İKİ NÜVƏ ÖLKƏSİ ÜZ-ÜZƏ: ABŞ ÇİNLƏ MÜHARİBƏYƏ HAZIRLAŞIR?

İKİ NÜVƏ ÖLKƏSİ ÜZ-ÜZƏ: ABŞ ÇİNLƏ MÜHARİBƏYƏ HAZIRLAŞIR?

 

Natiq Cəfərli: "Rusiya ABŞ-la Çin arasında münasibətlərin daha da korlanması üçün müəyyən addımlar atmağa çalışacaq"

"Gec-tez hər iki dövlət danışıqlar masasına əyləşəcək və problemləri həll etməyə çalışacaq"

Son dövrlər Çinlə ABŞ arasındakı münasibətlər ticari müharibə müstəvisindən daha kəskin fazaya qədəm qoymaq üzrədir. Belə ki, CNBC telekanalı Amerika kəşfiyyatının məlumatları ilə tanış mənbələrə istinadən xəbər verir ki, Çin gizli şəkildə Cənubi Çin dənizində yerləşən mübahisəli adalarda gəmi əleyhinə qanadlı raketləri və zenit-raket komplekslərini qurub. ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, adaların sonrakı hərbiləşdirilməsi bu əraziyə iddia edən tərəflər arasında gərginliyin və etibarsızlığın artmasına xidmət edəcək. Bu barədə məlumat verən publika.az-ın yazdığına görə, daha əvvəl "Wall Street Journal" qəzeti də Çinin mübahisəli adalarda xüsusi avadanlıqlar yerləşdirdiyini iddia edib. Bu avadanlıqlar isə radiolokasiya sistemlərinin fəaliyyətinə maneələr yaratmağa qadirdir.

Məlumat üçün bildirək ki, dünyanın ən əhəmiyyətli dəniz marşrutlarından biri olan Cənubi Çin dənizi zəngin karbohidrogen ehtiyatlarına malikdir. Çindən başqa, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan kimi ölkələr də beynəlxalq sulara iddia edirlər. ABŞ isə Çinin bu regionda möhkəmlənməsini təhlükəsizlik maraqlarına zərbə hesab edir və son illər Cənubi Çin dənizi regionunu xarici siyasətin prioritetlərindən birinə çevirib. ABŞ-ın son təhlükəsizlik strategiyasında isə Çin və Rusiya ən böyük təhdidlər adlandırılıb. Vaşinqton qeyd edir ki, Pekin süni adalar tikərək onların hesabına ərazi sularını genişləndirir və bu adalarda hərbi obyektlər inşa edir. Çin isə öz növbəsində, ABŞ-ın ittihamlarını rədd edir.

Bu arada, beynəlxalq analitiklərin proqnozlarına görə, ABŞ əsas gücünü Çinlə mübarizəyə istiqamətləndirir. Çin isə Donald Trampın prezidentliyi dövründə ABŞ-la müharibənin qaçılmaz olduğunu bəyan edir. Çünki Donald Tramp bir müddət öncə Çinə qarşı ticarət məhdudiyyətlərinin tətbiqi barədə memorandum imzalayıb. "Çinin iqtisadi təcavüzkarlığı ilə mübarizə" haqqında memorandumun imzalanma mərasimində Tramp ticarət kəsirinin 540 mlrd. dollar həcmində olduğunu qeyd edib. O, idxal edilən polad və alminumda gömrük rüsumunu müvafiq olaraq 25, 10 faiz həcmində artırıb. Trampın sözlərinə görə, bu ABŞ-ın milli təhlükəsizliyinin qorunması üçündür. Bundan başqa, Tramp ABŞ ticarət nümayəndəsinə əlavə rüsumların tətbiq ediləcəyi Çin istehsalı malların siyahısını hazırlayıb təqdim edilməsinə dair göstəriş verib. ABŞ həmçinin lisenziyalaşdırılma sahəsindəki pozuntularla əlaqədar ÜTT-də Çinə qarşı iddia qaldırmaq niyyətindədir. Qeyd edək ki, Trampın bu qərarından sonra Pekin dərhal hərəkətə keçib və tutarlı cavab zərbəsi endirib. Belə ki, Çin də ABŞ məhsullarına gömrük rüsumu tədbiq etməyi planlaşdırır. Bu siyahıda donuz əti, şərab, meyvə, polad və s. olmaqla 128 məhsulun adı var.

Təbii ki, bütün bunlar ABŞ-la Çin arasında ticarət müharibəsinin getdiyinin bariz sübutudur. Hazırda belə bir savaşın getdiyini etiraf edən Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Gao Fenq isə hər şeyə hazır olduqıarını, ölkəsinin adekvat cavab verəcəyini bəyan edib. "Biz qətiyyətlə birtərəfli tədbirlərə qarşı çıxış edirik. Ümid edirəm ki, Birləşmiş Ştatlar qlobal tendensiyalara uyğun hərəkət edəcək. Çin Vaşinqtonun istənilən hərəkətinə hazırdır" deyən Gao Fenq bildirib ki, Çin kapitalı sayəsində ABŞ-da çoxlu sayda yeni iş yerləri yaradılıb və Pekin bu yolla Amerikanın iqtisadiyyatının inkişafına stimullaşdırıcı təsir göstərib.

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Natiq Cəfərlinin sözlərinə görə, ABŞ-la Çin arasında real müharibənin baş vermə ehtimalı olduqca azdır: "Çünki hər ikisi nüvə silahına malik dövlətlərdir. Lakin ticarət müharibələrinin qızışması mümkündür. Ümumiyyətlə, Çinin atdığı addımlar ABŞ-ın addımlarına cavab xarakteri daşıyır. Bu arada, bir məqamı da qeyd etmək lazımdır ki, ABŞ Çindən nə qədər asılıdırsa, Çin də ABŞ-dan bir o qədər asılıdır. Belə ki, hər iki ölkənin ümumi ticarət dövriyyəsi 1 trilyon dollardan çoxdur. Çin ABŞ-a 600-640 milyard dollarlıq, ABŞ isə Çinə 400-450 milyard dollarlıq mal satır. Yəni onlar bir-birindən kifayət qədər asılı ölkələrdir. ABŞ-ın istənilən mağazasına girdikdə əsasən Çin istehsalı olan mallar görünür. ABŞ-ın tələbatını ödəmək üçün Çini əvəz edə biləcək bir dövlət yoxdur. Ona görə də adıçəkilən dövlətlər arasında hər hansı kəskin hadisənin baş verəcəyini düşünmürəm. Lakin hər iki tərəf çalışacaq ki, ticarət müharibələri yolu ilə müəyyən güzəştlər alsınlar və bundan sonra yenidən ümumi razılığa gələ bilərlər".

Politoloq hesab edir ki, bu gün həm Çin, həm də ABŞ tərəfindən atılan addımların əsas məqsədi danışıqlar masasına qədər mövqelərin möhkəmləndirilməsinə nail olmaqdır:"Onsuz da gec-tez hər iki dövlət danışıqlar masasına əyləşəcək və problemləri həll etməyə çalışacaq. Amma hər halda danışıqlar masasına qədər olan dövrdə əllərini gücləndirmək, masada daha güclü mövqe tutmaq üçün ardıcıl addımlar atmağa başlayacaqlar və çalışacaqlar ki, bu addımlar nəticəsində dəyəcək ziyanı bir-birinə izah edə bilsinlər. Lakin bunun hər hansı bir müharibəyə, hərbi qarşıdurmaya keçəcəyi mümkünsüzdür".

Bu arada, Rusiyanın isə öz növbəsində, ABŞ-la Çin arasındakı qarşıdurmanın daha da dərinləşməsi üçün müəyyən addımlar ata biləcəyini vurğulayan Natiq Cəfərli bu qənaətdədir ki, ticarət müharibələri hər iki tərəfin güzəştləri ilə həll olunacaq: "Lakin onu da nəzərə almaq lazımdır ki, Çinlə Rusiyanın ticarət dövriyyəsi ABŞ-la Çinin ticarət dövriyyəsindən 12 dəfə azdır. Yəni cəmi 80 milyard dollardır və Çinin də Rusiyadan aldığı əsasən enerji daşıyıcıları - qaz, neft və neft məhsullarıdır. Rusiya isə Çindən daha çox gündəlik tələbat malları alır. Odur ki, ticarət dövriyyəsinin həcminə baxdıqda, Çin heç də ağılsız dövlət deyil ki, ABŞ-la sərt konfrantasiyaya getsin və nəticədə 600-640 milyard dollarlıq bazarı itirsin. ABŞ da anlayır ki, daxili bazarında hələlik Çini əvəz edə biləcək ölkə yoxdur. Bu səbəbdən də Vaşinqton da Pekinlə konfrantasiyanın son mərhələsinə qədər getməyə çəkinəcək. Təbii ki, Rusiya ABŞ-la Çin arasında münasibətlərin daha da korlanması üçün müəyyən addımlar atmağa çalışacaq. Lakin buna baxmayaraq, Vaşinqtonla Pekin sonda danışıqlar masasına oturub qarşılıqlı güzəştlərə getməklə problemi həll edəcəklər. Düşünürəm ki, Çinlə ABŞ-ın münasibətlərinin gələcəkdə düzəlməsi ehtimallarından biri də Şimali Koreya ilə bağlıdır. Çünki ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalar, gömrük rüsumunun artırılması həm də Çinə bir işarə idi ki, Şimali Koreyaya olan nüfuzundan istifadə edib ordakı problemi həll etsin. Demək olar ki, artıq problem həll olunmaq üzrədir. Belə ki, gözlənilməz addımlar atıldı, Şimali Koreya ilə Cənubi Koreya liderləri görüşdü və qarşılıqlı anlaşmalar oldu. Hesab edirəm ki, bu, məhz Çinin təsiri ilə mümkün oldu. Bu, həm də ticarət müharibələrinin ilk nəticəsidir. Odur ki, Şimali Koreya məsələsinin də masada olduğunu nəzərə alsaq, ticarət müharibələri hər iki tərəfin güzəştləri ilə həll olunacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti