8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ötən həftə BQB başqanı, deputat Fazil Mustafa Türkiyədə səfərdə olub və Türk dünyasının nəhəng fikir adamlarından olan Əhməd Ağaoğlunun 150 illiyi ilə bağlı düzənlənən tədbirdə iştirak edib.
"Yeni Müsavat” qəzeti onun Türkiyə müşahidələri, həmçinin son günlər ölkəmizdə əsas müzakirə mövzusu olan islahtlar barədə fikirlərini soruşub.
Sozcu.info F.Mustafanın "Yeni Müsavat”a həmin müsahibəsini təqdim edir:
– Fazil bəy, bu günlərdə Türkiyədə səfərdə oldunuz. Elə bir vaxtda ki, Türkiyə və Azərbaycan terrora qarşı döyüşən mehmetciklə birgə nəfəs alırdı. Müşahidələriniz nə deyir, Türkiyə ictimaiyyəti də Azərbaycanın əsas problemindən, Qarabağ məsələsindən nə dərəcədə məlumatlıdır?
– Türkiyədə Əhməd Ağaoğlunun 150 illiyi ilə bağlı düzənlənən tədbirdə məruzəçi olaraq iştirak edirdim. Ancaq bu mövzu ilə yanaşı gözümüz, qulağımız Suriyada, Vaşinqtonda, Soçidə baş verən proseslərdə idi. Adətən, bu cür qaynar məsələlərin fonunda Dağlıq Qarabağ məsələsi əvvəlki kimi Türkiyə auditoriyasında gündəmdə önə çıxmasa da, unudulmuş məsələ də deyil. Hər bir tədbirdə, hər bir çıxışda bu mövzunun xatırlanmasına rast gəlirsən, Türkiyə cəmiyyətinin əhəmiyyətli hissəsi Azərbaycanın bu ağrılı probleminə ən azı bizlər qədər həssasdır. Üstəlik də Türkiyənin bölgədə rolunun güclənməsi ilə Qarabağın azad olunması istiqamətində ümidverici mesajların artmasını da sezmək mümkündür. Türkiyənin Rusiya ilə dialoqunun müsbət yöndə irəliləyişinin haçansa Qarabağ məsələsinin həllinə təsirsiz ötüşməyəcəyi barədə düşüncələr də Türkiyə cəmiyyətində yayğınlaşmağa başlayıb.
– Fazil bəy, hakim komandada çox ciddi və gözlənilməz proseslər baş verməkdədir. Nə baş verir və bundan sonrakı gözləntiləriniz necədir?
– Fikrimcə, buna gözlənilməz proses kimi baxılmamalıdır, cənab İlham Əliyevin ötən il növbəti dəfə prezident seçildiyi andan dəyişimlə bağlı ciddi addımlar atılıb. Burada əmək haqlarının, pensiyaların ciddi şəkildə artımı, şəhid ailələrinə birdəfəlik müavinətin verilməsi, banklara kredit borcu olanların yükünün əhəmiyyətli dərəcədə azaldılması, gömrükdə və vergidə şəffaflığın yaradılması kimi radikal addımları nəzərdə tuturam. Ardınca məhkəmə-hüquq sistemində islahatlara start verildi. Bunlar əhəmiyyətli sosial islahatlar olsa da, dövlətin iqtisadiyyat üzərində yükünü azaltmadan, inhisarçılığı ortadan qaldırmadan, bütün sahibkarlıq subyektlərinin bərabər rəqabət şərtlərinə malik olmasını təmin etmədən istənilən effektin alınmayacağı anlaşıldı. İndi əslində diqqət bu istiqamətə yönəlib və kadr dəyişikliyinin də məqsədi bu sahədə islahatların sürətləndirilməsi ilə bağlıdır.
– Necə bilirsiniz, köhnələr, yaşı 70-i adlamış şəxslər özlərini qorumaq üçün gizli koalisiya yaradıb hansısa addımlar ata bilərlərmi?
– Kadrların gəncləşməsi prosesi ötən ildən başlayıb. Təyin olunan kadrlar içində sadəcə, ötən bir il altı aylıq müşahidə onu göstərdi ki, gənc olmaq, hələ islahatçı olmaq anlamına gəlmir. İslahatçılıq yaş amili ilə müəyyənləşmir, baş, bilgi və ruh amili ilə müəyyənləşir. Ona görə də bu gün cəmiyyətdə qoca və gənc kadrlar münaqişəsi yaratmaq yerinə, səmimi islahatçılar və ənənəvi fürsətçilər bölgüsünü aparmaq daha düzgün olardı. Prezident səmimi islahatçılara söykənən bir siyasət dəyişiminin anonsunu verir və real addımlar atır. Burada ən təhlükəli məqam ənənəvi fürsətçilərin səmimi islahatçılar cildinə girərək bu prosesi əngəlləməsi olacaq. Ona görə də bu islahatların dərinləşməsi üçün iqtidar yalnız özünün partiya və təəssübkeş potensialına güvənməməlidir, dövlətin və vətəndaşın maraqlarını hər şeydən uca tutan bütün siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının da bu prosesə aktiv şəkildə qoşulması üçün qapıları açıq tutmalıdır.
Prezidentin siyasi qətiyyəti şərti olaraq "qocaların koalisiyası” adlandırdığınız hər hansı hərəkatın ortaya çıxmasını istisna edir, ancaq bəzən səlahiyyət sahibi olan məsuliyyətsiz "gənclər koalisiyası”nın qabiliyyətsizliyi də təxribata bərabər ağır nəticələr ortaya qoya bilər. Ona görə də islahatlar prosesinə cəmiyyətin nəzarət funksiyasının işləməsi olduqca zəruridir.
– Parlament müxalifəti olaraq sizin bu prosesdə iştirakınız hansı səviyyədədir? Bəs ənənəvi müxalifətin, parlamentdən kənar qüvvələrin mövqeyi barədə nə demək olar?
– Əslində bu suala cavabı ölkə prezidentinin son açıqlamasından yol alaraq vermək doğru olardı. Ölkə prezidenti deyir ki, bizim polisə daş atan müxalifətə deyil, problemləri diqqətə çatdıran, sağlam tənqid səsləndirən konstruktiv müxalifətə ehtiyac var. Əslində prezidentin işarə etdiyi konstruktiv müxalifətçilik əsas etibarilə parlament müxalifətidir. Yəni hakimiyyətin legitimliyini tanıyan, onun qanunverici orqanında iştirak edən müxalifət məhz konstruktiv müxalifətdir. Lakin konstruktiv müxalifətin fəaliyyət imkanları xeyli məhduddur. Say etibarilə parlamentdə fraksiya yarada bilmir, Milli Məclisin idarəetməsində rolu yoxdur, hansısa komitə rəhbərliyində təmsil olunmur, dövlət protokolunda müəyyən olunmuş yeri yoxdur, qanunvericilikdə institusional əsası yaradılmayıb. Müxalifət, sadəcə, azlıq termini adı altında nəzərdə tutulur ki, bu da terminoloji ziddiyyət yaradır. Həqiqətən də konstruktiv müxalifət öz sağlam tənqidləri, layihələrə alternativ baxışları ilə həm dövlətimizə, həm də prezidentin apardığı islahatlara böyük töhfə verə bilər. Konstruktiv müxalifəti əhəmiyyətsizləşdirmək, ona institusional fəaliyyət sferası tanımamaq əslində radikal, barışmaz müxalifətçiliyin arqumentlərini gücləndirən əsas amillərdən biridir.
– Bu günlərdə Milli Şuranın Bakıda keçirdiyi sanksiyalaşdırılmamış aksiya geniş müzakirələrə səbəb oldu. Siz burada ayrı niyyət, hazırlanan hansısa plan hiss etdinizmi?
– Bakıda keçirilən icazəsiz mitinq cəhdi ilə radikal müxalifət məqsədli şəkildə qarşıdurmaya getdi. Bu, siyasi cəhətdən olduqca yanlış addım idi. Dinc mübarizə apardığını iddia edənlər, icazə verilən yerə getməyə razılaşmalı idi. Həmin əraziyə gediş üçün daha çox nəqliyyat vasitələrinin ayrılması təklif olunsaydı, əminəm ki, Bakı Şəhəri İcra Hakimiyyəti bunu təmin edərdi. Baxın, 30 il öncə biz də hakimiyyətə təzyiq üçün mitinq və tətildən başqa yol düşünmürdük. Çünki mitinqdən, tətildən başqa tərəfdarlarımızı məlumatlandırma, fikirlərimizi tirajlama məkanı yox dərəcəsində idi. 20 il öncə tətil öz əhəmiyyətini itirdi, yalnız mitinq yolu aktuallığını qorudu. Bu, o zaman idi ki, sosial şəbəkə fenomeni ortada yox idi. İndi bu fenomendən 5-10 milyon insanı öz fikirlərinə, ideyalarına inandırmaq imkanı olanlar, nədən yenidən 5-10 min adamla dar bir mitinq çərçivəsində təmasa üstünlük verərək geri dönüş etdilər? Düşünürəm ki, bu sırf düşüncə qısırlılığı ilə bağlı məsələdir. Adamlar sosial şəbəkədə ağılla, məntiqlə deyil, mitinq jarqonları, çağırışları, linç etmələri ilə boy göstərməyə başladılar, müzakirə deyil, qaragüruhçu basqı ilə opponentləri susdurmaq kimi pis vərdişi mənimsədilər. Sağlam və ağıllı tənqiddən deyil, döyülməkdən reytinq qazanmanın bir neçə günlük həzzini yaşadılar. Orada plan quracaq baş olsaydı, haqlı olaraq istənilən vasitə ilə xaosa yol verməyəcək hakimiyyət qüvvələri ilə qarşıdurma yolu seçməzdilər. Fikrimcə, ağıllı və məsuliyyətli müxalifət hakimiyyəti aqressivləşdirmək yerinə, onu daha dərin islahatlara təşviq etmək yolunu seçməlidir. Çünki ölkə xaosa sürüklənsə, onun daşları altında qalan başların hamısı iqtidar-müxalifət ayırımı edilmədən öz millətimizin olacaq.
– Fazil bəy, Siyavuş Novruzov və Ziyafət Əsgərovla aranızda nə baş verib? Parlament iclasındakı çıxışlarda sizə ayrıca vaxt ayırdılar.
– Həqiqətən bu şəxslərin Milli Məclisdə şəxsimə qarşı bu dərəcədə qərəzli davranmaları mənim üçün də gözlənilməz oldu. Onlar ya fikirlərimi diqqətlə araşdırmamışlar, ya da kiminsə gözünə girmək üçün belə canfəşanlıq etmişlər. Baxın, mən söyləmişəm ki, istənilən formada öz çıxışlarımı seçicilərə çatdırmaq haqqım var və bu hüququmun məhdudlaşdırılması yolverilməzdir. Adamlar deyir ki, "bura selfi çəkdirmək yeri deyil”. Yaxud da "biz xalq artisti deyilik ki, bütün günü "İnstagram”da oturaq?” Mənim söylədiyimlə, onların iradları arasında bir məntiqi əlaqə görürsünüzmü? Kiçik bir tənqidi fikri belə top-tüfənglə qarşılayanlar prezidentin təqdir etdiyi konstruktiv müxalifətçilik ideyasının mövcudluğuna Milli Məclisdə necə imkan verə bilərlər? Düşüncəmə görə, ölkə prezidentinin başlatdığı islahatları dəstəkləyəcək ilk qurum Milli Məclisdir. Bu dəstək isə "biz prezidenti göz bəbəyimiz kimi qoruyacağıq” formasında saxta ritorika ilə olmur, sağlam fikir və ideyalarla olur.
– Bir çox deputatlar susmağa, 2020-ci ili sakitcə yola verib təkrar mandat qazanmağa çalışır. Necə bilirsiniz, sizin vaxtaşırı sərt tənqid səsləndirməyiniz və sizə qarşı kəskin ittihamların səslənməsi şansınızı minimuma endirmirmi?
– Milli Məclisdə deputatları iki kateqoriyaya bölmək olar: ayrıca siyasətçi kimliyinə sahib deputatlar və ümumi siyasətin içində olan deputatlar. Ayrıca siyasətçi kimliyinə sahib deputatlardan biri kimi səsləndirdiyim fikirlərə qarşı opponentlər tərəfindən aqressiv yanaşma, açığı, məni zərrə qədər rahatsız etmir. Məni rahatsız edən verdiyimiz mesajların bir çox hallarda diqqətsiz qalmasıdır. Bizlər meydan siyasətinin, xalq hərəkatı dalğasının içindən gəldiyimiz üçün bu "sunami”nin hansı fotonu təqdim edəcəyini az-çox bilirik. Bu halda isisnasız olaraq yuxarıdan islahatların həyati əhəmiyyət daşıdığını düşünürük. Bu islahatı gerçəkləşdirəcək tək ali subyekt isə bu gün ölkə prezidenti İlham Əliyevdir. Ancaq bu prosesi yalnız sədaqətli icraçılıq təklif edən iqtidar komandası ilə aparmaq yetərli deyil. Sağlam tənqid, faydalı təklif və əsaslandırılmış ideyalar verən konstruktiv müxalifətin dəstəyi bu prosesdə dövlətimizin yalnız faydasına ola bilər. 2020-ci ilin seçkilərində şans məsələsinə gəldikdə isə, bu millətə və dövlətə faydalı olma şansını Allah bundan sonra da bizə nəsib edərsə, bunu istənilən statusda sevə-sevə edəcəyəm.
– Bəzi yaşlı deputatlar artıq prezidentin eyhamından nəticə çıxarıb və kənara çəkilməyi qətiləşdirib. Siz növbəti tərkibi necə təsəvvür edirsiniz?
– Yenə də yaşlı-gənc ayırımı üzərində durmaq istəməzdim. Yaşlı sayılan deputatların içində olduqca dəyərli, sağlam dünyagörüşlü şəxslər var, burada cəmiyyətə faydalı, yaxud da faydasız deputatlardan söhbət getməlidir. Kiminsə növbəti seçkilərdə namizədliyini irəli sürməməsi bir hüquqi seçimdir, bunu şərh etmək doğru deyil. Ancaq parlamentin gələcəyi ilə bağlı proqnoz vermək istəməzdim, bunu yaxşı olar ki, əlahəzrət xalqın öhdəsinə buraxaq.
– Fazil bəy, komandada daha hansı dəyişiklikləri görmək istərdiniz?
– Bu islahatlarda bəlkə də ən az əhəmiyyət daşıyan məsələ komandada hansı subyektlərin olması, yaxud hansı yerdəyişmənin baş verməsidir. Düşünürəm ki, əsas diqqət aşağıdakı istiqamətlərə yönəlməlidir: dövlətə yük olan bütün müəssisələrin, obyektlərin sürətlə özəlləşdirilməsi; sahibkarlığa mane olan bütün təzahürlərin, xüsusilə də süni inhisarçılığın ortadan qaldırılması; vətəndaşa ən yaxın qurum olan bələdiyyələrin çevik yerli özünüidarə orqanlarına çevrilməsi; icbari tibbi sığortanın real işləmə imkanının yaradılması; islahatlarla bağlı iqtidar və müxalifət partiyaları arasında müntəzəm müzakirələrin aparılması; məhkəmələrə vətəndaşların güvənini bərpa edəcək real islahatların aparılması. Təbii ki, burada seçilən kadrların yaxşı və ya pis mənada təsiri seziləcək, ancaq ictimai nəzarət mexanizmi bu sahədə prezidentin ən başlıca köməkçisi ola bilər.
– Hökumətlə birgə büdcə müzakirələri başlayacaq. Səsləndirdiyiniz təkliflər sadəcə müzakirə mövzusu oldu. Yeni baş nazir üçün onları təkrarlayacaqsınız? Əsasən nələrin üzərində israrlı olacaqsınız?
– Büdcə müzakirələri Milli Məclisin ən maraqlı və hərəkətli dövrü hesab olunur. Son vaxtlar hökumət üzvləri bu müzakirələrə daha məsuliyyətlə yanaşırlar. Bu dəfə durum bir az fərqlidir. Yeni baş nazir ilk dəfə ən mühüm dövlət sənədini təqdim edəcək. Açığı deyim ki, son illərdə təyin olunan kadrlar içində Əli Əsədov obrazı cəmiyyətin çoxluğu tərəfindən daha anlayışla qarşılandı. İslahatlar dövrünün baş nazirinin iqtisadi sferada yüksək təcrübəyə malik olması islahatların uğuru üçün vacib şərtlərdən biridir. Ümid edirəm ki, yeni baş nazir deputatların islahatlara dəstək verən təkliflərinə ciddi həssaslıqla yanaşacaq. Əlbəttə, təkliflərim olacaq, qısaca bir neçəsini söyləyə bilərəm: kitablara və çap məhsullarına qoyulan 18 faizlik ƏDV-nin sıfırlanması; məktəbli uşaqların bütün ictimai nəqliyyat növündən istifadəsinin ödənişsiz olması; ilkin mərhələdə 6 yaşadək uşaqlar üçün xalq arasında "uşaqpulu” kimi anlaşılan aylıq müavinətlərin verilməsi; istehsalla məşğul olan sahibkarlığın stimullaşdırılması və s.
– Necə bilirsiniz, növbəti parlament seçkilərindən sonra müxalifət fraksiya yarada biləcəkmi? Əgər seçkiləri qazanarsa…
– Müxalifət fraksiyası niyə də olmasın? Ətraf ölkələrə baxın, bu artıq hamısında mövcuddur, ümid edək ki, Azərbaycanda da müxalifət qüvvələri növbəti seçkidə qanunvericilikdə nəzərdə tutulan sayı ötəcək və belə bir fraksiya yaradılacaq. Bu olarsa, ölkədə ciddi bir siyasi canlanma baş verər və partiya demokratiyasının inkişafı üçün zəmin yaranar.
– Və sizin ən çox toxunduğunuz problem… Yeni hökumət Xəzər dənizini xilas edəcəkmi?
– İslahat əslində bir predmeti eybəcər göstərən ünsürləri söküb ataraq onu təkmilləşdirməkdir. İnqilab isə yerinə nə quracağını düşünmədən o predmeti yerlə yeksan etməkdir. Bizə dövlətimizin salamatlığı üçün bütün sahələrdə islahat lazımdır. Yeganə bir sahə var ki, orada mütləq inqilab edilməlidir. Xəzəri buxovlayan bütün hasarları söküb atmaq, dənizin içinin və sahilinin ekoloji fəlakətdən qurtarılması üçün inqilabi fədakarlıq etmək lazımdır. Biz niyə Xəzərə hələ də sevgisiz davranırıq, bunu anlamaq mümkün deyil. Bu cür qum dünyanın heç yerində yox, onu vəhşicəsinə yox etdilər, indi bu dənizdən bir-iki balıq çıxanda sevinməli olduq, hələ də turizmə yararlı səviyyəyə də gətirib çıxara bilmədik. Açığı, hökumətin Xəzərin xilası mövzusunda hansı layihələr barədə düşünməsi maraq doğurur.
Elşad PAŞASOY