8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şimali İraqda nəzərdə tutulan 25 sentyabr referendumu reallaşarsa və Bərzani məqsədinə çatarsa, regionda kartların yenidən paylanması, həm sərhədlərin, həm də balansın dəyişməsi gözlənilir. Türkiyənin "Hürriyet" qəzetinin müxbiri İpək Özbəy Bərzanini belə bir meydan oxumaya sövq edən səbəbləri, onun möhtəməl nəticələrini və Türkiyəyə təsirlərini Kadir Has Universitetinin müəllimi Əhməd Qasım Xandan soruşub.
Xatırladaq ki, Əhməd Qasım Xan – İstanbul Kadir Has Universitetində Beynəlxalq münasibətlər bölümündə müəllim və rektor məsləhətçisidir. İstanbul, Boğaziçi, Qoç və Harvard universitetlərində iqtisadiyyat, beynəlxalq münasibətlər, strategiya, maliyyə və müzakirə strategiyaları sahəsində təhsil alıb. Böyük Britaniyanın "St. Andrews" Universitetinin Suriya Tədqiqatları Mərkəzi və Təl-Əviv Universitetinin "Moshe Dayan" Orta Şərq və Afrika Tədqiqatları Mərkəzində dəvətli müəllim olaraq işləyib. Ayrıca, ABŞ-ın öndə gələn araşdırma qurumlarından olan Alman Marşal Fondunun "Türkiyə haqqında” kitabının müəllifidir. Türkiyə İqtisadi və Sosial Tədqiqatlar Fondunun Təhlükəsizlik Tədqiqatları direktoru olub. İqtisadiyyat və Xarici Siyasət Tədqiqatları Mərkəzinin, İstanbul İqtisadi Konsultasiya və İstanbul İqtisadi Tədqiqatlar mərkəzinin direktorlar şurasının üzvüdür.
Əhməd Qasım Xanın "Hürriyet"ə müsahibəsini oxucularına da təqdim edirik:
Zaman seçmə məsələsi
– Bərzani necə belə radikal bir qərar ala bildi?
– Həyatda olduğu kimi, siyasətdə də ən əhəmiyyətli məsələ zamanın düzgün seçilməsidir. Mənə elə gəlir ki, Bərzani regional siyasi iqlimə baxdıqda bundan daha uyğun bir zamanın bir daha heç gəlməyəcəyini düşünür. Şəxsi baxımdan haqlı da ola bilər. Bərzani, İraq Kürd Regional Hökuməti (İKRH) daxilində nüfuzu daha artıq sarsılmadan, kürdlərin qurucu lideri olmaq həvəsindədir.
– Bərzaninin önündə hansı fürsətlər var ki?
– İŞİD məğlub edilir. İKRH-nin yaşamağa davam etməsinin bu şərtlərdə ən önəmli təminatçısı oduğuna şübhə edilməyən ABŞ-ın marağı, bu nöqtədən sonra zəifləyə bilər. Bundan savayı, Tramp hakimiyyətilə gərginləşən ABŞ-İran münasibətləri də İKRH-yə onların birini digərinə qarşı oynama və hər iki ölkədən də dəstək alma imkanı verir. Bərzani irəliləyən zamanın bu nöqtədə nə gətirəcəyini, keçmişdə olduğu kimi, İKRH-nin başqa bazarlıqların mövzusuna – yeni balansın qurulması üçün xərclənəcək bir kozıra çevrilməsinin mümkünlüyünü də düşünür. İraqın mərkəzi hökuməti də İŞİD sonrasında balansın dəyişməsi nəticəsində, İKRH ilə əlaqədar olaraq beynəlxalq birliklə bazarlıq etməkdə daha güclü bir ələ sahib olacaqdır. Bərzani bunu da istəməz.
– Yaxşı, bəs Türkiyə ilə olan əlaqələri necə olacaq?
– Bu nöqtədə də bu günün siyasi şəraitində daha öncə olmadığı qədər asanlaşdırıcı bir hava sezdiyini anlayıram. Ayrıca, daxili siyasətdə də Bərzani çətin durumdadır. Nəticədə İKRH-nin bu gün olduğu nöqtəyə gəlməsindəki ən önəmli ünsür Bərzani və onun partiyası KDP-dir. Amma bir "əsri-səadət” yaratmağı bacardığı da söylənə bilməz. İqtisadi baxımdan asılıdır. Neft ehtiyatlarını da qarışıq bir sistemlə, sanki, Bağdadın əlindən qaçıraraq ixrac edir. İraq mərkəzi hökumətinin tətbiq etdiyi iqtisadi embarqo imkanlarını məhdudlaşdırır. Və bu şəraitdə Goran Hərəkatının və müəyyən formada Tələbaninin PUK-unun təmsil etdiyi müxalifət də güclənir. İKRH əhaliyə gözlədiyi "hədiyyə”ni verərək artıq "suveren” bir dövlətin siyasi balansının mərkəzinə oturmaq və onun ehtiyatlarını nəzarət altına almaq istəyir. Zaman Bərzaninin xeyrinə işləməyəcəkdir.
2003-cü ildən aydındır…
– Və bu günləri "məqsəd üçün son zamanlar” olaraq görür…
Bəli. Bu anda faktiki olaraq Kərkükü də əlində tutur. Yüksək ehtimalla İraq konstitusiyasının "mübahisəli” regionlarda referendumun keçirilməsini nəzərdə tutan 140-cı maddəsini öz öncəlikləri istiqamətində manipulyasiya etmək üçün bundan daha əlverişli şərtləri də bir daha əldə edə bilməyəcəyini düşünür.
– Gözləməsini tövsiyə edən tərəflərin hesabı nədir?
– Bu aktyorlar iki kateqoriyaya ayrılır. Bunların birinci bölümü bu gün də açıq şəkildə bu qərara qarşıdır. Ikinci bölümü də bu gün çox yüksək səslə qarşı deyil, amma ya ABŞ kimi burada öncəlik verdikləri işləri bitincə "mənə nə” deyəcəklər, ya da nəzərdə tutulan sabitlik yaradılınca möhtəməl bir İKRH referendumunu və nəticələrini əngəlləmək üçün daha güclü bir mövqedən hərəkət edəcəklər. Onlar da müəyyən mənada doğru zamanı gözləyirlər. Möhtəməl olaraq bu da İKRH-ni, ən azı bir tərəfin tam hamiliyini qəbul etmədən, qazanma şansı kiçik olan bir silahlı toqquşmaya sürükləyə bilər. Əlbəttə, Bərzani bunu da istəməz. ABŞ-ın təməldə İKRH-nin müstəqilliyinə qarşı olduğunu düşünmürəm. Sadəcə öz öncəlikləri baxımından, "suyun bulanmasını” istəmirlər. Digər tərəfdən, bu referendum anının gələcəyi 2003-cü ildən bəri bəllidir. Bu mənada olan-bitən heç kim üçün sürpriz deyil.
– Referendumun ən alovlu müdafiəçisi İsrailin baş naziri Netanyahudur…
– İsrail baxımından ərəb olmayan, Qərb ilə yaxın olmağa məhkum, yalnız buraxılarsa İrana yaxınlaşması mütləq olan, amma əgər yanında durularsa İrana qarşı, məhdud da olsa bir ön qarovulxana imkanı təmin edəcək, tarixi olaraq hətta etnik-dini kökləri baxımından təsir dairəsində olacaq bir kürd dövləti şahmat taxtasında yeni bir imkan deməkdir.
1960-1970-ci illər dövründə Bərzaninin atası Molla Mustafa Bərzani İsrail ilə yaxın əlaqələrə malik idi. 1975-ci ildə bu əlaqələr İran Şahının təzyiqi ilə (o dövrdə İran İsrailin yaxın bir "iş ortağı” idi, hətta o qədər ki, onların birlikdə ortaq neft daşıma və ticarət şirkətləri belə vardı), eyni zamanda 1990-cı illərdə mövcud olan Türkiyə-İsrail ortaqlığı ilə "saman altına” itələndi. Məsud Bərzani də bu durumu təmkinli şəkildə davam etdirir.
"İkinci İsrail dövləti”
– Netanyahu "Kürdlər bizimlə eyni dəyərləri paylaşan bir xalqdır”, – deyir. Bunu necə şərh edərsiniz?
– Qərbdə onsuz da geniş yayılmış olaraq mövcud olan KRH (Kürdüstan Regional Hökuməti) imicini gücləndirməyə çalışır. Bu hekayə KRH-ni nisbətən daha demokratik bir sabitlik adası və dünyəvi bir siyasi aktyor mövqeyinə çıxarır. Beləliklə, müstəqillik qərarı alınarsa, – alınacağı da yüksək ehtimallıdır, – bu durumun yaradacağı nəticələrin KRH tərəfindən idarə edilə biləcək miqyasda qalmasını təmin etməyi hədəfləyir. Əlbəttə, İsrailin KRH ilə əlaqələrini də bunları söyləyən bir lider olaraq gücləndirir.
– "Türkiyə 2-ci İsrail dövlətilə qonşu olacaq”… Bu fikirlər də sabiq Milli Müdafiə nazirinin Baş katibi Ümit Yalıma məxsusdur… Qatılırmısınız?
– Yəqin ki, hörmətli Yalım diqqəti az öncə anlatdıqlarıma çəkir. Ayrıca, İsrail dövlətinin qurulması ilə əlaqədar ölkəmizdə və regionda ümumi qəbul edilən bir hekayənin də, ən azı görünüşdə, təkrarlanması ilə əlaqədar qənaətini dilə gətirir, sanki. Bu hekayəni ərəb olmayan və Qərblə yaxınlıq etibarilə bu regionda Qərbin "ön qarovulxanası” olaraq iş görəcək bir siyasi aktyorun, zorlayıcı siyasi və demoqrafik şərtlər yaradılaraq, regiona zorla qəbul etdirilməsi istəyi kimi ümumiləşdirə bilərik.
Mosul-Kərkük romantik sayıqlamadır
– Ankaradan Bərzaniyə "haqq etdiyi cavabın verilməməsi” üç səbəblə əlaqədardır: birincisi, təbii qaz ehtiyacı; ikincisi, Türkiyədəki kürd seçicilər; üçüncüsü, İrana qarşı sünni qalxanı…
– Birinci faktor Türkiyənin enerji ehtiyacı baxımından anlamlı deyil. Son iki ildə inkişaf etdirilən strategiya Türkiyənin təbii qaz məsələsini bu cür bir ehtiyacın tələbkarlığının xaricinə çıxarıb. Üçüncünü düşünənlərin isə bu regionun siyasətini hələ də heç qavraya bilmədiyini düşünürəm.
– Bəs Türkiyədəki kürd seçicilər?
– Bunun rolu, təbii ki, var. Bərzaninin KRH referendumunun baş sponsoru kimi siyasi gələcəyi də böyük ölçüdə "bəli” çıxmasına bağlıdır. Məlum olduğu kimi, Türkiyədə seçkilərdə də hardasa mitinqdə iştirak da edib. "Onun güclü qalması qayğısı ilə KRH referendumu bir-birinə heç bağlı deyil" deyilə bilməz. Amma başqa faktorlar da vardır.
– Nədir onlar?
– Türkiyə ilə Bərzani arasında regional siyasət məsələsində, Suriya, PYD/PKK və s. kimi Türkiyə üçün davamlılıqla (dövlətin davamlılığı – tərc.) bağlı olan məsələlərdə ciddi ölçüdə bir fikir uyğunluğu vardır.
Beşinci faktor isə aradakı, neft və qazdan başqa, iqtisadi əlaqələr ola bilər. Ancaq bunun təsiri Türkiyəni bu və ya başqa mövqe tutmağa məhkumedici səviyyədə deyil.
Nəticədə o nöqtədə daha artıq verən mövqeyində olan Türkiyədir. Bu gün o regionda ən böyük investisiya qoyan Türkiyədir. 1300-ə yaxın şirkət var Türkiyədən. Bağdad hakimiyyəti mərkəzi büdcədən verdiyi 17%-lik dəstəyi kəsdikdən bəri bu, KRH-nin həyatını davam etməsi baxımından daha da önəmlidir. Ayrıca, Türkiyənin rəsmi siyasətinin, bütün deyilənlər bir yana, artıq bu qərarı "həyati təhdid” xarakterli hesab etməsindən əmin deyiləm. Nəticədə, Bərzaninin son dəfə KRH bayrağı ilə qarşılanmasında bir problem görülmədi. Əlbəttə, ictimai rəyin haqsız da olmayan həssaslığı başqa bir mövzudur …
– PKK-PYD referendum sonrası sərhədlərimizdə yeni qurumlar yaratmağa cəhd edərmi?
– Məqsəd sadəcə KRH-nin müstəqilliyini elan etməsi və ya o yola girməsidirsə, xeyr. Onsuz da bu referendum nəticəsində müstəqillik elanı yönündə bir qərar çıxarsa, bu, həmən həyata keçirilməyəcək. Bərzaninin neft, qaz, su və son sərhədlər kimi bir çox məsələdə, təxminən, "Brexit" havasında, bir çıxış planında təkid edəcəyindən, demək olar ki, əminəm. Amma bacara bilərmi, o ayrı məsələdi…
– Türkiyə, İraq və İngiltərə imzalı bir anlaşma varmı? "Müstəqil dövlət qurulması halında Mosul və Kərkük yenidən türk torpağı olur” maddəsi varmı?
– Təəssüf ki, bunlar romantik sayıqlamalardı. Anlaşmanın mətni internetdə belə var. Çox maraq edən baxa bilər. Bir də bu var: bu yeni İraq konstitusiyası hazırlanarkən 140-cı maddədə nə yazıldığı məlumdur. O zaman etiraz etmək bəlkə əsassız olardı, amma siyasi baxımdan bir məntiqi də olardı. Ya da əsas, 2003-cü ildə fərqli bir hərəkət tərzi qəbul edilə bilirdi…
Həmçinin bu laqqırtıları edən və sayı zirvəyə qalxmış həvəskar alternativ tarixçi guruhunun mövqeyi məsələsi var. Bunların böyük bölümü bir yandan da Sykes-Picot-Sazanovdan (tarixi anlaşma – tərc.) şikayət edib dururlar. Doğrudur, bu, imperialist bir bölüşmədir. Bununla belə son yüz ildə ciddi sosioloji nəticələr də yaratmışdır. O da bir başqa uzun diskussiya mövzusudur. Bu mövzunun sərhədləri daxilində baxsaq, sözügedən ərazi bütövlüyü də o "qoruyucusu olmayacağıq” deyilən anlaşmanın məhsuludur. İndi nə olacaq, biri çıxıb "Siz bunu da deyirdiniz” deyəcəksə, cavabı nə olacaq? Ona görə də nə deyəcəyinizi yüz dəfə düşünərək, ön tədbir almaq lazımdı bu işlərdə. Qarşı olaq, amma öncə özümüzün nəzarət edəcəyimiz iqlimi yaradaq. Beynəlxalq münasibətlər ağıllı düşünüb, sağlam duraraq danışmağı və fəaliyyətə keçməyi tələb edir.
İraq üçün zərlər çoxdan atıldı
– İraqlı şiə lider Əl Hakim "Kürdüstan siyasi sunami yaradar” deyərək, xəbərdarlıq edərkən, İran adınamı danışırdı?
– Tam deyil. İranlılar "dovşana qaç, tazıya tut” oyununda ustadırlar. Oradan vurarkən, digər tərəfdən də KRH-yə siyasi cəhətdən hakim olmağa çalışırlar. İran bölgədəki heç bir aktyoru öz boyunun ölçüsünə uyğun olmayan seçimlər etməyə məcbur etməyəcək qədər usta bir diplomatiya yürüdür. Verdiyi mesaj, məncə, daha praqmatikdir. "Mənim düşmənlərimlə əməkdaşlıq edərsənsə, səni rahat olmağa qoymaram”, – deyir Bərzaniyə. Əl Hakim bu nöqtədə daha çox öz görüşünü anladır. İranlılar da ona "elə deyil də, belə de” deməmişlərdir. Amma bu, onların yeni reallığa ilk uyğunlaşanlardan olmayacaqları anlamına gəlməz. Bu uyğunlaşmanı öz şərtləri daxilində təmin edəcək şəraiti hazırlayarlar. Unutmamaq lazımdı ki, İran son dövrdə KRH-yə ağır silah, hətta birbaşa atəş gücü dəstəyi də verdi. Bundan əlavə, daha öncə söylədiyim kimi, KRH-nin daxili siyasətinə də təsir edir…
– Yekunda İraqın parçalanacağını və artıq heç bir şeyin əvvəlki kimi olmayacağını söyləyə bilərikmi?
– Məncə, orda zərlər çoxdan atılıb, təəssüflər olsun.
Atəş və qandan başqa bir nəticə gözlənilmir
– Kərkük Vilayət Məclisinin referendum qərarı türkmən yurdlarının qoparılması anlamına gəlmirmi?
– Belə nəticələnərsə, bəli. Ancaq oradakı problem sadəcə etnik kimlik məsələsi olmayacaq. Məlumdur ki, İraqda əhəmiyyətli miqdarda şiə türkmən vardır. Bunların bir qismi də İran dəstəkli Haşdi Şabi ilə birlikdə hərəkət edir və silahlıdır. Məclis qərarına İran da qəzəblənmişdi. Yeni böhranlar nələr və necə nəticələr yaradar? Əlbəttə, yenidən silahlı toqquşmalar. Təəssüf ki, bu bölgədə danışaraq anlaşmaq və qarşılıqlı güzəştlə bir balans, sabitlik və sülh təsis etmək mədəniyyəti oturmadı… Hər kəsin bir-birindən alacağı var və ilk ağla gələn "çözüm” yığımı qanla etməkdir. Təəssüf ki, belə bir durumda daha artıq atəş və qandan başqa bir nəticə gözlənilməz.
Referendum müharibə səbəbi sayılırmı?
– MHP lideri Dövlət Baxçalı 25 sentyabr üçün "Referendum müharibə səbəbi olar”- dedi… Baş nazir "Müharibə dövlətlə edilir”- deyərək cavab verdi. Hansı düzdür?
– Müharibə elanı asan bir qərar deyil. Siyasətçi siyasi məsuliyyət daşımadığ halda daha asan danışır. Bu işlərdə öncə o prizmadan baxılır ki, sizin maraqlarınıza uyğun iqlim yarada bilərsinizmi, bu olmursa – nəticələri maraqlarınıza uyğun olaraq idarə edə bilərsinizmi, o da olmursa – o nəticələrlə yaşaya bilərsinizmi? Hörmətli Baxçalının etirazını və tonunu, siyasi baxışları kimi, son dövrdə iqtidarla münasibətlərinə görə məruz qaldığı tənqidləri və tənqidlərin partiyası üzərində yaratdığı konkret nəticələri toparlamağa yönəlik olaraq düşünmək mümkündür.
Silahlı Qüvvələr tam da olması lazım olan yerdədir
– Türk Silahlı Qüvvələrinin (TSQ) sərhədlərdəki sayıqlıq halını necə qiymətləndirmək lazımdı?
– Türkiyənin cənub sərhədlərində nələrin baş verdiyi açıq-aşkardır. Uzun zamandır da həm siyasətin, həm də cəmiyyətin Türkiyə üçün bu bölgədən qaynaqlanan bir "davamlılıq” problemi olduğunu qəbul etməsi bir həqiqətdir. Bu durumda TSQ tam da olması lazım olan yerdədir. İstifadə edilən həcm, imkan və qabiliyyətlərin geniş tutulması məcburidir. Çünki təhdidlər həm asimmetrik, həm də çoxqatlıdır.