Bu gün, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Tehran hiyləgər siyasi gedişlər edir, Azərbaycanın prinsipial mövqeyi isə ortadadır…
Azərbaycanla münasibətlərinin gərginləşməsi fonunda əl-ayağa düşən İran yenidən “yumşalma rejimi”nə girmək istəsə də, öz açıqlamalarında səmimi olmaması onu çətin vəziyyətə salır. Bu yaxınlarda bildirilmişdi ki, Azərbaycan-Ermənistan sərhədində baş verən son bir neçə toqquşma zamanı Ermənistan Azərbaycanın mövqeyinə qarşı İran istehsalı olan "Şahed" dronlarından istifadə edib. Beləliklə, İran təkcə Vladimir Putini Ukraynaya qarşı istifadə etmək üçün silahla təmin etmir, molla rejimi İsrailin müsəlman dünyasındakı ən böyük müttəfiqlərindən biri olan Azərbaycana İrəvanın əliylə zərər vuracağına "stavka etdiyi" üçün Ermənistana da eyni hədiyyəni edir. Yəni Ermənistanı "dron təchizatı" ilə təmin edir. Hansı ki, Ermənistan İran istehsalı olan dronları alan 22 ölkədən biridir.
Məsələ burasındadır ki, Rusiya-Ukrayna müharibəsində Kiyevin tərəfdarları Azərbaycanın da tərəfində durmalıdırlar. Təkcə İsraillə isti münasibətləri olduğu üçün yox, Azərbaycan dünyanın nizam tərəzisində ədalətli yer tutduğu, beynəlxalq qlobal layihələrdə qurucu mövqe tutduğu üçün.
Görünür, Azərbaycanın bu mövqeyinin israillilər üçün böyük əhəmiyyəti var. Belə ki, İsrailin bu məsələdə mövqeyi "jewishpress.com" saytında dərc olunan yazıda da əks olunub. İsrailin "Alma" tədqiqat institutunun proqnozlarına görə, “Hizbullah” gələcəkdə İsraillə hərbi münaqişədə İranın PUA-larından də istifadə edə bilər.
"Alma" Tədqiqat İnstitutunun araşdırma rəhbəri Tal Beeri bu yaxınlarda bildirib ki, “İctimaiyyət dronların yaratdığı təhlükələrdən kifayət qədər məlumatlı deyil. Bu, qlobal təhlükənin yeni növüdür və ümid edirəm ki, İsrail İran şirkətləri haqqında məlumatdan xəbərdardır”.
İran rejimi Ermənistanın Azərbaycana hücum etməsinə şərait yaradır. Çünki İran ideoloji cəhətdən İsrailin varlığına qarşıdır və eyni zamanda şiə olmasına baxmayaraq, Qüdslə strateji ittifaq quran Azərbaycana qarşı balta vurur. Aydındır ki, İran İsrailin müttəfiqlərinə zərər vermək üçün əlindən gələni edəcək.
Bu yaxınlarda Tehran azərbaycanlıları İsraillə sıx əlaqələrə görə “qorxutmaq” üçün bu ölkənin Bakıdakı səfirliyinə hücum etməyə cəhd etdi. İran guya ki, şiə müsəlman qonşusunun - Azərbaycanın - tərkibində dünyəvi, tolerant, multikultural, inkişaf edən yəhudi icması olan bir ölkə olmağındansa, öz radikal baxışlarını Azərbaycana aşılamağı və Azərbaycanın da bunu mənimsəməyini istəyir. Onlar nəyin bahasına olursa-olsun İsraillə sıx müttəfiqliyə son qoymaq istəyirlər. Səbəb hətta dini müstəvi də deyil. Çünki İranın özündə də kifayət sayda və imtiyazda yəhudi icması var. Deməli, İranın İsrail-Azərbaycan əməkdaşlığında qərəzinin səbəbi başqadır.
Aydındır ki, İsraillə sıx hərbi və digər əməkdaşlıq nəticəsində Azərbaycanın Cənubi Qafqazın ən güclü dövlətinə çevrilməsi İranı təşvişə salır.
İsrailin Bakıdakı səfirliyinə hücum İranın təkcə Böyük Britaniyada, eləcə də Yunanıstan və Kiprdə yəhudi və İsrail hədəflərinə qarşı ən azı 15 terror hücumuna cəhd etməsindən sonra baş verib. Məqsədi "şiə imperiyası" olmaq olan İran rejimi gücünü artırmaq üçün özünün və müttəfiqlərinin bütün sərvətlərindən istifadə edir. Ona görə də Ukraynada Putinə kömək edirlər, indi isə Azərbaycana qarşı Ermənistana kömək edirlər. Və buna görə də onlar Azərbaycanda hakimiyyəti devirmək üçün ölkədəki şiə radikal qruplarına dəstək verirlər.
Birləşmiş Ştatlara səfəri zamanı prezident İsaak Hersoq İranı “İsrail və ABŞ-ın hazırda üzləşdiyi ən böyük problem” adlandırararaq bu ifadələri işlətdi: “Qoy heç bir şübhə olmasın. İran sülh məqsədləri üçün nüvə enerjisinə nail olmağa çalışmır. İran Yaxın Şərq və onun hüdudlarından kənarda sabitliyə təhdid yaratmaq üçün nüvə potensialı ərsəyə gətirməyə çalışır”.
İran mollaları nifrət və terroru Yaxın Şərqdə, eləcə də onun hüdudlarından kənarda yayaraq, Ukraynadakı fəlakət atəşinə və iztirablara da “yağ tökürlər”.
Məsələnin digər tərəfi var. Qeyd etdik ki, İran tərəfindən az öncə "yumşalmaya bənzər" münasibət sərgiləndi. Amma bu "yumşalma"nın nə qədər səmimi olması əsas məsələdir. Məlumdur ki, 2020-ci il 44 günlük müharibədən sonra aktuallaşan Zəngəzur dəhlizinə qərəzini İran bütün tribunalarda və müstəvilərdə səsləndirib və səsləndirməyə də davam edəcək. İran hətta bu yaxınlarda Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında öz ərazisindən keçməklə yol açılmasını da gündəmə gətirdi, yəni bir növ "Zəngəzur dəhlizini mənim ərazimdən aparın" deyə təklif irəli sürdü. İranın Zəngəzur dəhlizinə qərəzinin səbəbi Naxçıvanın blokadadan çıxarılması ilə Azərbaycanın İrandan asılılığının sona çatacağı kimi şərh olundu. İkinci səbəb, Zəngəzur dəhlizi açılalacağı təqdirdə Rusiyanın Yaxın Şərqə çıxışının İranın monopoliyasından çıxacağıdır. Üçüncü səbəb isə, bu dəhliz reallaşarsa, Türkiyə, Böyük Britaniyanın Orta Asiyaya rahat çıxmaq imkanı əldə etməsidir. Amma burada əsas nüans odur ki, Zəngəzur dəhlizi reallaşacağı təqdirdə Türkiyə ilə Azərbaycanın quru yolla birləşməsi baş verəcək ki, bu da Ermənistan-İran sərhədinin laxlaması, hətta sonrakı mərhələdə Ermənistanın Göyçə ilə Zəngəzurda zəifləməsi, buradan qovulmuş əhalinin hansısa şəkildə və hüquq çərçivəsində qayıdışı baş verərsə, bu arealın Azərbaycanın təsirinə keçməsi, Ermənistanın dövlət olaraq Azərbaycanla Türkiyə tərəfindən "udulması" perspektivini də vəd edə bilər. Bu da İrana "nur topu" kimi Azərbaycanın böyüməsi potensialını vəd edir ki, tehran üçün "ölüm" deməkdir.
İranın guya, Zəngəzur dəhlizi məsələsində yumşalması haqda hiyləgər siyasətinin altında da bu dayanır. Çünki Ermənistan dövlət kimi varlığını itirərsə, İranın əlindən Azərbaycana "vuracaq toxmaq" çıxacaq. Yoxsa, İran Azərbaycana qarşı heç bir məsələdə səmimi deyil.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində Zəngəzur dəhlizi haqda prinsipial mövqe ortaya qoyması da onu göstərir ki, İran bu məsələdə öz çirkin niyyətinə nail ola bilməyəcək. Qeyd edək ki, İ.Əliyev sözgedən müsahibə zamanı bildirib: "Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq.
Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq. Biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə, tranzit ölkə olmaq istəmirik. Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni, əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik. Əslində, bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, bu ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Əslində, təsəvvür etdiyinizdən də geniş fürsətdir”.
Ülviyyə ŞÜKÜROVA