8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qonşu Gürcüstanda prezident seçkilərinə sayılı günlər qalmaqdadır. Ayin axırında keçiriləcək seçkilər Gürcüstanın taleyində mühüm rol oynayacaq. Borçalılı soydaşlarımız da bu ölkənin taleyinə biganə qala bilməzlər. Bəs, görəsən, qarşıdakı seçkilərdə hansı mövqeni tutmalıdırlar?
Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayevlə söhbətimiz məhz bu suallar ətrafında oldu. Konqres sədrinin "Yeni Sözçü”yə müsahibəsini oxucularına təqdim edirik:
-Əli bəy, Gürcüstanda prezident seçkilərinə az qalıb. Əvvəlcə 46 siyasətçi öz namizədliyini irəli sürdüyü halda, sonradan bəziləri öz namizədliklərini geri götürdülər. Hazırda namizədlərin sayı 25-ə enib. Bu çoxnamizədli seçkilər barədə nə deyə bilərsiniz?
-Bildiyiniz kimi, oktyabrın 28-də Gürcüstanda növbəti prezident seçkiləri keçiriləcək. Ölkəmizdə ciddi islahatlar baş verəcək. Bu dəyişiklərdən ən əsası odur ki, Gürcüstan prezident respublikasından parlamentli respublikaya çevriləcək. Həmçinin Prezidenti artıq xalq yox, parlament seçəcək. Düz vurğulayırsınız ki, namizədlərdən bəziləri sonradan öz namizədliklərini geri götürdülər. Hal-hazırda öz platformalarını təqdim edən 25 namizəd var. 25 namizəddən 19-u müxtəlif partiyaları təmsil edir, 6 namizəd isə müstəqildir. Ötən müsahibəmdə də qeyd etdiyim kimi, ən nüfuzlu namizəd Salome Zurabişvilidir. Digər nüfuzlu namizədlər içərisindən keçmiş Milli Hərəkət Partiyasının üzvlərini qeyd etmək olar. Onlar içərisində də ən böyük nüfuz sahibi vaxtilə Saakaşvili hökumətində Xarici işlər naziri olmuş Qriqol Vaşadzedir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, adı çəkilən namizəd Rusiya vətəndaşı olub və uzun müddət adı çəkilən dövlətdə bir çox vəzifələrdə işləyib. Qısası, bu şəxs rəsmi Moskvanın adamıdır.
-Gürcü xalqı parlamentli respublikaya keçidi dəstəkləyirmi?
-Gürcüstanın əsas məqsədi Avropa İttifaqı və NATO-ya inteqrasiyadır. Hətta son illər Avropa dövlətlərilə vizalı gedib-gəlişin aradan qalxması da bu istiqamətdə atılan addımların bəhrəsidir. Odur ki, əksər Avropa dövlətləri kimi, Gürcüstan da parlamentli respublika quruluşunu leqallaşdırmaq istəyir.
-Necə düşünürsüz, Salome Zurabişvili Qərbin ortaya atdığı siyasi fiqurdumu?
-Əvvəla onu deyim ki, S.Zurabişvili Fransada dünyaya gəlib. Yüksək savada, demokratik düşüncəyə malik bir siyasətçidir. Bu siyasətçi xalqın rifahının yüksəldilməsinə və Gürcüstanın inkişafı üçün əlindən gələni əsirgəməyəcək. Ona görə onun hər hansı xarici maraqlara xidmət etdiyini düşünmürəm.
-Sizcə Milli Hərəkət Partiyası, Saakaşvili tərəfdarları və digər mühavizəkar ruhlu partiyalar yeni quruluş bərqərar olması üçün "Çin səddi” yaratmayacaqlar?
-Başda Saakaşvili olmaqla bütün Milli Hərəkət Partiyasının 9 illik iqtidarı zamanı nə qədər özlərini "demokratiya” qurucuları kimi təqdim etsələr də, əslində onlar populizm, lobbiçilik, şəxsi maraqlar, zənginləşmək və digər fəaliyyətlərə xidmət edirdilər. Ölkədə vətəndaş hüquq, azadlıqlarından söhbət gedə bilməzdi. Bunun başlıca səbəbi kimi onu deyə bilərəm ki, Saakaşvili zamanında haqlı olaraq ona müxaliflik mövqeli etirazçılar, haqlarını tələb edənlər həbs olunur, ölkə iqtisadiyyatı azad bazar münasibətləri üzərində deyil, inhisarçılıq, monopoliya üzərində inkişaf etdirilir, azad sahibkarlığın inkişafına dəstək verilmir, əksinə, hədə-qorxu ilə onların hüquqları boğulurdu. Həmçinin Saakaşvilinin "hökmranlığı” dövründə Gürcüstanın 36-dan çox strateji əhəmiyyətli obyektləri Rusiya vətəndaşları və iş adamlarının əlinə keçdi. Bundan başqa fermerlərin torpaqları əllərindən alınaraq, başqa-başqa şəxslərə satıldı. Elə Qaraçöpdə 7 min hektar, eləcə də Qardabani, Marneuli, Dmanisi, Bolnisi rayonlarında da soydaşlarımızın torpaqları əllərindən alınaraq əcnəbi vətəndaşlara satıldı. Xalq bu haqsızlıqları unutmayıb. Ona görə də xalq dəyişiklik arzulayır. Təbii ki, köhnə iqtidarçılar bacardıqları maneələri qoyacaqlar.
-Bədnam qonşumuz olan Ermənistanda xarici qüvvələr Serj Sarkisyan və onun yarıtmaz "komanda”sını iqtidarda saxlamaq üçün bütün səylərə baxmayaraq, xalq cürümüş iqtidar nümayənlərini hakimiyyətdən salaraq Nikol Paşinyanı Baş nazir postuna gətirdi. Belə ssenari Gürcüstanda da baş verə bilərmi?
-Əvvəla, Gürcüstandakı son zamanlar baş verən prosseslər Ermənistandan baş vermiş olaylarla eyniləşdirmək olmaz. Çünki Gürcüstan tam müstəqil dövlətdir. Ermənistan isə rəsmi Moskva və beynəlxalq erməni lobbiçilərin diqtəsiylə idarə olunur. Bu ölkədə rus hərbi bazalarının yerləşməsi də onun tam müstəqil dövlət olmadığını göstərir.
İkinci, Paşinyanla Zurabişvili tamamilə fərqli siyasi fiqurlardır. Xanım Zurabişvili sivil, demokrat, islahatlar tərəfdarı olduğu halda, Paşinyan sələfləri kimi şovinist, mühafizəkar fiqur olması ilə diqqət çəkir. Paşinyan hökuməti yalnız Azərbaycanla müharibə şəraitinin davam etdirilməsiylə yanaşı, həmçinin Gürcüstan ərazilərində erməni Qriqoryan kilsələrinin mövcudluğu və ermənilərin yaşaması bu torpaqları erməni torpaqları kimi qələmə verir. Həmçinin abxaz, osetin separatçılarının Gürcüstan torpaqlarında qurduqları qondarma dövlətlərlə də Paşinyan hökumətinin yaxın münasibətləri gözə dəyir.
Üçüncü, Paşinyan hökuməti xalqın istəyi ilə hakimiyyətə gəlsə də, ölkədən xaricə mühacir edənlər ordusunun qarşısını almaqda acizlik göstərir. Gürcüstanda isə vaxtilə Sakaşvilinin yarıtmaz hakimiyyəti zamanı ölkədən xaricə mühacir, köç etmiş vətəndaşların sayı 2012-ci ildən sonra azalmağa başlayıb. Zurabişvili seçkilərdə qalib gələcəyi halda, onun siyasətinin ayrılmaz tərkib hissəsindən biri də yuxarıda qeyd etdiyimiz səbəblərə görə ölkəni tərk etmiş 1 milyondan artıq gürcüləri yenidən vətənə qaytararaq, insan kapitalının inkişafına təkan verməkdir.
-Borçalı azərbaycanlıları seçkilərdə fəal iştirak edəcəklərmi?
-Gürcüstandakı azərbaycanlıların güzəranı daim ağır olub. Bir-birini əvəz edən hökumətlərin yürütdüyü siyasət nəticəsində soydaşlarımız daim mənəvi terrora məruz qalıb. Gürcüstan azərbaycanlıları yalnız seçki qabağı yada düşərdi ki, namizədlər soydaşlarımızın kompakt yaşadığı rayonlarda onların qarşısında çıxışlar edərək vədlər verib, səslərini topladıqdan sonra vədlərinə daim xilaf çıxıblar. Yalnız Sakaşvili iqtidarına son qoyulduqdan sonra yavaş-yavaş soydaşlarımızn güzəranı müsbət tərəfə doğru dəyişməkdədir. Soydaşlarımız içərisində də elə şəxslər var ki, hökumətə ( Sakaşvili dövrünü nəzərdə tutur ) yaltaqlıq edib, ciblərinin dolu, kreslolarının daimi altlarında olması üçün köhnə quruluşu yenidən qaytarmaq, bununla xalqı səfalətə sürükləmək istəyənlər də az deyil. Onlardan biri də Gürcüstan parlamentinin deputatı, Milli Hərəkət partiyasının üzvü olan Azər Süleymanovdur. Adı çəkilən şəxsin bu yaxınlarda Faxralı kəndində yerləşən məscidin qarşısına camaat üz tutaraq: "Salome Zurabişviliyə səs verməyin”!, "ona səs verənlər azərbaycanlı, türk deyil” -kimi şüarlar səsləndirib. Təbii ki, onun bu cür qətiyyətlə ifadələr bildirməsi milli diskriminasiyaya təşəbbüsdür, qarşıdurmaya çağırışdır. Belə təşviqat, çağırışlara görə "deputat” Gürcüstan qanunvericiliyi qarşısında məsuliyyətə cəlb olunmalıdır. Bir nüansı da xüsusi vurğulamaq yerinə düşər. Azər Süleymanova xatırlatmaq lazımdır ki, onun təmsil etdiyi partiyanın iqtidarda olduğu zamanlar bu gün qarşısında dayanadığın Faxralı məscidinin tikintisinə qoyulan 2 illik qadağa və digər diskriminasiyalar zamanı harda idiniz?...
-Əli bəy, sözlərinizdən belə çıxır ki, səsinizi Salome Zurabişviliyə verəcəksiniz?
-Mən 25 ildir millətimin azadlığı, mədəniyyəti və hüquqlarının qorunması üçün mübarizə aparmışam. Həmçinin bu illər ərzində Gürcüstanda baş verən siyasi prossesləri yaxından izləmişəm. Bu gün Gürcüstan inkişaf yolundadır. Salome Zurabişvili seçkilərdə qalib gələcəyi halda bu inkişaf daha da sürətlənəcək, eləcə də xalqın rifahı da yüksələcəkdir.
-Salome Zurabişvili prezident seçiləcəyi halda Azərbaycan-Gürcüstan arasında münasibətlər yaxınlaşma olacaqmı yoxsa üzümüzə gülərərək sərvədlərimizdən istifadə edib, sonra da "ikili” standart ənənəsi davam edəcəkmi?
-Hər zaman demişəm; Gürcüstanın Azərbaycana ehtiyacı olduğu kimi, Azərbaycanın da Gürcüstana ehtiyacı var. Gürcüstan Azərbaycanın bir nömrəli strateji partnyorudur. Həmçinin, Azərbaycan bu ölkəyə çoxsahəli böyük investisiyalar yatırıb. Gürcüstan Azərbaycanın Türkiyə və Avropa ölkələriylə siyasi, iqtisadi münasibətlərdə tranzit rolunu oynayır. İstənilən Gürcüstan hökumətinin başçısı dediklərimi daim nəzərdən keçirməlidir. Düşünürəm ki, Salome Zurabişvili iqtidara gəlsə, hər iki dövlət arasında isti münasibətlər hərtərfli olaraq şaxələnəcək, möhkəmlənəcək.
-Son olaraq nə demək istərdiniz?
Bütün Borçalı azərbaycanlılarına aydınlı sabahı, işıqlı gələcəyi naminə seçkilərdə aktiv iştirak etməyə və Salome Zurabişviliyə səs verməyə çağırıram.
Abdulla İsmayıloğlu,
"Yeni Sözçü" qəzeti