İsrail Livanda uğursuzluqdan sonra Hizbullaha qarşı Suriya kartını açır

İsrail mətbuatı: Tel-Əviv Hizbullaha qarşı Suriya ordusunu “vekil güc” kimi nəzərdən keçirir

İsrailin “Maariv” qəzeti yazır ki, İsrail ordusunun Livanın cənubunu təkbaşına nəzarətə götürmək planının uğursuzluğa düçar olmasından sonra, Tel-Əviv Hizbullaha qarşı yeni alternativlər üzərində düşünür. Nəşrin məlumatına görə, bu çərçivədə Suriya prezidenti Ahmed Şara rəhbərliyindəki Suriya ordusunun “vekil güc” kimi prosesə cəlb olunması ehtimalı müzakirə edilir.

Qəzetin yazdığına əsasən, İsrail hərbi dairələri Hizbullahı tam silahsızlaşdırmaq məqsədinin real olmadığını etiraf edərək bu strategiyadan geri addım atıb. Bunun fonunda bölgədə yeni hərbi-siyasi kombinasiyalar gündəmə gəlib.

İki cəbhəli təzyiq planı

Məlumata görə, müzakirə olunan ssenaridə İsrail ordusu Livanın cənubunda mövqelərini möhkəmləndirərkən, Suriya qüvvələri ölkənin şimalında Hizbullaha qarşı əməliyyatlar apara bilər. Mənbələr bu modelin klassik ittifaqdan çox “çıxarların kəsişməsi” prinsipi əsasında formalaşa biləcəyini bildirir.

“Maariv” qeyd edir ki, hazırda Hizbullaha qarşı real hərbi güc göstərə biləcək iki əsas tərəf kimi İsrail və Suriyanın yeni rəhbərliyi qalır. Bu isə tərəflər arasında dolayı və birbaşa təmasların artmasına səbəb olub.

ABŞ vasitəçi rolunda ola bilər

İsrail mənbələrinin iddiasına görə, bu mümkün koordinasiya prosesində ABŞ-ın vasitəçi kimi çıxış etməsi də istisna edilmir. Eyni zamanda, Fransa və Almaniya kimi Qərb ölkələrinin alternativ plan təqdim etməməsi halında Vaşinqtonun bu təşəbbüsə səssiz razılıq verə biləcəyi ehtimal edilir.

Cəbhədə vəziyyət və strategiya dəyişikliyi

Xatırladaq ki, Hizbullah İsrail və İran arasında gərginliyin artmasından sonra uzunmüddətli atəşkəsə baxmayaraq yenidən qarşıdurmalara qoşulub. İsrail isə Livanın cənubunda əməliyyatlarını davam etdirərək həm quru, həm də hava hücumları həyata keçirib.

Bununla belə, Hizbullah qüvvələrinin sərt müqaviməti İsrail ordusunun bölgədə dərin irəliləməsinə mane olub. Bu vəziyyət Tel-Əvivdə həm hərbi strategiyanın yenidən nəzərdən keçirilməsinə, həm də Livan ordusuna olan etimadın azalmasına səbəb olub.

Aprelin 3-də İsrail ordusu rəsmi olaraq strategiya dəyişikliyini elan edərək, sərhəd boyunca “müdafiə xətti” qurulacağını açıqlayıb. Bu qərar isə İsrailin şimal bölgələrində yaşayan əhali arasında narazılıqla qarşılanıb.

Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır və mümkün yeni ittifaqlar Yaxın Şərqdə qüvvələr balansına ciddi təsir göstərə bilər.

Arzuman Loğmanoğlu

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti