8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ölkəmizdə bir çox ictimai, mədəni, siyasi, hərbi, idman xadimlər, sağlıqlarında layiq olduqları fəxri adlara, sosial rifahlarının yüksəldilməsinə və digər qayğılar göstərilməmişdir. Həmin şəxslərdən biri də 80 illik ömrünün 60 ildən çoxunu yaradıcılığa həsr edərək 50 mindən çox şeir yazmış, yaratdığı nəzm əsərlərinə mahnılar bəstələnən nəğməkar-şairə Şərafət Dağıstanlı ilə söhbətimiz baş tutdu.
-Şərafət Dağıstanlı olmamışdan öncə kim idiniz?
-1939-cu ilin 22 aprelində Dağıstanın Rutul rayonunun Gilxor kəndində ziyallı-hərbiçi ailəsində dünyaya göz açmışam. Eləki, müharibə başladı atam ilə əmilərim savaş meydanına atıldılar və geri qayıtmadılar. 6 yaşım olanda isə, anam Samur çayında boğulub öldü. İki qardaşım ilə mən yetim qaldıq. Sonralar Qax rayonunda yaşayan dayım bizi himayəsinə götürdü. Qısası həyatın min bir əzab-əziyyətlərini gənc yaşlarımda öz çiyinlərimdə daşıyan yetim bir qız.
-Neçə yaşında qələmə sarıldınız?
-İlk şeirimi 11 yaşımda yazmışam. Həmin şeirimi durnalara həsr etmişdim. Çox təəsüf ki, uşaqlığımda yazdığım bütün şeirlərimi itirdim. Ümumilikdə isə 50 mindən çox nəzm əsərləri yazmışam. Hələ nə qədər çap üzünə həsrət qalmış külliyatım var.
-Yazıçı kimi formalaşmanıza hansı qələm sahiblərimizin rolu olub?
-Əslində bu Allah vergisidir. Belə amma ilk dəfə məndə bu istedadı mərhum Xalidə Hasilova görmüşdü. Sonralar Xalidə xanım məni himayəsinə götürdü, beləliklə 18 yaşıma kimi onun himayəsində böyüdüm, formalaşdım. 18 yaşımda "Karamel” fabrikində işə düzəldim, eyni zamanda yazmağıma da davam etdim. 1960-cı ildə ilk kitabım olan "Mənim arzularım” nəşr olundu. Bir il sonra Azərbaycan Dövlət Universitetinə ( indiki BDU ) daxil oldum. O zaman müəllimim olmuş Mir Cəlal Paşayevin də mənə mənəvi dəstəkləri çox olub. Eləcə də Nəsir İmanquliyev, İslam Səfərli, İmran Qasımovun yaxşılıqlarını unutmamışam.
-Hansı şeirinizlə məşhurlaşdınız?
-"Bağban məni yaralama”, "Gəz axtar məni”, "Olmur”, "Sənsiz” və digərlərini qeyd edərdim. Şeirlərimin çoxuna sonralar mahnılar bəstələndi.
-Şeirləriniz hansı xanəndələrin dili ilə ifa olundu?
-Xan Şuşinski, Arif Babayev, Yaqub Məmmədov, Mütəllim Mütəllimov, Mənsum İbrahimov, Tacir, Könül Xasıyeva, Könül Kərimova, Mələkxanım Əyyubova və digərləri
-Neçənci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüsünüz?
-2008-ci ildən.
-11 yaşından qələmə sarılan, 1960-cı ildə ilk kitabı nəşr olunan, 50 mindən çox nəzm əsərləri yazmış, şeirlərinə mahnılar bəstələnən bir yazıçı AYB-ə niyə belə gec üzv olub?
-Bir müddət Moskvada yaşayan xəstə qardaşımın yanına köçüb ona xidmət göstərməli oldum. Nəticədə bir müddət yaradıcılıqdan uzaq düşdüm. Sonralar yenidən yazmağa başladım. Başda Varvara Konstantinovna olmaqla Azərbaycanda yaşayan bir çox rus yazıçıları şeirlərimi rus dilinə tərcümə etməyə başladılar. O dövrdə çox məşhur olan "Oqonyok”, "Veçernaya Moskva”, "Sovetskaya Jenşina” jurnallarında dərc olunurdu. O vaxtlar məsuliyyətsizlik edərək, sənədlərimi toplayıb Rusiya YB-nə sənədlərimi təqdim etmədim. Qardaşım rəhmətə gedəndən sonra yenidən vətənə qayıtdım. 20 il bundan əvvəl isə sənədlərimi AYB-ə təqdim etməyimə baxmayaraq kadlar idarəsi ilə karguzarlıqda çalışanların məsuliyyətsizlikləri ucbatından sənədlərim itbata düşdü. Mən də məsuliyyətsizlik edərək vaxtında bu məsələnin üstünə düşmədim.
-80 illik ömrə sahib, onun 60 ildən çoxunu yazıb-yaratmış Şərafət Dağıstanlıya hökumət, dövlət tərəfindən hansı qayğılar göstərilib?
-Bu vaxta kimi mənə heç bir qayğı göstərilməyib. Uzun illərdir evsizəm, hətta qeydiyyatım belə yoxdu, havada qalmışam. Fəxri adlara da layiq görülməmişəm. Bir çox xəstəliklərdən əziyyət çəkirəm, gözümün biri görmür, digəri də zəif görür, aldığım təqaüd heç dərmanlarımın xərcini belə ödəmir.
-Sıxıntılarınızla bağlı hara, kimlərə müraciət etmisiniz?
-Hamıya! Əvvəlcə AYB-in sədri Anara müraciət etdim, laqeydlik göstərdi. Ardınca ombusdman Elmira Süleymanovanın, "Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi”nin sədri Hicran Hüseynovanın qəbulunda oldum. Hər ikisi "əlimizdən gələni edəcəyik”-deyə vəd etsələr də, sonradan onlardan səs çıxmadığını görərək I xanımın adına həm məktub yazdım, həm də borcla nəşr etdirdiyim 800 səhifəlik kitabımı göndərdim. Ən sonda Prezidentə yazdım. Kimə yazdımsa, hansı qapını döydümsə nə səs verən oldu, nə də hayıma yetən. Ömrümün böyük bir hissəsini yaradıcılığa həsr etmişəm, 50 mindən çox şeir yazmışam, amma səfil kimi sürünürəm.
-Şeirlərinizi ifa edərək məşhurlaşan xanəndələrdəmi sizə kömək əli uzatmayıblar?
-And olsun ki, uzun illərdir tanıdığım xanəndələrdən heç biri, nə halımla maraqlanıb, nə də əl tutub. Çoxlarına acınacaqlı durumda olduğumu bildirsəm də, heç bir cavab gəlməyib. Sonuncu dəfə Tacirdən xahiş etdim ki, heç olmasa dərmanlarımın alınmasında mənə köməklik etsin. Söz versə də, sözü havada qaldı.
-Şərafət xanım, sonda AYB-nə, hökumətə nə demək istərdiniz?
-Çox xahiş edirəm ki, 60 ildən artıq yaradıcılığımı nəzərə alıb, mənə fəxri ad verilsin, mənzillə təmin etsinlər, xəstəliklərimlə bağlı lazımi köməkliklərini əsirgəməsinlər. Əlavə olaraq, hələ də nəşr olunmayan külliyatımın nəşr olunması üçün dəstək versinlər. Nə qədər sağam əsərlərimi xalqa, oxuculara çatdırmaq istəyirəm.
Abdulla İsmayıloğlu,
"Yeni Sözçü” qəzeti