İsrail və Misirin geosiyasətlə uzlaşmayan qaz müqavilələri –Satıcı da, alıcı da razıdır, bəs siyasətçilər? - TƏHLİL

İsrail və Misirin geosiyasətlə uzlaşmayan qaz müqavilələri –Satıcı da, alıcı da razıdır, bəs siyasətçilər? - TƏHLİL

 

Rauf Məmmədov

Middle East İnstitute (Yaxın Şərq İnstitutu)

 

Fevralın 19-da ABŞ-ın "Noble Oil” və İsrailin "Delek” şirkətinin konsorsiumu Misirin enerji şirkəti "Dolphinus”a 10 il ərzində 32 milyard kubmetr İsrail qazını çatdırmaq barədə müqavilə imzalayıb. Bu müqavilə Yaxın Şərqdə və ondan kənarda heyrət doğurub.

Amma misirliləri maraqlandıran budur ki, Afrikada ikinci ən böyük təbii qaz istehsalçısı niyə mavi yanacağı idxal edir? Daha da təəccüblü olan sazişin Misirin nəhəng "Zuhr” qaz yatağının yaxın vaxtlarda açılışı əsnasında imzalanmasıdır.

Hər iki ölkənin liderləri müqaviləni alqışlasa da, Misir ictimaiyyəti təpkili durumdadır.

 

Alıcının perspektivləri

 

Misir Avropa üçün təbii qaz mərkəzi olma niyyətini dəfələrlə elan edib. Ölkə dünyanın ən böyük enerji bazarlarından biri olan Köhnə Qitənin cənub sahillərinə yaxındır. Avropanın daxili enerji istehsalı davamlı olaraq azalıb. Artıq gələcək idxala daha çox güvənərək, bir çox enerji mənbələrindən asılıdır.

Şimali Afrika – Avropanın qaz tələbatına cavab verə biləcək seçənəklərdən biridir.

"Qara qitə”nin bu bölgəsi ilə avropalı alıcıları birləşdirən boru kəməri və maye təbii qaz infrastrukturuna baxmayaraq, Rusiyanın "Qazprom" şirkəti 2017-ci ildə şimali afrikalı qaz ixracatçılarından fəndgir çıxıb və İtaliya kimi əhəmiyyətli bazara idxalın ən böyük payını təmin etməyə müvəffəq olub.

Misir Avropanın təbii qaz mərkəzi olmağı arzulayır. O təkcə böyük qaz ehtiyatlarına malik deyil, həm də Fars körfəzindən Avropaya neft və təbii qaz tədarükü üçün böyük tranzit marşrutunda yerləşir.

Şərqi Aralıq dənizindəki təbii qaz kəşfləri, Misirin enerji bazarını liberallaşdıran qanunvericiliyinə paralel olaraq, qaz qovşağı olma istəklərini artırır. Yeni qanunlardan biri xarici şirkətlərə Misirin idxal və paylama imkanlarından təbii qaz ticarətində istifadə etməyə imkan verir.

Yerli yataqlarda hasilatın artması, İdqu və Damietta kimi iki əsasən boş dayanan qurğunun mövcudluğu Misirə İsrail və Kiprdən qaz idxal, daha sonra Avropaya və Asiyaya ixrac etməyə imkan yaradacaq.

Yerli istehsalın artırılması, bərpa olunan yataqlar və elektrik enerjisi istehsalından nüvə enerjisi istehsalına keçidlə, Misir bu il qaz təzminatını artıra bilər.

İsraillə müqavilə qaz qovşağı olmaq məqsədinə yetişməyə kömək edəcək. Qısa müddətdə, "Zuhr” yatağı 2019-cu ildə istehsala başlamazdan əvvəl saziş onun qaz tələbatına cavab verəcək.

 

Satıcının perspektivləri

 

İsrail hökumətinin onlara qarşı tətbiq etdiyi antiinhisar prosesi ucbatından "Noble” və "Delek” öz qazları üçün nəyin bahasına olursa-olsun alıcı tapmağa çalışırdı. Bu günədək yalnız iki sahə üzrə istehsal gücünün bir hissəsinə alıcı tapa bilmişdilər: İsrailin enerji şirkətləri, "İordaniya Enerji Şirkəti” və "Fələstin Enerji Şirkəti”.

Konsorsium 2019-cu ildə "Leviatan” yatağından birinci mərhələdə istehsala başlamağı planlaşdırırdı. Lakin Misirlə müqavilə ilə birinci mərhələnin 5,7 milyard kubmetrlik gücünün yalnız yarısını satmağa müvəffəq oldular. Odur ki, ikinci mərhələnin işlənməsindən əvvəl qalan həcm üçün müqavilə bağlamaq çox vacibdir.

Təbii qaz həm iqtisadi, həm də geosiyasi əmtəədir. Bu, hər hansı bir transmilli qaz müqaviləsində geosiyasətin atributlarını ehtiva edir.

Kipr və Türkiyə arasında, habelə Livanla İsrail arasındakı təbii qazla zəngin ərazi suları ilə bağlı davam edən mübahisələr var.

İsrail-Misir qaz razılaşması hökumətlər deyil, şirkətlər arasında imzalansa da, sərhədyanı infrastruktur layihələrində biznes və siyasi maraqları qarışdırmaq çətindir. Bu, xüsusilə Yaxın Şərq kimi gərgin bölgədə də özünü doğruldur.

Şərqi Aralıq dənizi hövzəsində son zamanlardakı enerji kəşfləri, əlbəttə, geosiyasi arenaya yeni ölçülər gətirib, lakin İsrail-Misir qaz müqaviləsi, geosiyasətdən daha çox satıcı və alıcı arasında işgüzar maraqların yaxınlaşmasıdır.

 

Tərcümə: Strateq.az

 

Rauf Məmmədov Yaxın Şərq İnstitutunun (Vaşinqton, ABŞ) enerji siyasəti üzrə mütəxəssisidir. Cons Hopkins Universitetinin məzunu, beynəlxalq siyasət magistridir. Araşdırmaları enerji təhlükəsizliyi, qlobal enerji sənayesi tendensiyaları, habelə Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında enerji əlaqələri sahəsini əhatə edir. O, keçmiş Sovet İttifaqı ölkələrinə xüsusi diqqət yetirir. "MEI”-yə gəlişinə qədər R.Məmmədov (2006-2016) Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) rəhbər vəzifələr tutub. 2012-ci ildə Vaşinqtonda ARDNŞ-nin Birləşmiş Ştatlar nümayəndəliyini təsis və idarə edib.



Oxşar Xəbərlər

Xəbər lenti