28-03-2026, 23:18
17-03-2026, 15:20
12-03-2026, 11:28
11-03-2026, 17:52
10-03-2026, 11:35
İranın Moskvadakı səfiri Kazım Celali rəsmi TASS agentliyinə verdiyi müsahibədə Tehranın ABŞ və İsraillə mümkün sülh razılaşması üçün əsas şərtlərini açıqlayıb. Diplomat bildirib ki, hər hansı atəşkəs və uzunmüddətli həll yalnız bu tələblər əsasında mümkün ola bilər.
Celalinin sözlərinə görə, İranın irəli sürdüyü əsas şərtlər bunlardır: “Təcavüz və Terror aktlarının” tam dayandırılması, hücumların təkrarlanmayacağına dair etibarlı və konkret təminatların verilməsi, vurulan maddi və mənəvi ziyanın tam ödənilməsi, həmçinin beynəlxalq dəniz təhlükəsizliyi çərçivəsində İranın Hörmüz boğazı üzərində hüquqlarına hörmət göstərilməsi.
Səfir əlavə edib ki, Tehran vasitəçilik təşəbbüslərini müsbət qiymətləndirsə də, sülhün əldə olunmasını, bu öhdəliklərin yerinə yetirilməsi ilə şərtləndirir. O vurğulayıb ki, təhdidlər aradan qalxana qədər İran “qanuni özünümüdafiə hüququ” çərçivəsində fəaliyyətini davam etdirəcək və diplomatik addımlarını strateji tərəfdaşları, o cümlədən Rusiya ilə koordinasiya edəcək.
İran Prezidenti Masud Pezeşkiyan da açıqlamasında qeyd edib ki, yeni hücumların olmayacağına dair zəmanətlər verildiyi təqdirdə Tehran ABŞ və İsraillə hərbi qarşıdurmanı dayandırmağa hazırdır.
Eyni zamanda, İranın xarici işlər naziri Abbas Arakçi tərəflər arasında mesaj mübadiləsinin davam etdiyini təsdiqləyib, lakin bunun rəsmi danışıqlar kimi qiymətləndirilmədiyini bildirib.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp aprelin 1-də verdiyi açıqlamada İrana qarşı hərbi əməliyyatların yaxın həftələrdə başa çata biləcəyini bildirib. O qeyd edib ki, Vaşinqtonun əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır və bu məqsədə artıq nail olunduğunu iddia edib.
Qeyd edək ki, ABŞ fevralın 28-də İrana qarşı hərbi əməliyyatların başladığını elan etmişdi. Vaşinqton həmin addımların ölkənin təhlükəsizliyini təmin etmək və İranın nüvə proqramının qarşısını almaq məqsədi daşıdığını bildirmişdi.
Arzuman Loğmanoğlu
Sozcu.info