ANTİPOLİS TƏBLİĞATININ GÖRÜNMƏYƏN ÜZÜ:İDEOLOJİ DİVERSİYA, YOXSA SABOTAJ?! - TƏHLİL

ANTİPOLİS TƏBLİĞATININ GÖRÜNMƏYƏN ÜZÜ:İDEOLOJİ DİVERSİYA, YOXSA SABOTAJ?! - TƏHLİL

 

Elxan ŞÜKÜRLÜ,

"Strateq.az”

 

Prezident İlham Əliyevin iyunun 20-də ölkənin təhlükəsizliyinə cavabdeh iki əsas güc strukturunda – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyində apardığı kadr dəyişiklikləri indiyədək görünməmiş miqyasda sosial şəbəkələrdə, eləcə də yerli və xarici mediada müzakirəyə çıxarılıb.

İlk baxışdan bu, kadr dəyişikliklərinin həyata keçirildiyi strukturların önəmi və təyinat alan şəxslərin personasına ictimai maraqla izah edilsə də, aradan 20 gün vaxt  ötməsinə baxmayaraq, müzakirələrin səngiməməsi, əksinə, yüksələn xətlə davam etməsi və tədricən, xüsusən də polis əleyhinə nüfuzdansalıcı fakt və nöqsanların şişirdilib qabardılması yoluyla antipolis hərəkatına – təbliğat aksiyasına çevrilməsi işin arxasında konkret maraqlı qüvvələrin olduğunu da təsdiqləyir.

20 gün ərzində təyinatlara verilən reaksiyaların, eləcə də mövzunu gündəmdə saxlayaraq, onu antipolis aksiyasına döndərən media resurslarının və sosial şəbəkə istifadəçilərinin kimliklərinə, əhatə dairəsinə, təbliğat tezislərinə, materialı təqdimetmə formalarına və paralel şəkildə də bütün bunların hansı zaman çərçivəsində və hansı proseslərin tərkib hissəsi olaraq cərəyan etdiyinə diqqət yetirdikdə isə, təkcə Azərbaycan polisi əleyhinə başladılan kampaniyada maraqlı tərəfləri deyil, həm də niyyət və məramları da aydınca görmək mümkündür…

 

1 il əvvəl nələr olmuşdu?

 

Əslində, indi olanların mahiyyətini daha yaxşı anlamaq üçün bir qədər geriyə, təxminən, 1 il öncəyə – 2018-ci ilin 11 aprelində keçirilən növbədənkənar prezident seçkilərinə qayıtmaq və ondan üzübəri ölkəmizdə baş verənləri ciddi şəkildə analiz etmək gərəkdir.

Hadisələrin xronologiyası və detallar üzərində çox durmadan, qısaca onu xatırladaq ki, o vaxt ölkədə növbədənkənar seçkilərin keçirilməsini zəruri edən əsas səbəb qələbəsinə arxayın hakimiyyətin – 15 ildir prezidentlik sükanını əlində saxlayan İlham Əliyevin əlavə vaxt itirmədən, xalqın mandatıyla daha 7 illik bir zaman qazanmaq və ölkəni gözlənilməz geopolitik təhdid və risklərdən sığortalamaqla, onu əsas hədəfi – Dağlıq Qarabağ probleminin həlli yönündə səfərbər etmək və yetişməkdə olan əlverişli geopolitik situasiya zamanı da qəfil və əmin addımlarla uğur qazanmaq istəyindən qaynaqlanırdı…

Xatırlayırsınızsa, Əliyev yenidən prezident seçildikdən bir həftə sonra – 2018-ci ilin 18 aprelindəki inauqurasiya nitqində bu məramını heç gizlətməmişdi və andiçmə mərasimində qarşıdakı 7 ilin əsas hədəflərini də aydınca göstərmişdi: sürətli islahatlarla ölkəni daxildən daha da gücləndirmək, bütövləşdirmək və sülh yoluyla həlli süni şəkildə illərlə uzadılan Dağlıq Qarabağ probleminə güc yoluyla çözüm, çarə tapmaq!

Məhz 18 aprel nitqində Əliyev açıq bəyan etmişdi ki, təkcə Dağlıq Qarabağ yox, Ermənistan da bütövlükdə Azərbaycanın tarixi torpaqlarıdır və "kim güclüdür, o da haqlıdır” prinsipinə söykənən böyük dövlətlər bu tarixi gerçəkliklər fonunda Azərbaycanın artan hərbi gücünü mütləq şəkildə nəzərə almalı, onun mövqeyi ilə hesablaşmalıdırlar… Yəni, Əliyev sülh danışıqlarında Azərbaycanı Qarabağ cəbhəsindəki mövcud reallıqlarla barışmağa sövq etmək istəyən güclərə 18 aprel bəyanatıyla o mesajı verirdi ki, Azərbaycan hər an cəbhə xəttində "yeni reallıqlar” yarada bilər…

Şübhəsiz, Əliyevin növbədənkənar seçki qərarı, bu seçkidə inamlı qələbəsi və yaxın 7 ilin hədəflərini də bu sayaq açıq və inamlı şəkildə dilə gətirməsi, üstəlik də rəqibini güc tətbiq edəcəyi ilə hədələməsi bölgədəki status-kvonun dəyişməz qalmasında marağı və yaxud da bu konfliktin həllində "öz ssenariləri, öz həll modelləri” olan bəlli xarici güc mərkəzlərini qəzəbləndirməliydi və qəzəbləndirdi də: gözlənilmədən, 2018-ci ilin 28 mayında – Azərbaycanın müstəqilliyinin 100 illik yubileyinin təntənəli qeyd edildiyi bir gündə – ABŞ-ın nüfuzlu "Foreign Policy” jurnalında "Azərbaycan Qərbə niyə lazımdır?” başlıqlı bir yazı işıq üzü gördü və bu materialda açıqca iddia olundu ki, "Rusiyanı dirçəldən, İranı möhkəmləndirən və iqtisadi cəhətdən Çini genişləndirən istənilən möhtəşəm strategiyanın taleyi bu 60 millik zolaqdan” –  Azərbaycan ərazisindəki "Gəncə keçidi” adlandırılan dəhlizdən asılıdır və Rusiya bu dəhlizi Qərbin üzünə bağlamaqdan ötrü "Gəncə keçidi”ndə hər cür təxribata, xüsusən də cəbhə xəttində münaqişənin yenidən qızğın mərhələyə keçməsinə əl ata bilər (Həmin məqalənin tam mətninə bax: "Strateq.az”, "Bir ay əvvəl Amerikadan gəlmiş xəbərdarlıq: "Rusiya "Gəncə keçidi”ndə hər şey edə bilər””).

Məhz "Gəncə keçidi”ndə təxribatın zamanını isə çox gözləmək lazım gəlmədi: Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanda müharibə xofu yaratmış  irimiqyaslı hərbi təlimlərə başladığı gün – iyulun 2-dən 3-ə keçən gecəMingəçevirdə "qəza” baş verdi, bütün Azərbaycan qaranlığa qərq edildi, iyulun 3-də axşam isə sosial narazılıqların və məmur özbaşınalığının ən çox eşidildiyi Gəncənin özündə icra başçısına silahlı hücum təşkil edildi…

Silahlı hücumun başında kim dursa yaxşıdır? Rusiya vətəndaşı olan, İran ideologiyası ilə silahlanmış və Suriyada təlim keçmiş, təkcə müəmmalı tərcümeyi-halı ilə çoxsaylı versiyalara yol açacaq bir şəxs – Yunis Səfərov!

Yalnız təşkilatçıların hesaba almadığı bir təsadüf  əvvəlcədən icra başçısının ölüm ssenarisi üzərində planlaşdırılan ideoloji diversiyanı da – Yunis Səfərovun xalqa müraciətinin yayılması işini –  təxirə salmış oldu. Əvəzində isə Yunis Səfərovun polis idarəsində işgəncəyə məruz qalaraq qətlə yetirildiyi təəssüratını yaradan fotosunun sosial şəbəkələrə və mətbuata sızıdırılması ilə Azərbaycan polisinə qarşı xaricdən daha böyük bir basqı və etiraz aksiyasının təşkili üçün bəhnə gəldi. Nəticə isə bəllidir: iyulun 10-da keçirilmə vaxtı və yeri xaricdən elan edilən aksiyada, öncədən təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, Azərbaycanda ilk dəfə kütləvi aksiya iştirakçıları polisə hücum çəkərək, iki yüksəkrütbəli polis zabitini qətlə yetirdilər…

 

Yenə xaricdən aksiya təyini, yenə polis hədəfdə!

 

… Əslində, Prezidentin 20 iyun təyinatlarından üzübəri Azərbaycan polisi əleyhinə sosial şəbəkələrdə və mediada başladılan növbəti kampaniyaya da məhz "Gəncə ssenarisi”nin yeni və nisbətən daha təkmil, ağıllı formatda təqdimatına hazırlıq kimi baxmaq gərəkdir. Fərq ondadır ki, həmin vaxt polis əleyhinə kampaniya yalnız bir foto üzərində qurulmuşdu və hökumət çevik tərpənib Yunis Səfərovu efirə çıxarıb danışdırtmaqla əhalidə süni şəkildə polis üzərinə coşdurulan qəzəbi yatırmağa nail olmuşdu.

Ancaq hiss olunur ki, bu dəfə daha fərqli üslub seçilib: yenə də xaricdə yerləşdirilən internet kanalları və ölkədən qaçıb getmiş hakimiyyətdən narazı, qisas almağa hazır bəzi mühacirlər vasitəsi ilə payızda ölkədə inqilab olacağı çağırışları yayılır, əhali məqsədli şəkildə xüsusən də "söyüş taktikası” ilə süni şəkildə radikallaşdırılır, kütləvi itaətsizliyə və iğtişaşlara hazırlığa səslənir və paralel şəkildə də illərdir hakimiyyətin və dövlətin əsas qoruyucu zirehi sayılan Azərbaycan polisinin əhali arasında nüfuzdan düşməsi üçün faktlar əldə edilərək, ictimailəşdirilir. Bir növ, ona zəmin hazırlanır ki, polis xalqdan aralansın, xalqda polisə qarşı kin və qəzəb hissi formalaşsın və gələcək icazəsiz aksiyalar zamanı qanlı polis-vətəndaş qarşıdurmasının yaradılmasına nail olunsun… Bu antipolis kampaniyasını izlədikcə, adamda elə təəsürat yaradılır ki, sanki, Azərbaycan polisi bizim millətdən deyil, onları kənardan gətiriblər və millətə düşmən ruhunda yetişdiriliblər…

 

Kimlər əlbir hərəkət edir?

 

İşin ən diqqətçəkən tərəfi bütün bu prosesdə üç maraqlı qüvvənin əlbir, sinxron hərəkətinin müşahidə edilməsi, bir mərkəzdən təlimat alıblarmış kimi, rabitəli fəaliyyət göstərmələridir. Həmin qüvvələri isə belə qruplaşdırmaq olar:

1. Əliyev hakimiyyətinin güclənməsini, qurulmaqda olan yeni dünya düzənində onun müstəqil mövqe nümayiş etdirməsini, geopolitik toqquşmalarda ölkəsinin maraqlarından çıxış etməsini arzulamayan xarici güc mərkəzləri;

2. Nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyə can atan, buna görə də Əliyev hakimiyyətinin heç bir uğurunu istəməyən və görülən hər bir müsbət işi də hər vasitəylə qaralamağa, gözdən salmağa çalışan radikal müxalifət cinahı;

3. Əliyev hakimiyyətinin uzunömürlülüyünü təmin edəcək sürətli reformaların – islahat siyasətinin hədəfi olan, əvvəlki imtiyaz, mövqe və gəlirlərinin itirilməsi ilə barışmayaraq, əlaltdan istənilən uğurlu addımı sabotaj eməyə çalışan "gizli oliqarxiya”…

Təkcə son 1 il ərzində baş verənləri ciddi analiz etsək, görərik ki, ötən müddət ərzində bu üç qüvvənin hər biri digərinin uğurlu fəaliyyəti üçün, bir növ, əlverişli zəmin yaratmaqla məşğul olub:

– xarici güclər Azərbaycan hakimiyyətinin əlinin çatmadığı müxtəlif ölkələrdə, sanki, döyüş postu, səngər quraraq oradan Prezident və ailə, komanda üzvləri əleyhinə heç bir əxlaq və hüquq səddi tanımayan aşkar ideoloji diversiya təşkil edilir;

– maraqları tapdanmış və imtiyazlarını itirmək qorxusu yaşayan oliqarxiya onların gizli informasiya dəstəkçisi və maliyyə təminatçısı rolunda çıxış edir;

– radikal müxalifət cinahı isə ölkə içində hakimiyyət əleyhinə narazılığı təşkilatandırıb ona istiqamət verən yeganə "legitim alternativ”, "xilasedici güc” qismində cəmiyyətə təqdim edilir…

Və bütün bunlar həm də o zaman baş verir ki, Qərbin enerji və kommunikasiya təchizatında strateji dəhliz kimi baxılan Azərbaycanın 3 imperiya varisi olan nəhəng qonşularıyla – Rusiya, İran və Türkiyə ilə yeni düzənin müəllifi ABŞ arasında gərginlik pik həddə çatmaqdadır.

 

"Gücə söykənməyən ədalət aciz, ədalətə söykənməyən güc isə zalım olar”

 

Şübhəsiz, tarixən Rusiya, İran və Osmanlı (Türkiyə) kimi üç nəhəng imperiyanın toqquşma və həm də uzlaşma meydanı olan və həmişə də bu üç imperiyanın tərkib hissəsi kimi proseslərdə yer alan Azərbaycan, indi artıq müstəqil dövlət olaraq, bu strateji üstünlüyündən əsas probleminin – Dağlıq Qarabağ münaqişəsinin həllində yararlanmaq istəyindədir. Ancaq Dağlıq Qarabağ münaqişəsi həm də SSRİ kimi nəhəngi çökdürmüş supergüc ABŞ-la SSRİ-nin varisi Rusiya arasında yeni mərhələdə münasibətləri çözəcək, aydınlaşdıracaq "əsas geopolitik düyün nöqtəsi” olduğundan, 15 ildir bu güclər arasında manevr edərək, balans saxlayan və səbrlə əlverişli situasiyanın yetişmə anını gözləyən Prezident Əliyev, nəhayət ki, elə bir fürsətin yetişməkdə olduğunu çox aydın şəkildə dərk edir.

Ölkənin ən məlumatlı şəxsi və həm də geopolitik güclər arasındakı balansı qoruyub saxlaya biləcək əsas siyasi lideri olaraq, Əliyev yaxşı bilir ki, getdikcə kəskinləşən ABŞ-Rusiya və ABŞ-İran münasibətlərində Azərbaycanın adı təkcə strateji dəhliz və ya post olaraq bu ölkələrin əməliyyat masası üzərində deyil, həm də bu situasiyada öz maraqlarını və haqlı mövqeyini hər an qorumağa qadir və hərbi əməliyyatlar üçün uyğun zaman gözləyən müstəqil dövlət olaraq nəzərdən keçirilir.

Belə kritik situasiyada isə Əliyevin bu güclərə qarşı dirənişini poza, mövqeyini zəiflədə, diqqətini əsas hədəfdən yayındıra bilən yalnız və yalnız bircə hal ola bilər: daxildən sabotaj, içdən zərbə, xəyanət…

Məhz içdən xəyanət olmasın, daxildən zərbə almasın, xalqla arasına nifaq salınmasın deyə, bütün təzyiqlərə baxmayaraq, Əliyev son 1 ildə başladığı sürətli islahatlar, xalqla daha sıx təmas, onunla daha da yaxınlaşma kursundan geri çəkilmir: bir tərəfdən əhalinin sosial-iqtisadi vəziyyətini, həyat şəraitini yaxşılaşdıracaq fərmanlar, sərəncamlar verir, praktik addımlar atır, o biri tərəfdən də bu addımlar "geriçəkilmə” kimi anlaşılıb maraqlı tərəfləri hakimiyyətin üzərinə ayaqlandırmasın deyə, islahat siyasətinin təhlükəsizliyini daha çevik şəkildə təmin edəcək mexanizm – peşəkar və sədaqətli generallardan ibarət komanda, müdafiə zolağı qurur.

Əslində, Əliyevin güc strukturlarında, xüsusən proseslərə təsir imkanlarına görə ən böyük əməliyyat strukturu sayılan Daxili İşlər Nazirliyi sistemində öz yetirmələri olan gənc generalları önə çəkməsinə də məhz bu kontekstdən yanaşmaq gərəkdir. İndi bu generallar təkcə Pezidentin başladığı sürətli islahatlar kursunun təhlükəsizliyini təmin etməklə vəzifələndirilməyib, həm də cəmiyyətin bütün təbəqələriylə birbaşa ünsiyyətdə olan böyük bir kontingentdə – polis sisteminin özündə belə islahat aparmaq məsuliyyətini üzərlərinə götürməyə mükəlləf ediliblər.

Şübhəsiz ki, yuxarıda sadaladığımız 3 qüvvə – xarici güclər, "gizli oliqarxiya” və radikal müxalif cinah burada da onların möhkəmlənməsini, uğur qazanmalarını istəməyəcək və hər an prosesi sabotaj etməyə çalışacaq…

Ancaq bu generallar çox yaxşı başa düşürlər ki, Paskal demiş, "gücə söykənməyən ədalət aciz, ədalətə söykənməyən güc isə zalım olar”.

İslahatlar dövründə polis dövlətin hüququ qoruyan, ədalətə söykənən güc sifəti olduqca, əhalininin rəğbətini, inam və etibarını da qazanacaq, beləliklə, heç bir qüvvə də onu öz xalqıyla üz-üzə qoymağı bacarmayacaq!

Gəlin, biz də "pis polis”lərdən uzaq duraq, qolumuzu çırmalayıb yaxşı polislərimizlə birgə, ölkəmizi xarici güclərin maraqları üçün qarşıdurmaya sürükləyən pisniyyətli və cinayətkarxislətli adamlardan hamılıqla, birgə qoruyaq! Unutmayaq: "Polis – güvən deməkdir”!



Oxşar Xəbərlər

Xəbər lenti