ABŞ PREZİDENTİ CƏNUBİ QAFQAZI TARİXİ SEÇİM QARŞISINDA QOYUB –Azərbaycan kimin yanında yer alacaq? - TƏHLİL

ABŞ PREZİDENTİ CƏNUBİ QAFQAZI TARİXİ SEÇİM QARŞISINDA QOYUB –Azərbaycan kimin yanında yer alacaq? - TƏHLİL

 

Stanislav Tarasov

regnum.ru,11.05.2018

 

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İran nüvə proqramı üzrə sazişdən çıxdığını elan etdikdən sonra Ağ Evin rəsmi təmsilçisi Sara Sanders xəbər verib ki, Vaşinqton İrana qarşı yeni sanksiyalar hazırlayır. Bu haqda gələn həftə məlumat veriləcək.

Düzdür, Tehranı sanksiyalara alışıb. Buna görə də indi əksər ekspertlərin diqqəti, Amerikanın bir çox KİV-lərinin eyhamına görə, iqtisadi sanksiyaların iflası və ya az effekti halında İrana qarşı mümkün hərbi əməliyyatların müxtəlif ssenarilərini hazırlayan Pentaqona dikilib. Bizim fikrimizcə, bunların səsləndirilməsi həm İranı, həm də bütün Yaxın Şərqi, habelə Amerikanın Vaşinqtonun nüvə sazişindən çıxmasını pisləyən tərəfdaşlarını gərginlikdə saxlamaq istəyindəndir.

Müəyyən hərbi əməliyyatların başlanmasına təşəbbüs göstərilə biləcəyi ilk əməliyyat meydanları da müəyyən edilib – Səudiyyə Ərəbistanı, Fars körfəzi dövlətləri, İsrail.

Yeri gəlmişkən, ola bilsin, İsrailin Suriyada İran obyektlərinə son raket zərbəsi bu silsilənin süjetidir.

İkinci əməliyyat meydanı kimi Cənubi Qafqaz dövlətlərini göstərirlər.Amma ABŞ və NATO ilə yalnız "irəliləmiş” münasibətlərə malik olanları. Söhbət birinci növbədə bölgədə Qərb siyasətinin artıq çoxdan alətinə çevrilmiş Gürcüstandan gedir. O, ikinci planın "aktyor”udur – ABŞ onun ərazisindən gərəkdiyi halda arxa cəbhə dayağı kimi faydalana bilər. Vaşinqton son illərdə Vaziani və Marneulidəki aerodromların, habelə Batumi limanının rekonstruksiyasına xeyli məbləği təsadüfən ayırmayıb.

Düzdür, Gürcüstanın İranla ümumi sərhədi yoxdur, Ermənistan isə, güman etmirəm ki, öz üzərindən uçuşa icazə verər, amma axı Azərbaycanüzərindən hava dəhlizi var. Bu halda amerikalılar Bakıyla anlaşmalı olacaqlar. Azərbaycanla İran arasında saziş qüvvədədir – buna əsasən, onlar bir-birinin maraqlarına qarşı hərəkət etməməlidir. Amma, necə deyərlər, Amerika "təsərrüfatında” hər şey işə yarayır.

Bakı da Tiflis kimi, ABŞ və NATO ilə Əfqanıstanda hərbi əməkdaşlıq təcrübəsinə malikdir. Azərbaycanın keçmiş maliyyə naziri, professor Fikrət Yusifov hadisələrin bu cür gedişatı haqda xəbərdarlıq edir. Birincisi, o, qeyd edir ki, "iqtisadi sanksiyalar İranla əməkdaşlıq edən ölkələrə, o cümlədən Azərbaycana istər-istəməz təsir edəcək”. İkincisi, "İrana qarşı müharibə Azərbaycandan da yan keçə bilməz” və "belə bir durum bölgədə ta yeni münaqişə ocağı meydana çıxanacan barış və sabitliyi pozacaq”.

Bakı politoloqları İlqar Vəlizadə və Zərdüşt Əlizadənin hesab etdiklərinə görə, burada problem bundadır ki, "İran və Azərbaycanın münasibətləri heç vaxt "cilalı” olmayıb və həmişə bütünlükdə ziddiyyətlərə malik olub, amma ziddiyyətlər ikinci plana keçib, çünki iki ölkənin praqmatik maraqları önə çıxıb”.

Lakin Azərbaycanın özündənsə İranda daha çox azərbaycanlının yaşadığı nəzərə alınsa, ABŞ "Azərbaycan kartı”nı oynamağa həmişə şirniklənib.

Yaranmış durumda Bakının "ya – ya da” mövqeyindən imtinası təsadüfi deyil. Azərbaycan XİN mətbuat xidməti başçısı Hikmət Hacıyev bildirib ki, Bakı "İranın G5+1-lə (ABŞ, Böyük Britaniya, Rusiya Çin, Fransa və Almaniya ilə) sazişini həmişə dəstəkləyib”.

Hər necə fırladılsa da, amma bu, bölgədə qüvvələr düzülüşünü özgə cür müəyyən edən seçimdir. Azərbaycan bu yöndə təəccüblü şəkildə Rusiya, Çin və Avropa Birliyi ilə bir sırada görünüb. Əlbəttə, habelə ABŞ prezidentinin hərəkətini dəstəkləməyən Türkiyə ilə bir yerdə və hazırda Vaşinqtonun dəstəklədiyi İsrail və ərəb ölkələri koalisiyasından qıraqda. İndi amerikalıların buna necə reaksiya verəcəklərini gözləmək qalır. Amerika hələlik Azərbaycan, İran və Rusiyaya xeyli gəlir vəd edən və Avropaya da əlverişli olan "Şimal-Cənub” Azərbaycan-Rusiya-İran birgə layihəsinə sanksiyalar tətbiq etməyib. Azərbaycanın "Şahdəniz” qaz kondensatı yatağı və "Cənub axını” layihələrinin çalışmalarına da toxunulmur, amma bunlar Trampın baxış sahəsindədir.

Ancaq yalnız hələlik. Axı Vaşinqton Avropanın energetik təhlükəsizliyinin təminatı problemlərinə görə narahatlıqdan əl çəkib və bununla bağlı Cənubi Qafqaz bölgəsindəki energetik logistika ABŞ-a maraqlı deyil. Qaldı Azərbaycana, o, indi yalnız Ağ Evdən diktə olunan və riayət edilməməsi respublika ətrafında hərbi-siyasi durumu gərginləşdirə biləcək müəyyən şərtlərlə amerikalılar üçün strateji tərəfdaş rolunda çıxış edə bilər.

Bəs Bakı üçün alternativ nə ola bilər?

Tehranla nüvə sazişindən çıxdığını elan etmiş Vaşinqtonun əsas məqsədinin məhz nədən ibarət olduğu tezliklə aydınlaşacaq. Ən müxtəlif, amma əsla nikbin olmayan proqnozlar verilir. Rusiya xarici işlər naziri vəzifəsini icra edən Sergey Lavrovun dediyi kimi, "şübhəsiz, birincisi, nail olacağıq ki, bu, nüvə sazişini pozmasın” və "ikincisi, İran İslam Respublikasınn başqa tərəfdaşlarına hər hansı eksterritorial təsirin olmamasına nail olacağıq”.

Görək, bundan nə çıxacaq.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti