Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilir:bu, Qarabağ probleminə necə təsir edəcək? - Şərh

Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilir:bu, Qarabağ probleminə necə təsir edəcək? - Şərh

 

"Rusiya Prezidenti Vladimir Putin aprelin 3-4-də Ankarada səfərdə oldu. Səfərin iki məqsədi var idi”.

Sözçü info  xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, birinci məqsəd Türkiyədə atom elektrik stansiyasının tikitisinə start vermək, ikinci məqsədi Rusiya-Türkiyə-İran formatında Suriyadakı vəziyyəti müzakirə etmək idi:

"Bu, Rusiya-Türkiyə münasibətlərinin son illər artan inkişafından xəbər verir. Digər tərəfdən Qərbin sərt sanksiyaları Putinə Qərb ölkələrinə səfər etməyə imkan vermir. Akkuyuda atom elektrik stansiyasının ilk reaktoru 2023-cü ildə işə düşəcək. Bu o deməkdir ki, ən azı 2023-cü ilə qədər Rusiya-Türkiyə münasibətlərində problem olmamalıdır. Geniş iqtisadi münasibətlər istər-istəməz siyasi riskləri də azaldır. Putin Ərdoğanın daha bir xahişini yerinə yetirdi: Rusiya Türkiyəyə satdığı S-400 raketlərini Türkiyəyə vaxtından əvvəl təhvil verəcək. Öz növbəsində Putin də Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq "türk axını” layihəsinin sürətlə icrasından məmnun qaldı.

Beləliklə, Moskva və Ankara Rusiya-Türkiyə münasibətləri tarixində indiki qədər bir-birinə bu qədər yaxın olmamışdılar. Moskva Vaşinqtondan fərqli olaraq, Türkiyə ordusunun Suriyada hərbi əməliyyatına mane olmaq istəmir. Bu da Ankara üçün vacibdir. Putin ortaq mətbuat konfransında PYD və YPG-ni terrorçu təşkilat adlandırmasa da, Türkiyə ordusunun bu iki terroprçu qruplaşmanı Suriya ərazisində neytrallaşdırmasına mane olmur”.

E.Şahinoğlu qeyd edib ki, V.Putinin Ankaraya səfərinin ikinci günü  İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə keçirilən üçtərəfli format ancaq Suriyanı müzakirə edib:

"Rusiya-Türkiyə-İran formatı Suriyada real əməkdaşlıq edir, bir-birlərinə mane olmurlar. Hətta Ərdoğan Putinə və Ruhaniyə təklif etdi ki, Suriyada infrastruktur çalışmalarını da 3 ölkə birgə həyata keçirsin. Fikrimcə, Putin və Ruhani Ərdoğanın bu təklifinə dəstək versələr, 3 ölkə arasındakı yaxınlıq bir az daha artacaq”.

E.Şahinoğlu daha sonra "Türkiyə-Rusiya-İran formatı gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də məşğul ola bilərmi?” sualına cavab axtarıb: "Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə görüşdə belə bir fikir işlətdi: "Rusiya və Türkiyə bölgədə sülhün və stabilliyin bərqərar olması istiqamətində birgə intensiv işi davam etdirəcəklər. Arzu edirəm ki, bütün bu görüşlər regionumuza fayda gətirəcək”. Yəni Ərdoğan istəyir ki, Türkiyə-Rusiya siyasi əməkdaşlığı yalnız Suriya ilə kifayətlənməsin, gələcəkdə başqa regional mövzular ətrafında da fikir mübadiləsi aparılsın.

Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilir. Azərbaycanın bu 3 ölkənin hər biri ilə quru sərhəddi var. Bu baxımdan Azərbaycan mövcud üçtərəfli formatın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində də pozitiv rol oynamasını arzulayır. Onsuz da ATƏT-in Minsk Qrupu münaqişəni həll etmək istəmir. Digər tərəfdən Türkiyə və İran danışıqlar prosesinin kənarda qalmasından narazıdırlar. Ona görə də Rusiya-Türkiyə-İran formatı gələcəkdə Cənubi Qafqazda da sabitləyici rol oynaya bilər. Ancaq bunun üçün iki şərt yerinə yetirilməlidir.

Birinci şərt: Suriyada müharibə bitməli və davamlı sülh əldə olunmalıdır. Məhz bundan sonra Türkiyə-Rusiya-İran formatı Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərə bilər.

İkinci şərt: Rusiya üçtərəfli formatın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmasına razılıq verməlidir. Çünki, Ermənistan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmasını istəmir. Rusiya Ermənistanı yola gətirməlidir”.




Oxşar Xəbərlər

Xəbər lenti