qazana biləcəkləri şübhə doğurur. Uğursuzluq ehtimalını artıran başlıca səbəb "sülhpərvərlərin” arasındakı birliyin möhkəm olmamasından qaynaqlanır. Təsəvvür edin ki, təkcə "Əhrar-üş Şam” ətrafında 16 min döyüşçü birləşdirdiyi halda, Astanaya getməyə qərar verən 27 qrupun ən yaxşı ehtimalda 35-40 min üzvü var. Bu fakt "mülayim” müxaliflərin vahid komandanlıq altında birləşmədiyindən, onlarla imamın, əşirət liderinin fitvasıyla hərəkət etdiklərindən xəbər verir: Böyük qüvvələr döyüşü davam etdirəcəyi təqdirdə, kiçik qərarvericilər də ya məcburən, ya da fərdi maraqlarının tələbilə ümumi axına qoşula bilərlər.

İndidən iki daş arasında qalan "sülh tərəfdarları” yarı yoldan dönən silahdaşlarının "oyunpozanlığını” xarici amillə izah edirlər. Onların fikrincə, müharibə istəyən müxalifləri yoldan çıxaran Səudiyyə Ərəbistanı və körfəz ölkələridir. Türkiyənin "Hürriyyət” qəzetinə açıqlama verən müxalif təmsilçilərindən biri deyib: "Ərəb mediasında çıxan bəzi xəbərlərdə Türkiyənin müxalif qruplara Astanaya getmək üçün təzyiq etdiyi yazılır. Bunu yazdıran Səudiyyə rəhbərliyidir”. Həmin nümayəndə rəsmi Riyadın müxaliflərə təzyiq etdiyini də bildirib.

Qeyd edək ki, rəsmi Riyadın bu cür mövqe tutacağı gözlənilməz deyildi. Türkiyənin təkidi ilə Astana müzakirələrindən kənarda tutulan PYD (PKK-nın Suriya qanadı) lideri Saleh Müslim bir müddət əvvəl Rusiyanın xəbər agentliyi "Sputnik”ə verdiyi müsahibədə körfəz ölkələrinin atəşkəsi pozacağı ehtimalını dilə gətirərək, deyirdi: "Fikrimcə, döyüşlər bir müddət dayanacaq və sonra yenidən başlayacaq. Çünki böyük oyunlar var. Səudiyyə Ərəbistanı və Qətər hazırda atəşkəsin nəticəsini gözləyirlər”…

Nəzərə alsaq ki, Suriyada önəmli müxalif güclərdən biri də ABŞ-ın açıq şəkildə dəstəklədiyi PYD-dir və bu qrup müzakirədən kənarda saxlanılıb, o zaman müharibə tərəfdarlarının sayı daha da artar, beləcə, Astana sammitinin nəticələrinə daha çox kölgə düşər.

Astana sammitinin nəticələrinə ən ciddi təsir edəcək qüvvə, sözsüz ki, ABŞ olacaq. Rusiyanın regionda güclənməsilə Yaxın Şərqdəki təşəbbüs və təsir gücünü itirən Vaşinqtonun bu aqibətlə razılaşması mümkün görünmür. Ağ ev təmsilçiləri dəfələrlə bu barədə iradlarını tərəflərə bildirmiş, nəhayət, Ankaradan istehza dolu cavab almışlar. Türkiyənin Xarici İşlər naziri Mövlüt Çavuşoğlu bu yaxınlarda ABŞ Dövlət Departamentinin sözçüsü Mark Tonerin PYD-nin də Astana sammitində iştirak tələbinə ironik şəkildə cavab verərək deyirdi: "ABŞ o zaman DEAŞ-ı (İŞİD-red.) da dəvət etsin. Biz Rusiya ilə ABŞ-ı dəvət məsələsində həmfikirik. ABŞ-ı dəvət edəcəyik. ABŞ-ın rolunu və faydasını da inkar etmirik. Amma ABŞ-ın, xüsusilə yeni rəhbərlikdən gözləntimiz var; terror təşkilatıyla iş birliyinə son verməsi lazımdır. Bir terror təşkilatını müzakirə dəvət edəcəksən, əl-Nusranı da dəvət et, DEAŞ-ı da dəvət et. Belə axmaqlıq olar?”

Çavuşoğlu açıqlamasında "axmaqlıq” adalndırdığı bu siyasətin Obama hakimiyyəti tərəfindən yürüdüldüyünü, Tramp iqtidarından daha fərqli mövqe gözlədiklərini açıq ifadə edirdi. Əslində Astana sammitinin 23 yanvar 2016-cı il tarixinə salınması da, görünür, bu ümiddən irəli gəlir. Bəlkə də Rusiya və Türkiyə keçirəcəkləri görüşü Trampın iqtidarı təhvil almasından sonrakı tarixə salmaqla, ABŞ-dakı siyasi qeyri-müəyyənliyin ortadan qalxıb-qalxmayacağını gözləyirlər. Zira Obama-Tramp arasındakı çəkişmələrin necə qurtacağını müəyyənləşdirmək, hələ ki, mümkün deyil. Bir çoxları bu ziddiyyətin yeni prezidentin impiçmentiylə nəticələnəcəyini belə güman edirlər.

Bununla belə, bir neçə gün əvvəl Tramp tərəfindən Dövlət Departamentinin rəhbərliyinə namizəd göstərilən Reks Tillersonun Suriyayla bağlı açıqlamaları yeni hakimiyyətdən də böyük gözləntilərin xəyal qırıqlığı yarada biləcəyi ehtimalına yol açır. Çünki senatorlarla görüşündə Reks Tillerson Suriyada türk-rus strategiyasıyla daban-dabana zidd açıqlamalarla yadda qaldı. O, hətta Obama hakimiyyətindəki sələfindən daha şahin ifadələrlə Bəşər Əsədin getməsini, rejim dəyişikliyini müdafiə etdi. Bu isə ABŞ-ın uğursuz Suriya siyasətinin ilk başlanğıc dövrünə qayıdış demək idi. Kim bilir, bəlkə də körfəz ölkələrinin regionda yenidən aktivləşməyə çalışması da elə Tramp hakimiyyətinin bu şahin duruşundan aldıqları ümiddən qaynaqlanır.

Bir sözlə, ötən ilin sonlarında Türkiyə və Rusiyanın birgə hazırladıqları Suriyada sülh layihəsi son mərhələyə yaxınlaşdıqca, ümidvericiliyini itirir. Sülh ümidlərini puça çıxaran əsas amil isə İran, körfəz ölkələri və ABŞ-ın Yaxın Şərqdə insiyativi əldənvermə qorxusu və regiondakı narazı qüvvələrdən istifadə imkanlarıdır. Təbii sərvətlər zəngini olan Yaxın Şərqdə hamını məmnun edəcək formul tapmaq isə qeyri-mümkündür.

Heydər Oğuz



Oxşar Xəbərlər

Xəbər lenti